Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 22:28

«Burda ancaq mərc gəlmək olar ki, sərhədlər açılacaq, ya açılmayacaq»


«Doğu Qapı» sərhəd məntəqəsi
«Doğu Qapı» sərhəd məntəqəsi
Aprelin 23-də Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması üçün «yol xəritəsi» adlı razılaşma əldə edilib. Bu, onsuz da uzun müddətdir nə baş verdiyini düşünən siyasətçiləri yenidən fikirləşmək məcburiyyətində qoyub. Düşünüb bir nəticə çıxara bilməyənlər də var, gümanı yalnız ehtimallara gəldiyini deyənlər də. Politoloq Rüstəm Məmmədov deyir ki, «yol xəritəsi»nin mətnində ağlabatan bir şey tapmayıb:

«Yəni orda Qarabağ yoxdur, heç nə yoxdur. «Yol xəritəsi» o zaman ola bilər ki, işğal altındakı torpaqlar boşaldılsın. Ondan sonra bu məsələyə baxıla bilər. Yoxsa belə şeylər olmadan hansı «yol xəritəsi»ndən söhbət gedir? Bu, kifayət qədər ciddi məqamdır».

R.Məmmədov hesab edir ki, əgər sözügedən «yol xəritəsi»nin reallaşmasına paralel şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılması istiqamətində də addımlar atılarsa, onda bunu əhəmiyyətli razılaşma adlandırmaq olar. Ancaq əgər əvvəl Ermənistan deyən olsun, sonra digər məsələlərə baxılar, bu, artıq xatalı sövdələşmədir.

Politoloq Hikmət Hacızadə isə deyir ki, artıq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair məsələdə vəziyyət o qədər dolaşıqdır, o qədər oyunçu oynayır, bir-birini təkzib edən çıxışlar, sənədlər var ki, nə qədər baş sındırırsan, yenə də konkret qənaətə gəlmək olmur:

«Bəlkə bütün bu oyunu Türkiyə ona görə başlayıb ki, Barak Obama genosid haqda danışmasın. Ola bilsin ki, bəlkə Türkiyə sərhəddi addım-addım açacaq. Amma Ermənistan bunun müqabilində nə verəcək, o aydın deyil. Nə genosiddən imtina edirlər, nə sərhədləri tanıyırlar, nə Qarabağdan bir xəbər var. Tam qeyri-müəyyənlikdir. Burda ancaq mərc gəlmək olar ki, sərhədlər açılacaq ya açılmayacaq. Yaxud Moskva bunu istəyir ya istəmir».

H.Hacızadə deyir ki, arada çox gizli söhbətlər aparılır, dolaşıq oyunlar gedir. Vəziyyətin necəliyini anlamaq üçün ümid qalır Azərbaycan hakimiyyətinin reaksiyasına. Əgər hakimiyyət çox kəskin çıxış edirsə, deməli, vəziyyət pisdir. Yox əgər susursa, demək müsbət nəsə var.

Bu arada Moskva görüşlərindən sonra Azərbaycan prezidentinin çıxışında kəskin ifadələr yox, ümidverici fikirlər səslənib.

Bəzi ekspertlər hesab edirlər ki, «yol xəritəsi»nin işləməsi - Türkiyə-Ermənistan münasibətlərinin normallaşması müqabilində Azərbaycana dair məsələlərin də mərhələlərlə həyata keçirilməsində tərəflər razılaşa bilərlər. Ancaq hələ ki, bunun əlamətləri görünmür. Digər tərəfdən Moskva bunu istəyirmi? Bu da ciddi məqamdır.

Qarabağla bağlı sülh layihələrini dəstəkləyən Britaniyanın «Links» təşkilatının rəhbəri Denis Sammut düşünür ki, bu «yol xəritəsi»nin gerçəkləşməsi fonunda yaranacaq vəziyyət Qarabağ münaqişəsinin nizamlanması üçün müsbət perspektivlər açacaq. Çünki Türkiyənin o zaman bu məsələdə səsi daha ötkəm çıxacaq, rolu artacaq:

«Yol xəritəsi» bir plandır. Əsas məsələ odur ki, belə bir proses olacaq. Ancaq Türkiyə-Ermənistan arasındakı yaxınlaşma prosesi də bir gündə həll olunacaq məsələ deyil. Bunun üçün həftələr, aylar, bəlkə illər lazım olacaq. Qarabağ nizamlanması da həftələr, aylar, illər tələb edən məsələdir. Yəni bir gündə münasibətlərin nizamlandığı müşahidə edilməyəcək. Amma aydın görünür ki, bu iki proses bir-biri ilə paralel gedəcək. Onlar ayrı-ayrı proseslərdir, amma bir-birinə təsir edir. İndi gördüyümüz də budur».

Cənab Sammut əlavə edir ki, Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın pozitiv mövqeyi müşahidə edilir. Buna görə də o, Türkiyə-Ermənistan yaxınlaşmasında Moskvadan neqativ reaksiya gözləmir:

«Hazırda qlobal proseslər çərçivəsində Cənubi Qafqazın yenidən kəşfi baş verir və bu prosesdə yəqin ki, Rusiya pozitiv mövqe tutmaq istəyər».

Türkiyə siyasətçilərindən biri - Şükrü Elekdağ isə hesab edir ki, yox, Moskva Türkiyə –Ermənistan münasibətlərinin yaxşılaşmasını istəmir. Çünki bu, sadəcə adi ticarətə və ya normal qonşuluğa aparan yol yox, Ermənistanı Qərbin təsir dairəsinə sürükləyən bir plandır.

Türkiyənin «Sabah» qəzetinin yazdığına görə, Ankara ilə Yerevan arasında əldə olunan razılaşma – «yol xəritəsi» 5 əsas maddədən ibarətdir:

1921-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsini tanınması, soyqırımı iddiaları ilə bağlı 3-cü ölkələrin də qatıla biləcəyi birgə komissiyanın yaradılması, sərhədlərin açılması və ticarətin başlaması üçün müvafiq anlaşmaların imzalanması, diplomatik əlaqələrin qurulması istiqamətində konkret addımlar.

Əlbəttə ki, hər iki ölkənin parlamenti bunları təsdiqləyərsə.
XS
SM
MD
LG