Qarabağda hərbi təlimlərin intensivləşməsi nəyə xidmət edir?

Dağlıq Qarabağda hərbi təlimlər, 2005-ci il

Məsələ ilə bağlı ekspert və politoloqların fikri bir-birindən fərqlənir. Bəziləri bu təlimlərin adi plan üzrə keçirildiyini desə də, erməni tərəfin bu addımının sülh danışıqlarına təzyiq, Azərbaycanı təxribata çəkmək məqsədi daşıdığını deyənlər də az olmadı

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyir ki, hər bir ölkədə ilin sonu növbəti il üçün silahlı qüvvələrin döyüş və təlim hazırlığının səviyyəsinin yoxlanılması məqsədilə tədbirlər planı hazırlanır. Belə tədbirlər təkcə Ermənistanda yox, Azərbaycanda da keçirilir. Dağlıq Qarabağda isə həmin təlimləri separatçı qurum yox, Ermənistan keçirir. Çünki oradakı ordu əsasən Ermənistan Silahlı Qüvvələrindən ibarətdir.

Üzeyir Cəfərov hesab edir ki, Qarabağda hərbi təlimlər adi plan əsasında keçirilir. Ancaq onlar daha çox təbliğat xarakteri daşıyır. Cənab Cəfərovun fikrincə, əgər həmin tədbirə Ermənistan Müdafiə nazirinin müavini və digər yüksək rütbəli hərbçilər dəvət edilirsə və sonradan onlar KİV-də Qarabağ ordusunun döyüş hazırlığının çox yüksək olduğunu bildirirlərsə, artıq bu, güc nümayişidir: «Təlimlərə ictimai diqqət yönəldilirsə, sözsüz ki, buna güc nümayişi kimi də baxmaq olar. Ora dəvət olunan qonaqların kimliyi də bunu deməyə əsas verir».

Ekspert əlavə edir ki, son günlər rəsmi Bakıdan müharibə, problemin hərbi yolla həllinə işarə edən bəyanatların səslənməsi qarşı tərəfi adekvat addımlar atmağa sövq edir.


Söhbət etdiyimiz ekspertlər bildirirlər ki, hər il Azərbaycan Ordusu da belə təlimlər keçirir. Amma həmin təlimlərə jurnalistlərin dəvət edilmədiyi üçün onlar barədə məlumat yayılmır. Əlbəttə, öz hərbi təlimlərinə jurnalistlərin dəvət edilib-edilməməsi ölkələrin öz təhlükəsizlik mülahizələri ilə də bağlı ola bilər.


Amma Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev deyir ki, Qarabağda keçirilən hərbi təlimlər heç də sülh danışıqlarına təzyiq və ya güc nümayişi deyil. Bu, sadəcə əvvəlcədən planlaşdırılmış təlimlərdir. O, iddia edir ki, Azərbaycan Ordusunda təlimlər bir neçə ildə bir, Ermənistanda isə hər il keçirilir: «Bu, erməni tərəfində ardıcıl surətdə ordunun döyüş hazırlığına xidmət edən tədbirlər planıdı. Və onun sülh danışıqları ilə heç bir asılılığı yoxdur».


«Təlimlərə ictimai diqqət yönəldilirsə, sözsüz ki, buna güc nümayişi kimi də baxmaq olar»

Elxan Mehdiyev əlavə edir ki, belə təlimlər ordunun güclənməsini təmin edir ki, bu da həmin dövlətin sülh danışıqlarında özünü daha inamlı hiss etməsinə şərait yaradır. Onun fikrincə, Azərbaycanda sonuncu dəfə belə təlim mərhum prezident Heydər Əliyevin vaxtında, 2001-ci ildə keçirilib.


Politoloq Vəfa Quluzadə isə məsələyə hərbi mütəxəssislərdən bir qədər fərqli yanaşır. Onun fikrincə, Dağlıq Qarabağda keçirilən təlimlər Azərbaycan rəhbərliyinə təzyiq məqsədi daşıyır. Hazırda hər tərəfdən Qarabağ torpaqlarında güzəştə getməsi üçün Bakıya təzyiqlər edilir. Erməni tərəfi də bu hərəkətilə Bakının danışıqlarda güzəştə getməsinə nail olmaq istəyir. Politoloq Qarabağda təlimlərin keçirilməsinin Azərbaycanı qıcıqlandıraraq hərbi əməliyyatlara təhrik etmək olduğunu da istisna etmir: «Hazırda ermənilər bizimlə müharibə etmək iqtidarında deyillər. Ruslar isə Amerikanın maraqlarına toxunmamaq üçün müharibəni başlaya bilməzlər. Yalnız təxribatla bizi müharibəyə çəkib 1-2 rayonumuzu almaqla Azərbaycanı çıxılmaz vəziyyətə sala bilərlər. Təlimlər də bunun üçündür. Yəni, əsəb qıcıqlandırmaq, danışıqlarda güzəştə məcbur etməkdən başqa bir şey deyil».


Vəfa Quluzadə deyir ki, Azərbaycan bu təxribatlara uymamalı, torpaqlarını azad etməyin tam zamanını gözləməlidir.

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komissiyasının üzvü Zahid Oruc isə hesab edir ki, Dağlıq Qarabağda keçirilən təlimlər məqsədindən asılı olmayaraq heç bir halda Azərbaycan rəhbərliyinin sülh danışıqlarına münasibətinə təsir edə bilməz. Bu təlimlər rəsmi Bakıya mesaj ola bilər. Ancaq ölkə rəhbərliyinin ona təmkinli yanaşmasının özü də əsassız deyil.


Nizamlama prosesinin danışıqlar yolu ilə aparılmasına paralel olaraq indi hərbi müstəvidə aktivliyin artması, Minsk Qrupu həmsədrlərini də narahat edir. Müxtəlif vaxtlarda həmsədrlərin müharibə başlayacağı təqdirdə Azərbaycanın neft gəlirlərinə arxayın olmamasını demələri də bunu təsdiqləyir. Mütəxəssislərin fikrincə, danışıqların nəticə verməməyi hərbi aktivliyin hər tərəfdə bir şəkildə özünü büruzə verməsinə şərait yaradır. Və bu, əlbəttə ki, diplomatların narahatçılığını artırır. Fransalı həmsədr Bernar Fasye Bakıda olarkən onun da narahatlığı müharibə ilə bağlı dediyi fikirlərdən və əlbəttə ki, ifadə tərzindən açıq – aşkar hiss olunurdu. Konkret ad çəkməsə də, bu məsələdə onun daha çox rəsmi Bakının bəyanatlarından narazı olduğu aydın hiss edilirdi.