Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:58

Azərbaycanlı «talibançılar»ın məhkəməsi başlandı


Əfqanıstanda Taliban döyüşçüləri, 26 sentyabr 2008
Əfqanıstanda Taliban döyüşçüləri, 26 sentyabr 2008
İyulun 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə talibançıların silahlı birləşmələrində iştirak etməkdə ittiham olunan 13 nəfər Azərbaycan vətəndaşının məhkəməsi başlandı.

İTTİHAM

Onlar – Şakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaqda, onları silahla, döyüş sursatı, əsgəri ləvazimatla təchiz etməkdə, qanunsuz olaraq odlu silah, partlayıcı maddələr, qurğular əldə etməkdə, sərhədi qanunsuz keçməkdə ittiham olunurlar.

İttihamnamədə göstərilir ki, onlar Pakistanda talibançıların düşərgələrində hərbi təlimlər keçəndən sonra Əfqanıstana gedib oradakı Azərbaycan və digər koalisiya qüvvələrinə qarşı vuruşacaqlarmış.

İstintaq materiallarında 13 nəfərin hamısının dini radikallar olduğu da bildirilir.

İttiham olunanların çoxu özlərini qismən təqsirli saydıqlarını, bir neçəsi isə günahkar bilmədiklərini dedilər.

«ORADA AMERİKALILARA QARŞI VURUŞACAQDIQ»

Təqsirləndirilən Araz Kəngərli dedi ki, keçən ilin yayında Astaradan İrana keçib. Pakistana keçəndən sonra Əfqanıstanla sərhəddəki Şimali Vəziristan əyalətinə gəlib. Burda Miranşah şəhərində bazardan özünə avtomat silah alıb. Onu qarşılayan Səfərəli adlı şəxslə Talibanın düşərgəsinə gedib:

«Orada amerikalılara qarşı vuruşacaqdıq. Talibançılarla birlikdə dağlarda işğalçıları axtarırdıq. Ancaq onlara rast gəlmədim. 2 ay qalandan sonra yenidən İrana, oradan da qaçaq yoluyla Azərbaycana qayıtdım».

Telman İsayevsə dedi ki, «bizə radikal deməyin, deyirsinizsə, bunu izah edin». O da keçən ilin avqustunda İrana, oradan Pakistana, Əfqanıstanla sərhəddəki Şimali Vəziristana gedib: «12 nəfərlik dəstəyə qoşulmuşdum. Silahı mənə orada vermişdilər. 1 ay qaldım, Ramazan ayı idi. Döyüşlər olmadığından qayıtdım».

Tural Soltanovsa dedi ki, talibançıların düşərgəsində 10 gün təlim keçib. Oradakı şərait təsəvvür elədiyi kimi olmayıb, həm də malyariya xəstəliyinə tutulub. Bundan sonra Azərbaycana qayıdıb.

Cahangir Bağırovsa Pakistana dini təhsil dalıyca getdiyini bildirib. Əyyub Zeynalovsa dini, hərbi dərslər keçdiklərini dedi. Seymur Əhədovsa orada daha çox qalıb. Səbəbi isə məsciddə olanda bomba düşməsi nəticəsində ayağından yaralanması olub. Buna görə 4 ay Pişəvərdə xəstəxanada müalicə olunub.

Təqsirlənənlər ifadələrində adlarını çəkməsələr də deyirdilər ki, onlar dini alimlərdən öyrəniblər ki, cihad etmək cinayət deyil, ona görə də Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşmaq istəyiblər.

Müdafiə tərəfi isə bildirir ki, təqsirlənənlər elədikləri hərəkətin cinayət olduğunu dərk etməyiblər. Vəkil Arzu Alıyeva:

«Bizim qanunvericiliyə görə, onların etdikləri cinayətdir. Ancaq təqsirləndirilənlərin dini baxışlarına görə, bu cinayət sayılmır, özləri də bunu deyirlər. Onlar cinayət törətdiklərini dərk eləməyiblər. Onlar belə hesab ediblər ki, müsəlman kimi ora gedə, müsəlmanları müdafiə məqsədi ilə dəstə yarada bilərlər, onlar bunu cinayət saymırlar. Ona görə də gedib Talibana qoşulublar».

Yaxınları isə deyirlər ki, təqsirlənənlər evdə onlara dini təhsil dalıyca getdiklərini deyibmişlər. Onların saxlanılmaları haqqında isə həbslərindən 1 ay sonra xəbər tutublar.

Məhkəmə prosesi təqsirlənənlərin ifadələriylə davam edir.
XS
SM
MD
LG