Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 04:32

İran xarici işlər naziri Zarif Dəməşqdə Assadla görüşüb


Suriya prezidenti Bashar Assad (solda) və İranın xarici işlər naziri Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif Suriyada sülh tənzimləməsinə dair Qazaxıstanda keçiriləcək danışıqlar dövrəsinə qoşulmazdan əvvəl Dəməşqə baş çəkib.

Zarif və Suriya prezidenti Bashar al-Assad aprelin 16-da “Astana danışıqlarının növbəti raundunun və Tehranla Dəməşq arasında davamlı kommunikasiyanın mühümlüyünü” müzakirə ediblər.

Assadın əsas müttəfiqləri olan Rusiya və İran, habelə Suriya qiyamçılarını dəstəkləyən Türkiyə Suriyadakı münaqişəyə son qoyulması üçün Astana danışıqları adlanan prosesi davam etdirirlər.

Qazaxıstan Suriyaya dair danışıqların növbəti dövrəsinə aprelin 25-26-da artıq keçmiş Astana, indiki Nursultan şəhərində ev sahibliyi etməlidir.

İran və Rusiya Suriyada 2011-ci ildən bəri davam edən münaqişədə prezident Assadın rejiminə həlledici dəstək veriblər. Türkiyə və ABŞ isə bu münaqişədə qarşı tərəfi – anti-Assad qüvvələrini dəstəkləyirlər.

Rusiya 2015-ci ildə Suriya münaqişəsinə hərbi müdaxilə etməklə qüvvələr balansını Assadın xeyrinə dəyişib. Rusiyanın Suriya kampaniyası başlananda Assad rejimi çökmək üzrə idi.

Buna baxmayaraq Suriyadakı qiyamçı qüvvələr və silahlı dəstələr ölkənin şimal-qərbində bəzi ərazilərə nəzarət edirlər. ABŞ tərəfindən dəstəklənən kürd özünümüdafiə qüvvələri Suriyanın şimal-şərqində qərarlaşıblar.

Vaşinqton Rusiyanı Assad qüvvələrinə yüz minlərlə insanı öldürməkdə verdiyi dəstəyə görə tənqid edir.

Dəməşq danışıqlarında isə Zarif və Assad Qərb dövlətlərini “onlarla razılaşmayan ölkələrə qarşı müharibə və iqtisadi terror aparmaqda” ittiham ediblər.

Hazırda İran və Suriya ABŞ-ın sanksiyaları ilə üzləşib. Vaşinqton bu yaxınlarda İranın İslam İnqilabı Qvardiyasını terrorçu təşkilatlar siyahısına daxil edib.

İran xarici işlər naziri habelə özünün suriyalı həmkarı Walid al-Muallemlə görüşüb.

Suriyanın əl-Vətən qəzetinin yazdığına görə Suriya xarici işlər naziri ilə görüşdən sonra Zarif deyib ki, Astana danışıqlarının qarşıdan gələn dövrəsində tərəflər Suriyanın İdlib qəzasındakı vəziyyəti müzakirə edəcəklər.

Türkiyə ilə həmsərhəd bu bölgəyə əl-Qaedaya bağlı qüvvələr nəzarət edir.

İran xarici işlər nazirinin Suriyadan sonra Türkiyəyə səfər edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG