Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əgər ABŞ Kiyevi tezliklə "Patriot" hava hücumundan müdafiə raketləri ilə təmin edərsə, ölkəsi, ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi, Rusiyanın neft emalı zavodlarına zərbə endirməyi dayandıracaq.
Zelenski noyabrın 1-də "Fox News" telekanalına müsahibəsində bu məsələ ilə bağlı ABŞ prezidenti və onun köməkçiləri ilə bir neçə dəfə müxtəlif müzakirələr apardığını söyləyib.
"Biz dedik ki, Rusiya enerji infrastrukturumuza hücum etdikdən, insanlarımızı öldürdükdən, elektrik və qaz təchizatı obyektlərimizə, neft emalı zavodlarımıza, bir sözlə, hər şeyə zərbələr endirdikdən sonra cavabsız qala bilmərik", –o, aparıcı Trey Yinqstə bildirib.
"Başqa bir alternativ də var: bizə "Patriot" raketləri verin. Pul tapacağıq, bu, sadəcə yardım deyil... Pulunu ödəyəcəyik", – Zelenski əlavə edib.
Onun sözlərinə görə, əgər ABŞ Ukraynanı bir ay müddətinə bu raket sistemləri ilə təmin edərsə, Kiyev də eyni müddət ərzində Rusiyanın neft emalı zavodlarına hücumları dayandıracaq.
"Bir neçə il çəkə bilər"
ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 2,1 milyard dollar dəyərində "Patriot" raketlərinin satışını təsdiqlədiyini açıqlayıb. Rusiyanın artan hava hücumlarına qarşı Kiyevin müdafiəsini gücləndirmək üçün bu sistemlərə ciddi ehtiyac var.
Zelenski isə xəbərdarlıq edib ki, 500 ədəd önləyici raketin çatdırılması "bir neçə il" çəkə bilər. O, sosial şəbəkə hesabında 500 ədəd PAC-3 raketinin böyük rəqəm olduğunu və bu qış üçün effektiv müdafiə paketi formalaşdıra biləcəyini yazsa da, çatdırılmaların yalnız bir neçə ildən sonra başlaya biləcəyini əlavə edib.
Atlantik Şuranın eksperti, Pentaqonun keçmiş rəsmisi Aleks Plitsasın fikrincə, "Patriot" raketləri Ukraynanın təcili ehtiyaclarını qarşılamayacaq. O xəbərdarlıq edib ki, Rusiyanın enerji infrastrukturuna davamlı hücumları mülki əhali arasında xof yaratmağa, qışda insanları soyuqda qoyaraq Ukraynanı təslim olmağa məcbur etməyə yönəlib.
ABŞ istehsalı olan "Patriot" sisteminin PAC-3 raketləri Rusiyanın Ukraynaya atdığı ballistik raketləri zərərsizləşdirməyə qadir azsaylı Qərb silahlarından biridir.
ABŞ-da enerji qiymətlərinin bahalaşdığı bir vaxtda Tramp enerji sahəsində atəşkəsə çağırıb. O, həm Rusiya, həm də Ukraynadan enerji infrastrukturuna zərbələri dayandırmağı tələb edib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb. Qış ərəfəsində Moskva mülki obyektlərlə yanaşı, Ukraynanın enerji infrastrukturuna hücumlarını da intensivləşdirib.
Kiyev də analoji zərbələrlə cavab verir. Rusiyanın yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Ukraynanın Oleşki şəhəri ətrafında qüvvədə olan lokal atəşkəs noyabrın 1-də gecə saatlarında başa çatıb. Ukrayna rəsmiləri Moskvanın atəşkəsin uzadılması təklifini rədd etdiyini bildiriblər.
Kibermüharibə
Bu arada iki ölkə arasında kibermüharibənin də şiddətlənə biləcəyinə dair əlamətlər ortaya çıxıb.
Ukrayna Hərbi Hava Qüvvələri noyabrın 1-də ölkənin hava hücumu barədə xəbərdarlıq sisteminin haker hücumuna məruz qaldığından şübhələndiyini, amma sistemlərin normal fəaliyyətinin artıq bərpa edildiyini bildirib.
"Hava həyəcanı tətbiqi düşmən müdaxiləsinə məruz qala bilər. Sakitliyinizi qoruyun və kanalımızı izləyin", – ordunun noyabrın 1-də yaydığı bəyanatda deyilir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) isə noyabrın 2-də səhər saatlarında bəyan edib ki, qurumun mobil tətbiqinə edilən kiberhücum nəticəsində ictimaiyyətə yalan məlumatlar sızdırılıb.
"Diqqət! Rusiya FHN-nin mobil tətbiqi irimiqyaslı kiberhücuma məruz qalıb. Nəticədə hücum edənlər ictimaiyyətə yalan bildirişlər göndərə biliblər", – nazirlik öz "Telegram" kanalında yazıb.
Bu iki hadisənin bir-biri ilə bağlı olub-olmadığı hələlik məlum deyil. Bununla belə, Rusiya saytları son günlər çoxsaylı haker hücumları barədə məlumatlar yaymaqdadır.