Novruzəli Məmmədovun ailəsinin iddiası təmin olunmadı

Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi
Yanvarın 27-də Nəsimi rayon məhkəməsində «Tolişi Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun ailəsinin dövlət orqanlarına qarşı irəli sürdüyü iddia üzrə son məhkəmə iclası keçirilib. Mərhumun ailəsi onun ölümünə görə Maliyyə Nazirliyindən və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, Baş İdarəsindən, 15 saylı cəzaçəkmə müəssisəsindən və Penitensiar Xidmətin müalicə müəssisəsindən mənəvi zərər qismində 3 milyon manat tələb edirdi. Ailə üzvlərinin iddiasına görə, Novruzəli Məmmədov cəza çəkdiyi cəzaçəkmə müəssisəsində ona qoyulmuş diaqnoz üzrə düzgün müalicə olunmayıb və bu səbəbdən də ölüb.

Məhkəmənin gedişində cavabdeh tərəf etiraf edib ki, Novruzəli Məmmədovun ürəyi, böyrəyi və qara ciyəri sağlam olub. İddiaçıların vəkili Ramiz Məmmədov belə olan halda nəyə görə Novruzəli Məmmədova həmin xəstəliklərlə əlaqəli dərmanların təyin edildiyini soruşub.

Məhkəmədə cavabdeh qismində iştirak edən Penitensiar Xidmətin Tibb Baş İdarəsinin nümayəndəsi İftixar Qurbanov bunun səbəbini məhkəməyə izah edə bilməyib.

İddia tərəfi Novruzəli Məmmədova cəzaçəkmə müəssisəsində təyin olunmuş müalicələrin onun ağır durumuna adekvat olub-olmadığının yoxlanılmasını da tələb edib. Məhkəmə ekspertizası təyin olunub və müalicənin diaqnozlara uyğun olaraq aparıldığı barədə ekspertiza rəyi açıqlanıb. Ailə üzvləri isə rəyə şübhə ilə yanaşdıqlarını bildiriblər.

«Tolışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən onun baş-beyin işemik ifarktından öldüyü bildirilirdi.

O, 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ailənin səlahiyyətli nümayəndəsi hüquqşünas Mətləb Mütəllimli AzadlıqRadiosuna bildirib ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti veriləcək.