Azərbaycanlı «talibançılar» Pakistanda aşpazlıq edirmişlər

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə

Avqustun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar Mikayılovun sədrliyi ilə Əfqanıstanda və Pakistanda vuruşmaqda təqsirləndirilən Vüqar Hüseynovun və Rauf Abdullayevin məhkəməsi davam edib.

Bugünkü prosesdə şahidlər dindirilib. Bu məhkəmə işində keçən şahidlər hazırda eyni ittihamlarla hakim Əfqan Hacıyevin sədrliyi ilə mühakimə edilən azərbaycanlı dustaqlardır. Şahidlər bildiriblər ki, hər iki təqsirləndirilən şəxsi ötən il Pakistan da görüblər. Lakin həmin şəxslər döyüşə girməyiblər, arxa cəbhədə aşpazlıq etməklə məşğul olublar. Həmçinin, Pakistana gəldikləri gündən geri qayıtmaq fikrinə düşüblər və bir müddət sonra vətənə qayıdıblar.

Vəkil Elman Osmanovun bildirdiyinə görə, təqsirləndirilən şəxs Rauf Abdullayev Qarabağ əlilidir, hər iki övladı da əlildir. Əvvəllər istintaq orqanının Rauf Abdullayevi həbs etmək fikri olmayıb. O, son anda, iş üzrə materiallar məhkəmə baxışına göndərildiyi ərəfədə həbs olunub.
Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.

İttihama görə, Vüqar Hüseynov və Rauf Abdullayev 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Hər iki şəxs orada bir neçə ay döyüşdükdən sonra Azərbaycana qayıdıblar. Bu ilin yanvarında hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.