Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:54

Çexiya prezidenti Kosovonun tanınmasının ləğvini istəyir


Miloš Zeman Sentyabrın 11-də Belqrada səfəri zamanı çıxış edir

Çexiya prezidenti Milos Zeman deyib ki, o ölkəsinin Kosovonu müstəqil dövlət kimi tanımasını geri götürməsini istəyir.

Sentyabrın 11-də Belqrada səfəri zamanı çıxış edən Zeman bildirib ki, bu məsələni çex millət vəkilləri ilə müzakirə edəcək.

"Haaqa tribunalı bu yaxınlarda Kosovo nümayəndələrinin müharibə cinayətləri törətməsindən şübhələrini bildirən xəbər yayıb və məncə baş nazir buna görə istefa verib. Qoyun sizə şəxsi rəyimi bildirim ki, hərbi cinayətlərlə ortaya çıxmış dövlət demokratik ölkələr icmasının üzvü ola bilməz”.

Zemanın sözçüsü Jiri Ovcacek prezidentin bəyanatını təsdiq edərək deyib ki, “o Çexiya hökumətinə Kosovonun tanınmasına yenidən baxılmasının mümkünlüyü barədə sorğu göndərəcək”.

Prezident belə məsələlərdə özü heç bir qərar qəbul etmək səlahiyyətində deyil.

Kosovonun baş naziri Ramush Haradinaj iyul ayında Haaqa tribunalı tərəfindən dindirilməzdən əvvəl istefasını elan edib.

O burada Kosovo Azadlıq Ordusu döyüşçülərinin 20 il əvvəl törətdiyi deyilən hərbi cinayətlər barədə suallara cavab verməli idi.

Haradinaj təqsirsiz olduğunu iddia edib, lakin deyib ki, Haaqaya hökumət başçısı kimi gedə bilməz.

Bu artıq ikinci dəfədir ki, Kosovo Azadlıq Ordusunun keçmiş komandanlarından biri olan Haradinaj Haaqadan səslənən ittihamlarla bağlı istefa verir.

Zemanın bəyanatına cavab olaraq Kosovo bildirib ki, sentyabrın 12-də Praqada keçiriləcək sammitdə iştirakdan imtina edir.

Burada bir neçə Qərbi Balkan ölkəsinin nümayəndələri Avropa İttifaqına daxil Çex Respublikasının, Macarıstan, Polşa və Slovakiyanın xarici işlər nazirləri ilə görüşməlidirlər.

Serbiyanın keçmiş vilayəti Kosovo müstəqilliyini 2008-ci ildə elan edib.

Kosovonu 110 ölkə tanısa da, Belqrad və onun müttəfiqi Moskva bu müstəqiliyi tanımaqdan imtina edir.

Kosovonun müstəqilliyini tanımayan ölkələrin sırasında Azərbaycan da var.

Kosovo və Serbiya arasında Avropa İttifaqının vasitəçilyi ilə aparılan danışıqlar dalana dirənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG