Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:37

Oxucular daha çox Qarabağ münaqişəsi ilə bağlı yazıları oxumağa üstünlük verirlər


Azərbaycan qəzetlərinin yayımının zəif olduğu bildirilir
Azərbaycan qəzetlərinin yayımının zəif olduğu bildirilir

Azərbaycanda qəzet oxucusu daha çox Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıları oxuyur. Oxucular həmçinin bəzi ölkədaxili mövzulardansa, beynəlxalq hadisələrə dair məlumatlar və şərhlərə üstünlük verir. Altı qəzetin birlikdə keçirdiyi sorğu bu nəticəyə gəlib.


«Exo», «Zerkalo», «Gün-Səhər», «525-ci qəzet», «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin birləşdiyi qəzet naşirləri konsorsiumu şəhər və rayonlarda 26 məntəqədə - 1000 nəfər arasında sorğu keçirib. Əhalinin hansı hissəsinin qəzet oxuması, hansı mövzulara meyllənməsi və sairə öyrənilib.


Konsorsium üzvlərindən biri, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev «Azadlıq» radiosuna müsahibəsində deyir ki, sorğunun nəticələri elə də ürəkaçan deyil: «Qəzet oxucularının sayı azdır, qəzet oxuyanlarsa fikirləşir ki, bu nəşrlərin məzmun dairəsi elə də geniş deyil, qəzetlər bir-birini təkrar edir. Qəzet oxumaq istəyənlərsə onu tapmır, çünki yayım sistemi pisdir».


Azərbaycanda qəzet naşirlərinin birliyini yaratmaq təşəbbüsünə hələlik altı qəzet redaksiyası qoşulub. Konsorsium ilkin təhqiqat işləri aparır, bazarı öyrənir.


Bundan sonra mövcud problemlər, xüsusilə, yayım və çap məsələləri üzrə proqramlar hazırlanacaq.


Arif Əliyevin sözlərinə görə, konsorsiumun reklam bazarı, yayım sahəsinin, abunə işinin yenidən qurulması, çap materiallarının alınması üçün biznes planı var. Məsələn, hesablamalar göstərir ki, qəzetlər çap materiallarını mərkəzləşdirilmiş şəkildə alsalar, bu, 15-20 faiz qənaət deməkdir. Daha sonra müasir mətbəənin yaradılması üzrə də biznes layihə hazırlanır.


Bəs görəsən, bu cür konsorsium qəzet nəşri sahəsində inhisarlaşmaya gətirməyəcək ki? Arif Əliyev deyir ki, bir çox ölkələrdə jurnalist birlikləri ilə yanaşı, naşirlərin də qurumları var və onların fəaliyyəti gözəl iqtisadi nəticələr verib: «Bununla naşirlərin dairəsi qapanmır, bu təşəbbüsə meyli olan və bu işə köməyi dəyəcək KİV-lər olarsa, müəyyən şərtlər və göstəricilər daxilində bu dairəyə qəbul olunurlar».


Mətbuatın iqtisadi durumunu yaxşılaşdırmaq üçün 22 iyul – Milli Mətbuat Günü ərəfəsində daha bir təkliflər paketi hazırlanıb. Mətbuat Şurası qəzet və jurnallara verilən reklamların sayını artırmaq üçün təklif edir ki, hökumət reklamdan ödənən vergi yükünü azaltsın və bununla da şirkətlər mətbuata daha çox reklam verməkdə maraqlı olsunlar. Mətbuat Şurası həmçinin dövlətin qəzet və jurnallara qrantlar verməsini də təklif edir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG