Sahibkarın ölümü ilə bağlı cinayət işinə xitam verilib

İstintaq zamanı kiçik sahibkarın özünü öldürməyə vadar edilməsi sübuta yetirilməyib

Şəkidə intihar etmiş sahibkar Hikmət Səlimovun ölümü ilə bağlı cinayət işinə xitam verilib.

Bu barədə AzadlıqRadiosuna Şəki rayon prokurorunun köməkçisi Emil Qəhrəmanov deyib. O, bildirib ki, istintaq zamanı kiçik sahibkarın özünü öldürməyə vadar edilməsi sübuta yetirilməyib.

H. Səlimov bu il fevralın 3-də ticarət obyektinin qanunsuz sökülməsinə etiraz olaraq özünü Kiş çayının üzərindəki körpüdən atıb.

Sahibkarın ölümündən sonra Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanov və şəhərin baş memarı Yusif Abdurahmanov həbs olunmuşdu.

H. Səlimovun ailəsi və yaxınları iddia edirdilər ki, həmin vəzifəlilər onu özünü öldürmə həddinə çatdırıblar. Onların göstərişi əsasında obyektin bir hissəsi traktor-ekskavatorla dağıdılıb.

Məhkəmə isə hər iki keçmiş məmuru təkcə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə mühakimə edib.

Özünüöldürmə həddinə çatdırma maddəsi üzrə başlanmış cinayət işi isə prokurorluqda ayrıca icraata verilib.

Eldəniz Qəhrəmanova 1 il 6 ay, Yusif Abdurahmanova isə 11 ay şərti cəza hökmü çıxarılıb.

Keçmiş məmurlar azadlığa buraxılandan bir neçə gün sonra intihar faktı üzrə cinayət işinə də xitam verilib.