Prezident Aparatının qəbul otağında aksiya

Səyyarə Heydərova: «Burdan heç yana tərpənən deyiləm»

Dörd kişini döyməkdə ittiham olunan Səyyarə Heydərova aprelin 8-dən Prezidentin İcra Aparatının qəbul otağında aclıq aksiyasına başladığını deyir. İxtisasca hüquqşünas olan Səyyarə Heydərova Suraxanı rayon Məhkəməsində onun işinə düzgün baxılmamasına, qanun pozuntularına yol verilməsinə etiraz edir.

Prezidentə yazdığı ərizədə də Suraxanı rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın vəzifəsindən kənarlaşdırılmasını xahiş edir: «Ərizəni qəbul otağına verdim, dedilər ki, sabah səhərədək prezidentə çatdırılacaq».

Səyyarə Heydərova aksiyasını Prezidentin İcra Aparatının qəbul otağında keçirmək niyyətindədir: «Burdan heç yana tərpənən deyiləm».

Prezidentin İcra Aparatının mühafizə xidmətindən isə «Azadlıq» radiosuna deyiblər ki, şikayətçi Səyyarə Heydərova yalnız iş saatı bitənə – axşam saat 6-dək asayişi pozmamaq şərtilə qəbul otağında otura bilər. Səyyarə Heydərova isə deyir ki, qəbul otağından çıxarılarsa, aksiyasını qurumun yanındakı parkda davam etdirəcək.

Səyyarə Heydərova 2005-ci ildə «Xudu Məmmədov küçəsi -21»də ev tikilməsinə qarşı çıxıb və ittihamnaməyə görə, dörd kişini tikinti meydançasında döyüb.

Hazırda Heydərovanın məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxs isə iddia edir ki, Suraxanı rayon Məhkəməsi onun işinə düzgün baxmır. Həmin məhkəmənin hakimi Natəvan Tağıyeva «Azadlıq» radiosuna deyib ki, onun apardığı proseslərdə hər şey qanun çərçivəsində olub.