Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşə bilər

Ermənistan prezidentinin mətbuat katibi prezidentlərin hər hansı görüş planlaşdırmadığını deyir

İyulun 21-dən 22-dək prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin qeyri-rəsmi samitində iştirak edəcək. Artıq bir neçə ildir ki, Rusiya prezidenti Vladimir Putin MDB liderlərini Moskvaya qeyri-rəsmi görüşə dəvət edir.


Bu cür görüşlərin məqsədi MDB-də islahatları, həmçinin beynəlxalq məsələləri dəqiq gündəlik olmadan, rahat müzakirə etməkdir. Bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib.


MDB 1991-ci ildə yaradılıb. Hazırda onun 12 üzvü var - 3 Cənubi Qafqaz, 5 Orta Asiya respublikası, daha sonra Ukrayna, Belarus, Moldova və Rusiya.


Sovet İttifaqı dağılandan sonra post-sovet ölkələrinin qurumu kimi yaradılmış MDB-nin hazırda böhran içində olduğunu liderlər də bu qurumda islahatların vacibliyini qeyd edirlər. Birliyin hazırkı sədri - Qazaxıstan prezidenti Nursultan Nazarbayevin MDB-də islahatlar aparılmasına dair xüsusi proqram da hazırlayıb.


Turan İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev deyir ki, əslində MDB-nin fəaliyyəti ancaq samitdən-samitə gözə dəyir: «Konkret olaraq Azərbaycan MDB-dən Qarabağ münaqişəsinin həllində kömək gözləyirdi. Ancaq bu kömək olmadı».


Zəfər Quliyev MDB-nin işinin səmərəsiz olmasını onun üzvlərinin maraqlarının üst-üstə düşməməsilə izah edir.


Ekspertin sözlərinə görə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM-ın daha uğurlu inkişafının səbəbi məhz ona üzv ölkələri ümumi maraqların birləşdirməsidir: «Ancaq MDB üzvlərinin bir çoxlarının maraqları üst-üstə düşmür. Hətta bəzi üzvlər - Ermənistan və Azərbaycan müharibə vəziyyətindədir».


Zəfər Quliyev deyir ki, hansısa islahatların MDB üzvlərini ümumi bir mövqeyə gətirəcəyinə inanmır, buna görə də liderlərin Moskva görüşündən konkret nəticə gözləmir.


Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov MDB-nin qeyri-formal samiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün də baş tutacağını istisna eləməyib. Əlbəttə ki, əgər Rusiya prezidenti təşəbbüs göstərərsə. Ermənistan prezidentinin mətbuat katibi Viktor Soğomonyansa bildirib ki, belə bir görüş planlaşdırılmır.


Ekspertlərin qənaətincə, əgər bu görüş keçirilsə belə, bu Rusiya prezidenti tərəfindən bir jest ola bilər. Çünki görüşdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq yox, Rusiyanın Birləşmiş Ştatlara regionda nüfuz sahibi olmasını göstərmək olacaq.