Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:16

'Başa düşürdüm ki, ət məsələsi deyil, arasında narkotik gətirəcəkdilər'


Kəsilmiş ət.
Kəsilmiş ət.

“Mənə dedi ki, İrandan, Qırğızıstandan dondurulmuş ət gətirəcəyik. Amma danışıqlardan başa düşürdüm ki, ət məsələsi deyil. Ətin arasında narkotik gətirəcəkdilər”

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızıl-brilyantıyla bağlı qalmaqal davam edir. Qızıl-zinət əşyalarını mənimsəməkdə suçlanaraq həbs olunan qohumu Rövşən Əhmədov Baxşıyevin özünü narkotik alverində suçlayıb. Fevralın 21-dəki məhkəmədə ifadə verən Rövşən Əhmədov bu haqda iddialarını dilə gətirib.

Buna da bax:​ Keçmiş nazir müşaviri təqsirləndirilənə təkcə qızıllarını etibar etməyibmiş...

Rövşən Əhmədov deyir ki, Çingiz Əhmədov bağlamada qızılları saxlamaq üçün necə vermişdisə, o cür də geri qaytarıb: “Mən birbaşa Çingiz Baxşıyevin özünə vermək istəyirdim, çünki qızımın toyu olacaqdı, evə gələn-gedən çox idi. Zəng elədim, danışdıq, evinə apardım. Qapısına çatanda dedi ki, apar, qızımgilə ver. Mən də aparıb verdim. Bu, fevralın 2-də olub. Üstündən 2 ay keçəndən sonra – martın 30-da çağırıb ki, qızılların bir hissəsi yoxdur. Bəs bu iki ayda hara baxırdın? Çingiz elə adamdır ki, bir onluğunun əskik olduğunu bilsə, yarım metr qarda qaça-qaça gedib yoxlayardı. Əgər mən üstündən götürsəydim, toyöncəsi aparardımmı ki Çingiz baxıb görsün, sonra da toyumuza haram qatsın?!”.

“Götürən olsaydım, elə 40 milyon avrosunu götürərdim də...”

Rövşən Əhmədov Baxşıyevin itən qızıl-zinət əşyalarının sayına dair ifadələrini də ziddiyyətli sayır: “Deyir ki, itən 6-7 kiloluq daş-qaşın arasında 200 ədəd qızıl onluq olub. Bu 200 onluğun çəkisi 6-7 kilodan çox eləyir. O qədər qızıl pul dediyi qaba yerləşməzdi, axı. Onun mənim yanımda açdığı bağlamadakı bir neçə əşyanın dəyəri 800 mindən də çox idi. Götürən elə onları götürərdi də. Qızıl kəmər, qızıl siqaret qabı, 15-16 santimetrlik qızıl xəncər, 150 minlik təkqaş komplekt, biri 350, o biri 140 minlik iki saat, qaşlarının biri 6 karat olan 270 minlik komplekt... Mən götürən olsaydım, elə evimdə saxladığı 40 milyon avronu götürərdim. Düz 12 il onun bütün var-dövləti, milyonları məndə olub. Etibar edib, verib, - saxlamışam, sonra da qaytarmışam”.

Buna da bax:​ `Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

Çingiz Baxşıyev ötən məhkəmədə iddia etmişdi ki, Rövşən Əhmədov ona su verərək zəhərləyib. Amma Əhmədov bu iddianın yalan olduğunu deyir və bildirir ki, 12 ildən çox birlikdə işlədiyi, daim yanında olduğu qohumu onun İrana getməklə bağlı təklifini rədd elədiyinə görə ondan qisas alır: “Mənə dedi ki, İrandan, Qırğızıstandan dondurulmuş ət gətirəcəyik. Amma danışıqlardan başa düşürdüm ki, ət məsələsi deyil. Ətin arasında narkotik gətirəcəkdilər. Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır. Ət məsələsi başlayandan sonra bir gün məni göndərdilər, bir nəfərdən 1 milyon alıb gətirib qızına verdim. Bir gün də Dəmiryol İdarəsinin qarşısına göndərdi ki, ora çatanda dediyi nömrəyə zəng vurum. Zəng elədim, bir “Jeep” gəlib saxladı, 360 min dollar verdi, getdi. Onda başa düşdüm ki, nə məsələdir. 20 ton dondurulmuş ət 5 manatdan 100 min eləyir, daha 1 milyon 360 min eləməz ki?! 360 mini gətirib özünə verəndən sonra dedim ki, bir də belə işlərin arxasınca məni göndərməsinlər. 60 yaşım var, qızım həkim, oğlum polisdir. Mən niyə uşaqlarımın adına ləkə vurum?! Buna görə incidi, iki gün sonra da başıma bu oyunu açdı, çağırdı ki, qızıllar yoxdur”.

Buna da bax: 'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

“Milyarddan söhbət gedə bilər”

Budəfəki məhkəməyə Çingiz Baxşıyev gəlməyib. Nümayəndəsi Paşa Səfərov məhkəmədə iştirak etsə də, narkotik suçlaması ilə bağlı heç nə deməyib. Amma Rövşən Əhmədova müəyyən sualları olub. Məsələn, Çingiz Baxşıyevin əmlakının toplam dəyərini soruşub və bu cavabı alıb: “Milyon söhbəti deyil. Onun əmlakının ümumi dəyərindən danışırıqsa, milyarddan söhbət gedə bilər”.

Rövşən Əhmədov 2016-cı ilin aprelindən həbsdədir. Ona CM-in 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG