Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Tofiq Zülfüqarov nazir Məmmədyarovu tənqid edir - Lavrova görə


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Mətbuat konfransı iştirakçılarından kimsə Azərbaycanın mövqeyini təmsil etsəydi...”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hazırkı xələfi Elmar Məmmədyarovu tənqid edib. O, xarici işlər naziri E.Məmmədyarovun Bakıya səfər edən rusiyalı həmkarı Sergey Lavrovun ifadələri qarşısında zəif mövqe nümayiş etdirdiyini düşünür.

“Turan” agentliyinin xəbərinə görə, T.Zülfüqarov xələfinin rusiyalı həmkarı ilə mətbuat konfransında yetərli mövqe sərgiləmədiyini vurğulayıb.

“Mətbuat konfransı iştirakçılarından kimsə Azərbaycanın mövqeyini təmsil etsəydi... Yəqin ki, Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət olunmadan Ermənistan-Azərbaycan münaqişəsinin həllinin qəbuledilməz olduğunu deməyə məcbur idi. Maraqlıdır, Məmmədyarov mətbuat konfransında Cenevrədən sonra prezidentin bir daha bəyan etdiyi mövqeyi niyə səsləndirməyib?”, - deyə Zülfüqarov bildirib.

Buna da bax: Lavrov 'hər iki tərəfə məqbul' sülhdən danışır

Lavrovun ADA-dakı mühazirəsi nəyə lazım idi?

Keçmiş nazir S.Lavrovun ADA Universitetində antiqərb məzmunlu çıxışına da toxunub.

“Yeri gəlmişkən, Azərbaycanın gələcək diplomatları Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini itirdiyini deyən S.Lavrovdan faydalı nə eşidə bilərdilər? Azərbaycan tərəfindən səfər proqramını kim hazırlayıb və ümumiyyətlə, bu mühazirə nəyə lazım idi?”, - deyə keçmiş nazir narazılıqla sual edib.

Buna da bax:​ Lavrov: 'Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq'

Xatırlatma

Rusiya xarici işlər naziri S.Lavrov noyabrın 19-u Azərbaycana gəlib. Elə həmin gün prezident İlham Əliyevin qəbulunda olub. Bu gün, noyabrın 20-si isə əvvəlcə «ADA» Universitetində tələbələrlə görüşüb. Daha sonra Azərbaycan xarici işlər naziri E.Məmmədyarovla bir araya gəlib.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib. S.Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib ki, üç həmsədrdən biri olaraq münaqişənin hər iki tərəfdən ötrü məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacaqlar.

“Problem ondadır ki, həllə bağlı yol xəritəsi sənədləri paket kimi hazırlanıb. Tərəflərdən birini, yaxud digərini razı salmaqdan ötrü bu paketlərdən hansısa elementləri çıxarmağın yolunu tapmaq çox çətindir. Çünki bu zaman bu və ya digər tərəfin nöqteyi-nəzərincə, balans dərhal pozulur. Ancaq əminəm ki, diplomatiya hər iki tərəfin qəbul edəcəyi yanaşmanı ortaya qoya biləcək”, - S.Lavrov «menyu stolun üstündədir» deyimini də misal çəkib.

O, ADA universitetində iddia edib ki, başda ABŞ olmaqla, bir qrup Qərb ölkələrinin beynəlxalq həyatda öz üstünlüyünü qoruyub saxlamaq cəhdi dövlətlərarası ünsiyyətin demokratikləşməsi, bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişafına əsas maneədir.

“Bundan bir neçə əsr əvvəl "tarixi Qərb" bütün dünyaya rəhbərlik edirdi, "musiqi sifariş verirdi". Əlbəttə, bir sıra Qərb ölkələrinin rəhbərliyində, yəqin ki, genetik olaraq kök salmış bu adətlərdən əl çəkmək çox çətindir”, - Lavrov çıxışında bildirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG