Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

Məşhur Amerika şairindən gənc şairlərə məsləhətlər


Tanınmış Amerika şairi, naşiri, tərcüməçisi və hətta professoru Matthew Zapruder New York Times qəzetində yazır ki, yaxşı şeir bir çoxlarının düşündüyündən daha sadə bir işdir.

Zapruder yazır: Çox təəssüf, klassik musiqi kimi poeziya barədə də belə bir fikir yayılıb ki, guya onu başa düşmək üçün xüsusi təhsil və təlim tələb olunur.

Şairin fikrincə, belə bir xürafat bir çoxlarını poezyanın əsl qəribəliyindən qorxudur və onları şeirdən uzaqlaşdırır.

Zapruder yazır ki, belə yanaşma geniş yayılıb. Məsələn Harold Bloom “İngilis dilində ən yaxşı şeirlər” kitabının müqəddiməsində yazır: “Poeziyanı oxumaq sənəti bəzi şeirlərdəki gizli işarələri sadədən mürəkkəbə doğru anlamaqdan başlanır”.

Zapruderin fikrincə isə bu hökm ağlabatan səslənsə də, tamamilə yanlışdır.

Şair yazır ki, şeir oxumaq sənəti böyük fəlsəfələr barədə düşüncələrdən başlanmır. Şeiri oxumaq elə onu oxumaqdan başlanır.

“Biz uşaqlıqda şeir oxumağı (və yazmağı) nə qədər sevsək də, məktəbdə bizə öyrədirdilər ki, poeziya özlüyündə “çətindir” və o təbiəti etibarilə mənaları gizlətməklə məna düzəldir” – yazır Zapruder.

Şair deyir ki, bu yanaşma düzgün deyil və biz çox vaxt öz hərfi mənasında yazılmış sözlərdə də onların məcazi mənasını axtarırıq.

Zapruder qeyd edir ki, bir ədəbiyyat müəllimi kimi o tələbələrini şeirdəki sözləri onların ilkin mənasında başa düşməyə dəvət edir.

“Mən onlara deyirəm ki, şeirdən bir söz seçin və sonra gedib onu kitabxanalarda araşdırın”.

Zapruder yazır: Belə bir təmrindən sonra tələbələr anlayırlar ki, şeiri oxuyarkən diqqəti sözün interpretasiyasına yox, özünə yönəltmək lazımdır.

Zapruderin fikrincə, poeziya haqqında əvvəlcədən formalaşdırılmış yanlış qənaət təkcə oxucuların yox, həm də gənc şairlərin problemidir.

“Bir çox gənc şairlər bilərəkdən qəlizləşdirmə ilə, daha dərin əfsun yaratmağı qarışdırırlar. Yaxşı şairlər oxucuların anlamasını çətinləşdirmək məqsədilə bilərəkdən nəyisə mürəkkəbləşdirmirlər. Təəssüf ki, həm gənc oxuculara, həm də şairlərə,şairlərin məhz belə etdiklərini təlqin etməyə çalışırlar. Belədə poeziya barədə pis informasiya, pis poeziya yaradır...Şairlər bu adəti tərgitmək üçün uzun zaman sərf etməli olurlar. Bəzi şairlər bunu heç vaxt tərgidə də bilmirlər. Onlar bilərkdən qəliz və ezoterik yazmaqda davam edirlər, çünki onların fikrincə bu, müəmmalı olmağa aparan ən qısa yoldur. Onların şeirləri, belə demək mümkündürsə gizli mənaya, nəyisə oxucudan gizlətməyə əsaslanır” – yazır Zapruder.

Şair bildirir ki, hekayə və ya roman yazanları deyə bilməz, amma şairlər gec, ya tez anlayırlar ki, poeziyada heç bir yeni ideya yoxdur.

Zapruderin fikrincə, şeir oxuyanlar onu təsirlənmək üçün yox, yalnız poeziyanın verə biləcəyi şəkildə anlamaq üçün oxuyurlar.

“Gənc şairlərdə dediklərini pərdələməyə güclü həvəs olur” – yazır şair.

O etiraf edir ki, özü də gəncliyində hər bir misra ilə istedadını və sənətkarlığını isbat etməyə çalışıb.

Zapruder yazır: “Bu hissdən yaxa qurtarmaq üçün uzun müddət çalışmalı oldum və yalnız bundan sonra babat şeirlərimi yazmağa başladım”.

Şair-müəllim qeyd edir ki, onun tələbələrinin əksəriyyəti sanki şeirin əvvəlindən şair olduqlarını büruzə verməyə çalışırlar və sanki kiminsə oxuyub qiymət verməsi üçün yazırlar.

Gənc şairlərdən bəziləri qəribəlik yaratmaq üçün sintaksisin – söz sırasının başına oyun açırlar.

Bəziləri isə şeiri yaddan çıxararaq misraları təsvirlər və məcazlarla doldururlar.

“Onlar şeirdə demək istədiklərini elə inadkarlıqla gizlətməyə çalışrılar ki, sanki bunun üstü açılsa poeziya alt-üst olacaq” – yazır Zapruder.

Onun fikrincə şeiri oxumaq o vaxt ləzzət verir ki, orada sözləri gündəlik həyatda eşitdiyimiz mənasında görürük.

Zapruderin qənaətinə görə bizə tanış, gündəlik dilimizdə yazılan şeir daha canlı, daha səslənişli və hətta daha nəcib olur. Axı hər bir söz heç bir hoqqabazlıq etmədən də dərin mənanın və qədim tarixin daşıyıcısıdır. Yaxşı şeir sadə mənaları elektrikləşdirir.

Yaxşı şeirdə dil olduğu kimi qalsa da, fərqli, hətta dua kimi ilahi səslənir.

“Bunun necə baş verdiyi hər bir şeirin öz sirridir, bəlkə də elə dərin mənasıdır. Şeir dəzgahına salınan dil yenidən canlanır. O olduğu və məna verdiyi kimi səslənir. Amma həm də adi mənasından daha dərin məna kəsb edir – yazır Zapruder, - Bir də görürsən ki, şeirdə parlayan, işıqlanan sözlər olur, sanki onları eletrik şəbəkəsinə qoşublar. Poeziya dil üçün, bizim üçün bax bunu edə bilir”.

Matthew Zapruder-in “Nə üçün poeziya?” (Why Poetry) kitabı bu ay çapdan çıxıb.

Qısa məlumat

Matthew Zapruder 1967-ci ildə Vaşinqtonda doğulub.

Onun ikinci şeirlər toplusu “Pijamaçı” (Pajamaist) 2007-ci ildə nüfuzlu William Carlos Williams mükafatına layiq görülüb.

Tənqidçilərin fikrincə Zapruderin şeirləri “poeziyanın qəribəliklərini gündəlik həyata qovuşdurur”.

O həmçinin Tupelo Poeziya Redaktorları, 2008-ci ildə isə Amerika İncəsənət və Elmlər Akademiyasının May Sarton şeir mükafatını qazanıb.

O Wave Books nəşriyyatının redaktoru və Kaliforniya Saint Mary kollecinin müəllimidir.

Zapruder elmi dərəcələrini rus ədəbiyyatı və slavyan dilləri sahəsində müdafiə edib.

Şeirləri ABŞ-ın bir sıra nüfuzlu qəzet-jurnallarında dərc edilib. Zapruderin bəzi şeirləri animasiya videoları ilə klipləşdirilib. Bunlardan biri də “Albert Einstein” şeiridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG