əvvəli
Aşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü.
Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız.
Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi.
Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.
Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.
Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.
Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.
Qırx incəbel qızlardan birinə Aşıq Cünunu göstərib dedi:
– Get, o aşağı buraya çağır.
Qarabaş getdi. Aşıq Cünun baxdı imarətin qapısından bir qız çıxdı,
budu ona tərəf gəlir. Aşıq Cünun qabaqca qorxdu. Elə əkilmək istəyirdi,
qız gəlib çatdı ki:
– Aşıq, Rum paşasının qızı Məhbub xanım səni çağırır.
Aşıq Cünun gördü yox bu, qəzəbdən deyil, deyəsən iş var. Qarabaşla
Məhbub xanımın yanına gəldi.
Məhbub xanım aşığa yer göstərdi, elə ki, aşıq Cünun əyləşdi, qız
soruşdu:
– Aşıq, kimsən? Haradan gəlibsən? Hara gedirsən? Sizin yerlər
necə yerdi? Mənə bir qədər söhbət elə.
Aldı aşıq Cünun, görək nə dedi:
Mərd oylağı Çənlibeldi,
Məhbub xanım, bizim yerlər,
Dəliləri durna telli
Məhbub xanım, bizim yerlər.
Dağları var alçaq-uca,
Əylər qəflə, tacir, xoca,
Tutulub hasarlı burca,
Məhbub xanım, bizim yerlər.
Eyvazbalı ordu basan,
Bəlli Əhməd bərə pusan,
Dəmirçioğlu Dəli Həsən
Məhbub xanım, bizim yerlər.
Dəliləri qoşa-qoşa,
Düşman görsə çəkər haşa,
Bata bilməz sultan, paşa,
Məhbub xanım, bizim yerlər.
Gülü, nərgizi bitəndə,
Tuti qumrular ötəndə,
Cünun çənliyə yetəndə,
Məhbub xanım, bizim yerlər.
Aşıq Cünun sözünü tamam elədi. Məhbub xanım dedi:
– Aşıq, sizin bu yerin bir yiyəsi varmı? Dəlilərin sərkərdəsi kimdi?
Aşıq Cünun dedi:
– Xanım, qulaq as deyim.
Aldı, aşıq Cünun:
Nərə çəkib düşman üstə gedəndə,
Meydanda göstərir hünər Koroğlu!
Qulaş qolun gərib şeşpər atanda
Vurar dağı-daşı dələr Koroğlu!
Bilmək olmaz onun fitnə-felini,
Namərd qoya bilməz yerə belini,
Yön çevirsə yıxar şahlar evini,
Qoymaz ölkənizdə mələr Koroğlu!
Düşər hərdən paşalarla davası,
Kəsilməz savaşı, cəngi, qovqası,
Cünun deyər Çənlibelin ağası,
Yeddi min dəliyə sərkər Koroğlu!
Söz tamama yetişdi. Məhbub xanım dedi:
– Aşıq Cünun, sən ki, Koroğlunu bu qədər təriflədin, əyər iyid isə
gəlsin məni də Çənlibelə aparsın.
Aşıq Cünuna da elə bu lazım idi. Ayağa durub, görüşüb məclisdən
çıxdı. Ağamı allah saxlasın, birbaş Çənlibel deyib yol gedib, gəlib
axırda Çənlibelə yetişdi.
Koroğlu ayağa durdu, aşığın qabağına çıxdı, gətirib öz yanında əyləşdirdi.
Aşıq yedi, içdi, elə ki, toqqanın altını bərkitdi, Koroğlu soruşdu:
– Aşıq Cünun, Çənlibeldən çoxdan çıxıbsan. De görək nə gördün,
nə eşitdin?
Aşıq Cünun dedi:
– Koroğlu, bu dəfə gördüyümü dil ilə desəm dilimi yandırar. Qoy
saz ilə deyim.
Aşıq Cünun üç telli sazı döşünə basıb başladı:
Gedərkən çıxdı qarşıma,
Məhbub xanım, Məhbub xanım.
Sevdasın saldı başıma,
Məhbub xanım, Məhbub xanım.
Gözü göyçək, qaşı qələm,
Olmaz belə şirin kəlam,
Çəkər həsrətini aləm
Məhbub xanım, Məhbub xanım.
Duruşu bənzər tərlana,
Gözəl doğub, gözəl ana,
Töküb tellərin gərdana,
Məhbub xanım, Məhbub xanım.
Dəli könül talaşında,
Can qovrulu ataşında,
Qırx incə qız var başında,
Məhbub xanım, Məhbub xanım.
Aşıq Cünun çəkər nazı,
Ürək açar xoş avazı,
Rum elində paşa qızı,
Məhbub xanım, Məhbub xanım.
Aşıq Cünun sazla dediyi kimi sözlə də əhvalatı nağıl eləyib dedi
ki, Məhbub xanım dedi: – “Əgər kişidirsə gəlib məni də Çənlibelə
aparsın” – Nigar xanım bu sözü eşitcək Koroğluya dedi:
– O ki buraya gəlmək istəyir, gətirməmək namərdlik olar. Bir də
ki, Rum gözəllərini çox tərifləyirlər. Hökman gərək gedib Məhbub
xanımı gətirəsiniz.
Koroğlu Qıratı çəkdirdi, yəhərlətdirdi, qılınc-qalxan götürdü, çiyninə
də saz keçirtdi. Atlanmaq istəyəndə dəlilər:
– Bizi də özünnən apar, – dedilər.
Koroğlu razı olmadı. Xanımlarla, dəlilərlə halallaşıb Qıratı mindi.
Tək-tənha Ruma tərəf getməyə başladı. Alçaqlar keçdi, ucalar aşdı,
yel oldu əsdi, mənzillər kəsdi axırda gəlib Rum elinə çatdı.
Koroğlu Qıratın üstündə, çiynində saz gedirdi, işə bax ki, Məhbub
xanım da yenə küləfirəngidən baxırdı. Koroğlunu aşıq hesab eləyib
qarabaşını göndərib yanına çağırtdırdı. Koroğlu gəldi, düşdü Qıratı bir
yanda bağlayıb içəri girdi. Məhbub xanım hörmətlə ona yer göstərdi.
Özü də qırx incəbel qızla yanında əyləşib dedi:
– Aşıq, gəlişin hardandı? Bir qədər söhbət elə, qulaq asaq.
Aldı Koroğlu, görək nə dedi:
Qırata sarılıb düşmüşəm yola,
Urum deyib Çənlibeldən gəlirəm.
Gümüş qolçaqları bağlayıb qola
Polad geyib Çənlibeldən gəlirəm.
Dolanıb dağları gəzmişəm əzəl,
Hayvalı bağlarım görməyib xəzəl,
Bu Rum ölkəsində bir türfə gözəl,
Seçib sevib, Çənlibeldən gəlirəm.
Məhbub xanım “Çənlibeldən gəlirəm” deməsindən bildi ki, bu
Koroğludu. Dedi:
– Belə deməkdə yerin var. Söylə görək Rum elində sevdiyin gözəlin
adı nədi? Kimin qızıdı?
Məhbub xanım belə deməkdə Koroğluya işarə eləyib bu işi yanındakı
qızlardan gizlətmək istəyirdi. Ancaq Koroğlu işarəyə baxan deyildi.
Onunku mərd-mərdanə idi. Dedi:
Koroğlunun dəlilərdi imdadı,
Qılınc çəkdi, hasil ola muradı.
Rumlu paşa qızı, Məhbubdu adı,
Məhbub deyib, Çənlibeldən gəlirəm.
Söz tamam oldu. Məhbub xanımın əmisi qızı Şirin xanım da qızların
içində idi. Özü də əmisi qızının xatirini çox istəyirdi. Baxdı ki, bu
sözdən qızların arasına çaxna-vaxna düşüb, odu ki, tez dedi:
– Ay qızlar, aşığın qaydasıdı, yar-yar deyər, dilbər deyər, Məhbub
söyləyər. Məhbub istəkli deməkdi. Yoxsa fikrinizə ayrı şey gəlməsin.
Qərəz, Şirin xanım qızları sağ saldı. Bir az keçdi, elə ki, qızlar durub
çıxıb getdilər, Koroğlu yeyib, içib başını atıb yatdı. Bu yatmaqla
Koroğlu düz sabaha kimi bir yanı üstə yatdı. Dünya – aləmdən xəbəri
olmadı. Elə ki, səhər açıldı, durdu, yenə yedi, içdi, geyinib çıxmaq
istəyəndə Məhbub xanım dedi:
– Koroğlu, belə haraya getmək istəyirsən?
Koroğlu cavab verdi ki, şəhəri gəzmək istəyirəm, tez qayıdacağam.
Sən də hazırlaş, gəlim gedək.
Məhbub xanım dedi:
– Yaraqsız, yasaqsız getmə. Atam buraya gəlməyini bilər, səni tutdurar.
Koroğlu dedi:
– Mən heç kəsdən qorxub gizlənən deyiləm.
Məhbub xanım çox dedi, Koroğlu az eşitdi. Axırda onun sözünə
baxmayıb şəhərə çıxdı.
Rum əhli Koroğlunun tamaşasına yığışmışdı. Hamı onun təhərtöhürünə,
boy-buxununa baxıb mat qalmışdı. Axırda söz gedib paşaya
çatıb ki, bəs Ruma bir adam gəlib təhər-töhüründən heç bizim yerin
adamlarına oxşamır.
Paşa üç nəfər göndərdi ki, gedin mənim yanıma gətirin. Paşanın
adamları Koroğlunun yanına gəldilər ki, paşa səni çağırır.
Koroğlu dedi:
– Mən paşa-maşa tanımıram. İşi varsa özü gəlsin, mənim yanıma.
Paşanın adamları Koroğlunu güclə aparmaq istədilər. Koroğlu bir
dedi əl çəkin məndən, iki dedi əl çəkin məndən, gördü yox, olmayacaq,
bunlar elə ora-burasını çəkişdirirlər. Axırda hirslənib onların
üstünə düşdü. Elə bir-iki dəfə əl tovlayan kimi gələnlərdən ikisi mitil
kimi yerə düşüb cəhənnəmə vasil oldu. Biri bir təhər aradan çıxıb
özünü paşaya yetirib əhvalatı ona nağıl elədi.
Paşa bu dəfə 15 adam göndərib, dedi:
– Gedin, onun ya dirisini gətirin, ya ölüsünü.
Koroğlu bir də baxdı ki, on beş nəfər yasaqlı adam siyirmə qılıncla
ətrafı tutdular. Koroğlu baxdı ki, tay ayrı əlac yoxdu. Qılıncı çəkib düşdü
bunların üstünə. Gələnlərdən ikicəsi salamat qalıb təngənəfəs özlərini
paşanın yanına saldılar. Paşa acıqlanıb iki yüz yaraqlı-yasaqlı adamla
Koroğluya hücum elədi. Koroğlu qılınc çəkib onların qabağına çıxdı.
Xeyli vuruşdu, çox adam öldürdü. Paşanın adamları davam eləyə bilməyib
qaçmağa üz qoydular. Paşa gördü yox, buna yüz, iki yüz qoşun kar
salan deyil. Əmr elədi, bütün qoşun yeridi. Koroğlu şiri-nər kimi meydana
girib gün batana kimi onlardan qırdı. Amma piyadalıq ona üz
vermişdi. Vuruşa-vuruşa özünə yol açıb özünü Qırata çatdırmaq istəyirdi.
Bu burada mərdanə qılınc vurmaqda olsun, sənə kimdən deyim
paşadan. Paşa gördü, beləliklə Koroğlu bu qoşunu qırıb qurtaracaq. Rum
əhlinə hökm elədi, Koroğlunun yolunun ağzında bir quyu qazıb üstünü
də örtsünlər. Koroğlu qılınc vura-vura qoşunu dağıdıb yol aça-aça Qırata
tərəf gedəndə birdən-birə quyuya düşdü. Qoşun hər yandan tökülüb
onun qollarını bağlayıb paşanın yanına gətirdilər. O saat paşa hökm
elədi ki, Koroğlunun boynunu vursunlar. Vəzir irəliyə yeriyib dedi:
– Paşa sağ olsun, buna qoç Koroğlu deyərlər. Bunun Çənlibeldə
yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var. Yeriyib Rum elini
dağıdarlar. Koroğlunu hələlik zindana saldır. Görək başımıza nə gəlir.
Paşa vəzirin məsləhətinə razı olub Koroğlunu zindana saldırdı.
Koroğlu zindanda qalmaqda olsun, sənə Çənlibeldə dəlilərdən
xəbər verim. Dəlilər çox gözlədilər Koroğlu qayıtmadı. Bildilər ki,
dara düşüb. Çox fikirləşəndən sonra dalısınca adam göndərəsi oldular.
Belə deyirlər ki, bir uzaq səfərə getmək lazım olanda özünə umudu
gələn dəlilər öz aralarında püşk atardılar. Püşk hər kimə düşsə, o
səfərə haman dəli gedərdi.
Bu dəfə də püşk atdılar. Püşk Əhmədnən Dəli Həsənə düşdü. Bəlli
Əhməd çəkdi Ağcaquzunu yəhərlədi, Dəli Həsən də Düratı mindi, hər
ikisi yaraxlandı, altdan-üstdən qurşanıb Ruma yola düşdülər. Aşırımlar
aşdılar, keçirimlər keçdilər, özlərini Ruma yetirdilər. Dəlilər Ruma
çatanda gecə idi. Hamı yatmışdı. At üstündə şəhərdə dolanırdılar. Bir
də gördülər ki, bir yerdə bir xeyli yaraqlı adam keşik çəkir. Bəlli
Əhməd soruşdu:
– Gecə vaxtı burda nə eləyirsiniz?
Keşikçilərdən biri dedi:
– Çənlibelli Koroğlu burada dustaqdı. Ona keşik çəkirik.
Dəli Həsən bu sözü eşidən kimi qılıncını çəkib, döşəndi bunlara.
Keşikçilər davam gətirə bilməyib qaçıb dağıldılar. Dəlilər atdan düşüb
özlərini zindana saldılar. Gördülər Koroğlu dardadı. Bəlli Əhməd
götürdü görək nə dedi:
Dara düşübsən Koroğlu,
Yetişdik, budu yetişdik.
Hara düşübsən Koroğlu,
Yetişdik, budu yetişdik.
Aldı Koroğlu:
Yaxşı yetişdiz dadıma,
Bəlli Əhməd, Dəli Həsən.
Bəlkə çatam muradıma,
Bəlli Əhməd, Dəli Həsən!
Dəli Həsən:
Ağcaquzum şuqutmağa,
Düşman qanın axıtmağa,
Bu zindanı dağımağa,
Yetişdik budu yetişdik
Koroğlu:
Peymanamdı dolha-dolda,
Halqa zəncir bağlı qolda,
Məhbub, Şirin gözü yolda,
Bəlli Əhməd, Dəli Həsən!
Bəlli Əhməd:
Misri qılınclar toyladıq,
Dərin dəryalar boyladıq,
Keşikçiləri qoyladıq,
Yetişdik, budu yetişdik.
Koroğlu:
Koroğlu qaynayıb coşa,
Şeşpəri getməyə boşa,
Qaça qabağından paşa,
Bəlli Əhməd, Dəli Həsən!
Dəlilər Koroğlunun qollarını açıb, zindandan çıxartdılar. Koroğlu
dedi:
– Gedək, Qıratı tapmaq lazımdı.
Deyirlər Koroğlu zindana düşəndə Məhbub xanımla Şirin xanım
onun qılıncını, qalxanını gizlədib, Qıratı da ot-ələf verib saxlayırdılar.
Koroğlu dəlilər ilə Məhbub xanımın yanına gəldilər. Koroğlu
Məhbub xanımı görəndə aldı, görək nə dedi:
Yolum düşüb Çənlibelə,
Məhbub xanım, Şirin xanım.
Geyin gedək bizim elə
Məhbub xanım, Şirin xanım,
Aldı Məhbub xanım:
De görək, bu nə səfərdi,
Ay Koroğlu, ay Koroğlu,
Paşa bundan bixəbərdi,
Bay Koroğlu, bay Koroğlu...
Koroğlu:
Qızıb çəkərəm haşanı,
İndi qılın tamaşanı,
Bir muy saymaram paşanı,
Məhbub xanım, Şirin xanım!
Aldı Şirin xanım:
Düşman səndən qisas alar,
Meydan açıb, qılınc çalar,
Axan qanlar axır olar,
Çay Koroğlu, çay Koroğlu.
Koroğlu:
Koroğlu mayıl saçına,
Gözəlliyin şux tacına.
Qarğalar neylər laçına,
Məhbub xanım, Şirin xanım!
Məhbub xanım:
Gözəllər qadanı ala,
Eşqin dəryasına dala,
Qorxuram əməyin ola,
Zay Koroğlu, zay Koroğlu!
Koroğlu ayağa qalxdı. Qılınc bağladı, qalxanını keçirdi. Qıratın
belinə qalxdı. Dəlilər də atlandılar.
Koroğlu üzünü dəlilərə tutub dedi:
– Bu yolda iyidlik, mərdlik göstərmisiniz. Məhbub xanımı, Bəlli
Əhməd, sənə, Şirin xanımı da, Dəli Həsən, sənə verirəm. Götürün
gedək.
Bəlli Əhməd Məhbub xanımı Ağcaquzunun tərkinə, Dəli Həsən
də Şirin xanımı Düratın tərkinə çəkib yola düşdülər. O tərəfdən
keşikçilərdən salamat qurtaranlar özlərini paşaya yetirdilər, dedilər:
– Çənlibeldən iki atlı gəlmişdi. Koroğlunu da zindandan çıxartdılar.
Paşa hökm elədi. Qoşun gecə gözü atlandılar yola düşdülər. Koroğlu
gördü qoşun yetişir, aldı görək nə dedi:
Misri qılınc alın ələ,
Siz o yandan, mən bu yandan,
Al qanı döndərək selə,
Siz o yandan, mən bu yandan.
Paşanın qəddini bükək,
Başlar kəsib yerə tökək,
Müxənnətə qılınc çəkək,
Siz o yandan, mən bu yandan.
Dönüm mərd iyid başına,
Gəldiz Koroğlu xoşuna,
Qan udduraq bu qoşuna,
Siz o yandan, mən bu yandan.
Söz tamam oldu. Üç nəfər özlərini qoşuna vurdular. Gecə vaxtı
Koroğlu bir yandan, Bəlli Əhməd bir yandan, Dəli Həsən də bir yandan
qoşunu qırmağa başladılar. Koroğlu hərdən nərə çəkib qılınc vuranda
qoşun əhli qorxusundan ağacda yarpaq əsən kimi əsirdi. Axırda dəlilər
qoşunu yarıb aradan çıxdılar. Məhbub xanım Bəlli Əhmədin, Şirin
xanım da Dəli Həsənin tərkində üz Çardaxlı Çənlibelə qoydular.
davamı