Ukrayna prezidenti Voldomir Zelenski fevralın 27-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb və Rusiyanın iki ildir apardığı müdaxiləyə son qoyulması yolunda krallığın səylərini yüksək qiymətləndirdiyini bildirib.
Zelenskinin internet saytında dərc etdiyi bəyanatda deyilir ki, iki lider Kiyevin münaqişəyə son qoyulması üçün sülh formulunu müzakirə ediblər.
Ukrayna prezidenti şahzadənin bu istiqamətdə verdiyi “dəyərli məsləhətlər” üçün təşəkkürünü bildirib və bu təkliflərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb.
Sülh Sammitini müzakirə ediblər
Məlumatda deyilir ki, Zelenski xüsusilə də Səudiyyə Ərəbistanının Ukraynada ədalətli sülhün bərqərar edilməsi üçün canatımını yüksək qiymətləndiyini bildirib.
Reuters agentliyi isə yazır ki, Zelenski və vəliəhd şahzadə bu il İsveçrədə keçirilməsi planlaşdırılan Sülh Sammitini müzakirə ediblər.
Zelenskinin bəyantında deyilir ki, “bizim qlobal sabitliyin təmin olunmasında maraqlarımız üst-üstə düşür”.
Səudiyyə dövlət mediasının xəbərlərində deyilir ki, vəliəhd şahzadə krallığın “Ukrayna-Rusiya böhranının” çözülməsinə yönəlmiş bütün beynəlxalq səy və cəhdləri dəstəklədiyini vurğulayıb.
Zelenskinin artıq Səudiyyəni tərk etdiyi xəbər verilir.
Ukraynanın “sülh formulu”
Zelenski bundan əvvəl Telegram platformasında yazmışdı:
"Biz indi Sülh Sammitinin keçirilməsinə çox yaxınıq və Səudiyyə Ərəbsitanının davamlı fəal dəstəyinə ümid edirik”.
Reuters yazır ki, Ukrayna prezidenti indiyədək sülh formulunu müzakirə etmək üçün onlarca ölkənin liderləri ilə danışıqlar aparıb.
Bu formul Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını, 1991-ci ilə aid keçmiş sovet sərhədlərinin tanınmasını və Rusiyadan təcavüzə görə haqq-hesab tələb olunmasını nəzərdə tutur.
Səudiyyə Ərəbistanı bundan əvvəl Ukrayna və Rusiya arasında əsir mübadilələri üçün vasitəçilik edib.
Zelenski ümid etdiyini bildirib ki, onun şahzadə Məhəmməd bin Salmanla bu görüşü də “bəhrəsini verəcək”.
Sülh Sammitinə hazırlıq görüşlərindən biri də ötən avqustda Səudiyyənin Ciddə şəhərində keçirilmişdi.