Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:06

Keçmiş məhbus: «Məni çarpayıya qandallayırdılar»


S.Heydərova deyir ki, bir ildir ona yazdığı şikayət ərizələrinə uyğun orqanlarda baxılacağını bildirirlər
S.Heydərova deyir ki, bir ildir ona yazdığı şikayət ərizələrinə uyğun orqanlarda baxılacağını bildirirlər
«Məni çarpayıya qandallayırdılar. Saatlarla belə vəziyyətdə qalırdım. Ağrılarım tutanda qışqırırdım. Palata yoldaşım Klara nəzarətçiləri çağırırdı ki, gəlib məni açsınlar, deyirdilər ki, qoy ağlı başına gəlsin. Bu vəziyyət 5-6 gün davam elədi. Buna etiraz olaraq damarlarımı, ağzımı kəsdim...»

Keçən il bu vaxtlar xuliqanlıqda ittiham olunan Səyyarə Heydərova «Azadlıq» radiosuna belə deyir.

S.Heydərova ona qarşı irəli sürülən ittihama etiraz olaraq aclıq aksiyası keçirəndə onu saxlandığı Şüvəlan təcridxanasından məhbusların müalicə müəssisəsinə köçürüblər. Dedikləriylə də həmin müəssisədə rastlaşdığını bildirir. Deyir ki, məqsədləri o idi ki, aclığı dayandırım. O isə etirazını aclıq yoluyla davam etdirmək istəyirmiş. Günlərin birində isə onu yemək borusuyla zorla yedirdiblər:

«O şlanqla 23 gün yaşadım. Mənə nə dərman verirdilər, nə də iynə vururdular. 23 gün belə yaşamaq olar?»

Səyyarə danışır ki, xəstə məhbuslar üçün nəzərdə tutulan yemək, su və siqaretdən də məhrum olubmuşlar. Bütün bunları isə rüşvətlə əldə etmək mümkünmüş:

«5 manat verirdin çölə məktub göndərə bilirdin. 70 manat verib xəstəxanada qalırdın. Hökumət mənim saxlanmağım üçün 130 manat ödəyir. Mən aclıq edirdim, ordakı qızlara yemək verildiyini görmədim. Bir gün qızlardan birinin yanına heç kim gəlməmişdi, yemək istədi, 2-3 dənə kiçik kartof verdilər. Qanunla səhər saat 10-da siqaret və kibrit paylamalıydılar. Ancaq kimdi verən. Su vermirdilər, qızlar krant suyunu qaynadıb mənə verirdilər».

S.Heydərovanın ittihamı təsdiq olunmayandan sonra azadlığa çıxıb. Ancaq xəstəliklə. Hazırda kəskin arıqlamadan, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir. Gününü şikayət ərizələri yazmaqla keçirir.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə S.Heydərovanın dediklərilə razılaşmır. Ona işgəncə verilməsinin, rüşvət alınmasının yalan olduğunu deyir:

«Son illərdə məhkumlara göstərilən səhiyyə xidmətləri, qida normaları xeyli artırılıb. Səhiyyə xidmətinin səviyyəsi həddindən artıq yaxşılaşdırılıb. O ki qaldı rüşvət məsələsinə, ondan kimdir rüşvət alan, həm də nəyə görə alsınlar ki?! Yemək də, dərmanlar da dövlət tərəfindən təmin olunur. Aclıq aksiyası keçirmək onun hüququdur, ona işgəncə verməyin heç bir mənası yoxdur, heç kim də ona işgəncə verməyib».

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov müalicə müəssisəsində S.Heydərova ilə görüşübmüş. O da işgəncə faktına inanmır, rüşvəti isə inkar etmir:

«Mən onunla təklikdə söhbət etmişdim. Saxlanmadan şikayəti yox idi. Qanunsuz həbsdən şikayətlənirdi. Nizamnamədə var ki, məhkum aclıq edirsə, vəziyyəti ağırlaşanda məcburən yedizdirə bilərlər. Rüşvətə qalanda isə bu problem hər yerdə var».

S.Heydərova isə deyir ki, bir ildir ona yazdığı şikayət ərizələrinə uyğun orqanlarda baxılacağını bildirirlər. Cəzaçəkmə yerində siqaret aludəçisi olandan sonra şikayət ərizəsindəki tələblərindən biri də ona düşən siqaretlərin qaytarılmasıyla bağlıdır:

«Gündə mənə bir siqaret düşürdü, nazirlikdən onları qaytarmağı da tələb edirəm».
XS
SM
MD
LG