Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə İttifaqın Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayanacağına dair razılaşma əldə ediblər.
Eyni zamanda Gürcüstana Aİ üzvlüyünə rəsmi namizəd statusunun veriləcəyinə dair razılaşma əldə olunub.
Bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel məlumat verib
Ukrayna Avropa İttifaqına üzvlük üçün ərizəsini 2022-ci ilin 28 fevralında, Rusiyanın ölkəyə hərbi müdaxiləsindən bir neçə gün sonra vermişdi. Ukraynaya namizəd ölkə statusu 2022-ci ilin 23 iyununda verilmişdi.
Ukrayna prezidenti Volodimir Zelenski X platformasında yazıb:
“Bu qələbədir. Biz bunu 120 gün və 30 il gözləmişik. Bu, Ukrayna və Avropa İttifaqının münasibətlərində təkrarsız və tarixi andır. Ukraynanın gələcəyi Aİ-dədir”.
Aİ liderlərinin qərarı o deməkdir ki, Avropa Komissiyası bundan sonra ləngiməyə yol vermədən Ukrayna ilə danışıqların texniki aspektlərini hazırlayacaq.
Əgər Ukraynanın Avropa Komissiyasının bundan əvvəlki kriteriyalarını yerinə yetirdiyi təsdiqlənsə, danışıqlar çərçivəsi adlı sənəd 2024-cü ilin yazında, Aİ-nin növbəti sammitində qəbul ediləcək.
Bundan əvvəl
Bundan əvvəl Ukrayna prezidenti Voldodimir Zelenski Avropa İttifaqının dekabrın 14-də açılan sammitinə müraciətində liderləri Kiyevlə ittifaq üzvlüyü üçün danışıqlara “yaşıl işıq” yandırmağa çağırmışdı.
Sammitə videobağlantı ilə müraciət edən Zelenski bildirib ki, bu məsələ üzrə səsvermənin mənfi nəticəsi “ukraynalıların Avropa arzularına xəyanət” olar, Rusiyanı isə onun Ukraynaya qarşı təcavüzündə daha da ürəkləndirərdi.
Ukraynanın Avropa İttifaqı üzvlüyü üçün Kiyevlə danışıqlara başlanmasına qarşı Macarıstan və onun baş naziri Viktor Orban çıxış edir.
Orban bütün Aİ liderləri arasında Kremllə ən dost münasibətdə olan siyasətçi hesab olunur.
Orban habelə Ukraynaya Aİ tərəfindən 50 milyard avroluq yardımın verilməsi əleyhinədir.
Orbanın inadı, Zelenskinin xəbərdarlığı, Makron və Şoltsun araçılığı
Bu məsələdə Aİ liderləri və Orban arasında fikir ixtilafının Aİ sammitində əsas müzakirə mövzusu olacağı gözlənilir.
Volodimir Zelenski Aİ liderlərinə müraciətində bir daha Ukraynaya dəstək verilməməsinin Avropa üçün təhlükələri barədə xəbərdarlıq edib:
"Əgər Moskva Brüsseldən Ukraynaya qarşı neqativ şəklində “pas” alsa, bundan Avropadakı insanlar heç bir xeyir görməyəcəklər. Putin bundan mütləq şəxsən sizə və bütün Avropaya qarşı istifadə edəcək. Ona bu ilin ilk qələbəsini bu şəkildə verməyin. Avropa qalib gəlməli, razılaşmalara əməl edilməli, sözlərin üstündə dayanılmalıdır”.
Bununla belə Orban sammitə gəldiyi andan öz mövqeyini dəyişməyəcəyini bəyan edib:
"Hazırda Ukraynanın üzvlüyü danışıqlarına heç bir səbəb yoxdur. Ön şərtlər yerinə yetirilməyib. Biz bu məsələyə daha sonra qayıtmalıyıq”.
Orban ötən həftə Avropa Şurasının prezidenti Şarl Mişelə xüsusi məktub göndərərək Ukraynanın Aİ-yə üzvlük məsələsinin sammitin gündəliyindən çıxarılmasını tələb etmişdi.
Bu da xəbər verilirdi ki, Orbanın fikrini dəyişmək məqsədilə sammitdən əvvəl onunla Ursula von der Leyen, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts görüşəcəklər.
Orban nə istəyir?
Bundan əvvəl Reuters yazırdı ki, bu, Macarıstanın Ukraynaya görə Avropa İttifaqı ilə ilk ixtilafı deyil.
Budapeşt ötən dekabrda Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına nail olub və Ukraynaya 2023-cü ildə 18 milyard avroluq yardımın verilməsi qərarına veto qoyub.
Budapeşt Macarıstana yardım məsələsində uzun mübahisələrdən sonra Ukraynaya yardımın verilməsinə razılaşıb.
Avropa İttifaqı Macarıstana bu ölkədə demokratik geriləmə ilə bağlı yardımı dondurub.
Orbanın köməkçisi bu həftə bəyan etmişdi ki, Budapeşt Kiyevə yardımı bloklamamağın müqabilində Aİ-dən üst-üstə 30 milyard avro istəyir.
Ötən noyabrda Avropa Komissiyası Avropa Şurasına Ukrayna, Moldova, Bosniya-Herseqovina ilə Aİ-y üzvlük danışıqlarına başlanmasını tövsiyə edib.
Həmin vaxt Avrokomissiyanın başçısı Ursula von der Leyen bəyan etmişdi ki, bu üç ölkə Aİ islahatlarının həyata keçirilməsi sahəsində kafi irəliləyişə nail olublar.
Aİ sammitlərində bütün mühüm qərarların qəbulu üçün 27 üzv ölkənin hamısının razılığı tələb olunur.