«Türkiyə ilə Azərbaycan niyə üzbəüz danışmasın?»

Prezident İlham Əliyev və türkiyəli həmkarı Abdullah Gül, Ankara, 5 noyabr 2008

Türkiyə Xarici İşlər Nazirliyində Qafqaz və Orta Asiya İdarəsinin keçmiş rəisi, ATƏT-in Minsk Qrupunda Türkiyənin keçmiş təmsilçisi Candan Azərin «Azadlıq» radiosuna müsahibəsi

- Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfərindən sonra Bakı-Ankara münasibətlərinin soyuması haqda xəbərlər yayılır. Durumu Siz necə dəyərləndirirsiniz? Əslində nələr baş verir?

- Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa çalışması müsbət hadisə sayıla bilər. Ancaq bunu edərkən başda Azərbaycan olmaqla regionun digər ölkələrinə zərər verməmək lazımdır. Ermənistanla münasibətlərin normallaşdırılmasının bəzi şərtləri var. Birincisi, Ermənistan sərhədimizi tanımalıdır. İkincisi, Qars müqaviləsi təsdiq olunmalıdır. Eyni zamanda, Ermənistan «soyqırımı» iddialarından əl çəkməli, Azərbaycan torpaqlarının işğalına son qoymalı, ATƏT və BMT Təhlükəsizlik Şurasının qərarlarını qeyd-şərtsiz yerinə yetirməlidir. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin yaxşılaşması bütün region ölkələri üçün yaxşı örnək ola bilər. Əgər belə olarsa, Ermənistanı tam müstəqilliyə aparan bir proses başlaya bilər. Çünki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etsə də, hələ də tam müstəqil deyil. Bu sözlərimlə nəyi nəzərdə tutduğumu bilirsiniz. Fikrimcə, hələlik mahiyyəti bəlli olmayan bir «yol xəritəsi» ilə Ermənistan-Türkiyə münasibətlərinin gələcəyini müəyyənləşdirmək mümkün deyil.

- Siz Minsk Qrupunda Türkiyəni təmsil edirdiniz. İndiki durumda Minsk Qrupunun fəaliyyəti nə dərəcədə effektiv ola bilər?

- Minsk Qrupu ilkin funksiyasını itirib. İndi üç həmsədrin nəyi müzakirə etdiyini anlamaq olmur. Bütün müzakirə proseslərində Türkiyə Azərbaycanı dəstəkləsə, məsələ ədalətli şəkildə çözülə bilər. Minsk Qrupu indiki templə uğur qazana bilməz. Ermənistan da ümumiyyətlə, məsələnin çözümünü istəyirmi? Məncə, bu əsas məsələni də diqqətdən qaçırmamaq lazımdır.

- Azərbaycan və Türkiyənin xarici siyasətində son günlər önəmli dəyişiklik baş verib. Sizcə, qısa zamanda Türkiyə-Azərbaycan münasibətləri normallaşa bilərmi?

- Bunu mütləq etmək lazımdır. Mənimçün bir sıra qaranlıq məqamlar var. Rəsmi Ankara bildirir ki, biz bütün müzakirələr barədə Azərbaycana dəqiq məlumat vermişik. Azərbaycana bu məlumatlar çatmayıbmı? Yoxsa, bu müzakirələrdə Azərbaycanı narahat edən nələrsə baş verib? Türkiyə ilə Azərbaycanın öz aralarında münasibətləri bu şəkildə qurmalarının tərəfdarı deyiləm. Bu müzakirələr, məsləhətləşmələr yüksəkrütbəli dövlət məmurlarının qarşılıqlı səfərlərində baş verməliydi.