Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:23

Lavrov 'hər iki tərəfə məqbul' sülhdən danışır


S.Lavrov və E.Məmmədyarov

Bu gün, noyabrın 20-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, E.Məmmədyarov deyib ki, dekabrın əvvəlində Rusiyada Xəzərin statusu ilə bağlı nazirlər səviyyəsində yeni görüş keçiriləcək. O, Lavrovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyini bildirib:

«Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir... Mövcud status-kvo nəinki qəbuledilməzdir, eyni zamanda qeyri-sabitdir. Çünki tək-tük də olsa, təmas xəttində atışma, yenidən qruplaşmalar, hərbi qüvvələrin yenidən yerləşdirilməsi baş verir. Bu məsələnin kökünə baxsaq, hər şeydən əvvəl, dəfələrlə dediyimiz kimi, sonuncu addım atılmalıdır və bu da siyasi iradəylə bağlıdır».

***Buna da bax-Lavrov: 'Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq'

«Biz məsələlərə ikiqat deyil, üçqat cəhdlə yanaşmalıyıq, çünki hamımız harada olduğumuzu və irəli getmək üçün nə etməli olduğumuzu yaxşı anlayırıq», - nazir sözlərinə əlavə edib.

E.Məmmədyarov deyib ki, BMT qətnamələrində də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunur.

Nazir vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi ilbəil artır.

«Əməkdaşlığımız geniş əhatəlidir»

«Əməkdaşlığımız geniş əhatəlidir. Regionlararası, parlamentlərarası əməkdaşlıq davam edir. Ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur. Rusiyanın bir sıra universitetlərinin Azərbaycanda filialları açılıb».

Bunu isə görüşdən sonra keçirilən birgə mətbuat konfransında S.Lavrov bildirib.

S.Lavrov deyib ki, iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin inkişafı da müzakirə edilib:

***Buna da bax-Zərdüşt Əlizadə: 'Lavrovun səfəri bir məqsədə xidmət edir...'

«Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Dövlətlərin bərabərhüquqlu olması qaydasının pozulmamasının tərəfdarıyıq. Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq. Dekabrın əvvəlində keçiriləcək görüşlə bağlı məsələni müzakirə etdik».

S.Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə bunları deyib:

«Üç həmsədrdən biri olaraq münaqişənin hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq».

S.Lavrov «menyu stolun üstündədir» deyimini misal çəkib:

«Problem ondadır ki, həllə bağlı yol xəritəsi sənədləri paket kimi hazırlanıb və tərəflərdən birini, yaxud digərini razı salmaqdan ötrü bu paketlərdən hansısa elementləri çıxarmağın yolunu tapmaq çox çətindir. Çünki bu zaman bu və ya digər tərəfin nöqteyi-nəzərincə, balans dərhal pozulur. Ancaq əminəm ki, diplomatiya hər iki tərəfin qəbul edəcəyi yanaşmanı ortaya qoya biləcək».

Rusiya xarici işlər naziri S.Lavrov noyabrın 19-u Azərbaycana gəlib. Elə həmin gün prezident İlham Əliyevin qəbulunda olub. Bu gün, noyabrın 20-si isə əvvəlcə «ADA» Universitetində tələbələrlə görüşüb. Daha sonra Azərbaycan xarici işlər naziri E.Məmmədyarovla bir araya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG