Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:14

‘Zəhərlənmə işi’ ilə bağlı 5 nəfər həbs edilib


İmişlidə pambıq tarlasında zəhərlənənlər və yaxınları xəstəxana qarşısında, 19 iyun 2018
İmişlidə pambıq tarlasında zəhərlənənlər və yaxınları xəstəxana qarşısında, 19 iyun 2018

Baş Prokurorluq, kənd təsərrüfatı, səhiyyə nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətləri “Zəhərlənmə işi” ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda qeyd edilib ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilib:

“ Bu sahənin inkişafı sürətləndirilməklə, əkin dövriyyəsi genişləndirilib, daha çox əmək ehtiyatları işə cəlb olunaraq, infrastruktur müasirləşdirilib, fermerlərin müasir texnika , o cümlədən keyfiyyətli pestisid və gübrələrlə təminatları gücləndirilib”.

Rəsmi qurumlar bildirir ki, lakin bəzi hallarda bu sahədə mövcud normativ aktların, o cümlədən «Fitosanitar nəzarəti haqqında» Qanununun, «Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları»nın tələbləri pozulur:

“ Belə ki, son vaxtlar pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli aqronomları, digər məsul şəxslər müvafiq təlimatlara vaxtında əməl etməyərək, tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmayıblar. Vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunublar”.

Açıqlamada vurğulanır ki, nəticədə iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olunub. Eyni halın iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsində, iyunun 19-da İmişli rayonu ərazisində «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətinin əkin sahələrində və iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus yerdə də baş verdiyi vurğulanır.
Daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin açılmasından bəhs edilir. Söhbət 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

“İstintaq zamanı çoxsaylı şahid və zərərçəkmiş şəxslərin dindirilməsi, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib... Mütəxəssislərin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək, onların tədqiqatı aparılıb, məhkəmə tibbi, kimyəvi və digər ekspertizalar təyin olunub”

Məlumatda bildiririk ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tutduğu vəzifədən azad olunub.

Habelə vurğulanır ki, «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev, baş aqronomu Surxay Məmmədov və İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov həbs edilib. Onlar Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Rəsmi açıqlamaya görə, araşdırma zamanı həmçinin müəyyən edilib ki, bəzi şəxslər sui-istifadə hallarına yol verirlər.

“ Həyatı və sağlamlığı üçün heç bir təhlükə, zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır”

Bu açıqlamaya, hələlik, həbs edilən şəxslərin özlərinin və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb. Ancaq onlardan bəzilərinin qohumları Azadlıq Radiosuna bu həbslərin düzgün olmadığını deyiblər. Onlar qeyd ediblər ki, bu işdə həbs yuxarılardan başlamalı idi.

XATIRLATMA

Son 2 həftədə Azərbaycandakı pambıq sahələrində bir neçə dəfə kütləvi zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.

Dünən, iyunun 21-də İmişli rayonun Aranlı kəndindəki pambıq tarlalarının birində yenidən kütləvi zəhərlənmənin olduğu deyilirdi.Xəstlərin elə kənd xəstəxanalarında müayinə olunduğu açıqlandı.

Ondan 2 gün əvvəl də İmişli rayonunda pambıq tarlalarının birində kütləvi zəhərlənmə olduğu deyilirdi. Onda isə rayon xəstəxanasına müraciət edənlər 140 nəfərdən çox olmuşdu.

Bundan başqa Tərtər rayonunda iki və Saatlı rayonunda da bir dəfə pambıq sahələrində kütləvi zəhərlənmə olduğu bildirilib.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

XS
SM
MD
LG