Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

Jurnalistin ailəsi məhkəmə ekspertizasının rəyi ilə razılaşmadı


«Tolışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2009-cu ildə Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib
«Tolişi-Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun ailə üzvləri Məryəm Məmmədova və Emil Məmmədovun iddiası üzrə məhkəmə prosesi davam edir.

Proses Nəsimi rayon məhkəməsində keçirilir.

Onlar Novruzəli Məmmədovun ölümü ilə bağlı Maliyyə Nazirliyini, Penitensiar Xidməti, Tibb Baş İdarəsini, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı iddia qaldırıblar.

Bir müddət əvvəl mərhumun ailəsinin vəkili Ramiz Məmmədov məhkəmədə vəsatət qaldırmışdı ki, Novruzəli Məmmədova cəzaçəkmə müəssisəsində təyin olunmuş müalicələrin onun ağır durumuna adekvat olub-olmadığı yoxlanılsın. Hakim İkram Şirinov vəsatəti təmin etmiş və məhkəmə ekspertizası təyin olunmuşdu.

Yanvarın 26-da məhkəmə ekspertizasının rəyi məhkəmədə elan olunub. Məlum olub ki, məhkəmə ekspertizasının rəyi əvvəlki rəyə oxşardır. Əvvəlki rəydə Novruzəli Məmmədovun müalicəsinin tibbi kartlarda göstərilən diaqnozlara uyğun olaraq müalicə aparıldığı göstərilirdi.

Məhkəmədə son çıxışını edən vəkil məhkəmə ekspertizasının nəticəsi ilə razılaşmadığını söyləyib.

Ramiz Məmmədov AzadlıqRadiosuna bildirib: «Mən vəsatət vermişdim ki, müstəqil hüquqşünaslar və xaricdən ekspertlər dəvət edilsin, çünki yerli ekspertlərə inam yoxdur. Yerli ekspertlər dövlətdən asılı vəziyyətdədir, onlara təsir mexanizmi var. Məsələni də belə qoymuşdum ki, istər hüquqşünaslar, istərsə də ekspertlər bu işdə marağı olmayan şəxslər olmalıdır. Ancaq vəsatətim təmin olunmadı. Bu gün isə məhkəmə elan etdi ki, Novruzəli Məmmədova təyin olunmuş müalicələr onun xəstəliyinə uyğun olub. Bizdəsə buna böyük şübhə var».

Yanvarın 27-də Novruzəli Məmmədovun ailə üzvlərinin iddiası üzrə məhkəmə qətnaməsi elan olunacaq.

«Tolışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən onun baş-beyin işemik infarktından öldüyü bildirilirdi.

Mərhumun ailəsi saxlanıldığı cəzaçəkmə müəssisəsində ona lazımi tibbi xidmət göstərilmədiyini, düzgün diaqnoz qoyulmadığını və müalicəsinin düzgün aparılmadığını, ölümün də bu səbəbdən baş verdiyini iddia edir. Ailə Penitensiar Xidmətin Baş İdarəsindən 3 milyon manat kompensasiya tələb edir.
XS
SM
MD
LG