MSK təkrar seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərib

Mərkəzi Seçki Komissiyasının binası, 25 mart 2006

Mərkəzi Seçki Komissiyası (MSK) parlamentdə boş qalmış yerlərə mayın 13-də keçirilmiş təkrar seçkilərə dair yekun protokolu Konstitusiya Məhkəməsinə göndərib. Bununla da MSK 3-cü çağırış parlamentə seçkilərlə bağlı işini başa çatdırıb. Konstitusiya Məhkəməsi sənədləri iyunun 13-nə qədər təsdiqləməlidir. Məlumatı "Azadlıq" radiosuna MSK-nın mətbuat katibi Azər Sarıyev verib.


MSK–nın mayın 27-də keçirilən iclasında seçkilərdən sonrakı 20 gün müddətində quruma daxil olan şikayətlər də araşdırılıb. Məlum olub ki, seçki keçirilən 343 məntəqənin 4-də protoklollar düzgün tərtib olunmayıb. Bunlar 103 saylı Gədəbəy Seçki Dairəsinin 3 saylı məntəqəsi, 110 saylı Zaqatala Seçki Dairəsinin 14 saylı məntəqəsi və 119 saylı Ağdam kənd Seçki Dairəsinin 10 və 37 saylı məntəqələridir. MSK bu məntəqələrdə səsvermənin nəticələrinin ləğv edib, amma bu, dairənin ümumi nəticəsini dəyişməyib.