Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 13:27

Zelenski Zalujnını istefaya göndərdi, Sırski baş komandan oldu

Volodimir Zelenski və general-polkovnik Sırski
Volodimir Zelenski və general-polkovnik Sırski

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 8-də ölkənin quru qoşunları komandanı, general-polkovnik Aleksandr Sırskini baş komandan təyin edib.

Beləliklə, çoxdan dolaşan söz-söhbətin ardınca general Valeri Zalujnı baş komandan vəzifəsindən uzaqlaşdırılıb.

Prezident bu barədə deyib:

"Mən general Zalujnıya son iki ildə müdafiə üçün minnətdaram. Mən birlikdə və bütün Ukrayna hərbçilərinin sayəsində əldə olunmuş hər bir qələbə üçün minnətdaram...Bugün orduda dəyişikliyə ehtiyac olması barədə açıq söhbət etdik. Təcili dəyişiklik barədə. Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”.

Ukrayna prezidenti vurğulayıb ki, o müxtəlif səviyyəli onlarla komandirlə söhbətlər aparıb:

"Məsələn bugün briqada generalları Andrey Qnatov, Mixail Drapatı, İqor Skibyuk və polkovniklər Pavel Palisa və Vadim Suxarevski ilə danışdım. Onların hamısı orduda rəhbər vəzifələr üçün nəzərdən keçirilir və daha təcrübəli komandanın rəhbərliyi altında xidmət edəcəklər”.

Bundan əvvəl fevralın 8-də Zelenski baş komandan vəzifəsini tutan Valeri Zalujnı ilə görüşdüyünü bildirmişdi.

Zalujnı necə və hara gedir?

Bu görüşdən sonra Ukrayna mediaları xəbər verirdilər ki, Zalujnı istefaya gedir. Buna baxmayaraq bu xəbər rəsmən təsdiq olunmamışdı.

Zalujnının istefası barədə nə Zelenski, nə də onun özü heç nə demirdilər.

Zelenski deyib:

"General Valeri Zalujnı ilə görüşdüm. İki il müddətində Ukraynanın müdafiəsi üçün təşəkkür etdim. Ukrayna Silahlı Qüvvələrinə necə bir yenilənmə lazım olduğunu müzakirə etdik. Onu da müzakirə etdik ki, ordunun təzələnmiş rəhbərliyində kim ola bilər. Belə bir təzələnmənin vaxtı məhz indidir. Valeri Fyodoroviçə bundan sonra da komandada olmağı təklif etdim. Biz mütləq qələbə qazanacağıq!”

Zelenskinin bu məlumatı olan teleqram kanalı postundakı şəkildə onun Zalujnının əlini sıxdığı görünür.

Valeri Zalujnının özü bu görüş barədə suala “yanaşmalar və strategiyanın dəyişdirilməsi zərurəti barədə qərar qəbul olunub” şəklində cavab verib.

Ukraynanın müdafiə naziri Rustem Umerov da bildirib ki, Zalujnıya “bütün qələbə və nailiyyətlər” üçün təşəkkür edib.

Bundan əvvəl

Zalujnının istefaya göndəriləcəyinə və ya artıq göndərildiyinə dair məlumatlar Ukrayna mediasında və teleqram kanallarında yanvarın 29-da dərc olunub. Bundan bir neçə saat sonra Ukrayna rəhbərliyi bu xəbərləri rəsmən təkzib edib.

Amma sonrakı günlərdə mənbələrə istinadla Zelenskinin Zalujnını həqiqətən də vəzifədən uzaqlaşdırmaq niyyətində olduğu xəbər verilirdi.

Fevarlın 2-də The Washington Post mənbələrə istinadla yazırdı ki, Ukrayna rəhbərliyi Zalujnının istefası qərarı barədə ABŞ prezidentinə məlumat verib.

Qəzetin iddiasına görə Ağ Evdə bu qərarın dəstəklənib-dəstəklənmədiyinə dair heç nə demirlər və bunu Ukraynanın suveren hüququ hesab edirlər.

Fikir ayrılıqları

Qəzet bunu da yazırdı ki, Ukraynada ən populyar şəxsiyyətlərdən biri olan Zalujnının istefaya göndərilməsi ordunun psixoloji durumuna mənfi təsir göstərə, Qərb donorlarının Ukraynaya dəstəyi davam etdirmək qətiyyətini sarsıda bilər.

Bu da qeyd olunur ki, Ukraynada generalın mümkün istefasına dair xəbərlər birmənalı qarşılanmayıb.

Zelenski və Zalujnı arasında müharibə strategiyasından tutmuş səfərbərliyədək bir çox məsələlərdə fikir ayrılığının mövcudluğu barədə xəbərlər ilin sonundan yayılır. Amma Zelenski və Zalujnı bir-birini açıq tənqid etməyiblər.

Aleksandr Sırski 2022-ci ilin yayından bəri Xarkov vilayətində əks-hücumun komandanlarından biri olub.

O 2022-2023-cü illərdə Xortitsa qoşun birləşməsinə komandanlıq edib, Soledar və Baxmutun müdafiəsində rəhbər olub.

Valeri Zalujnının gözlənilən istefasına dair söhbətlərin fonunda bu da qeyd olunurdu ki, onun vəzifəsinə Sırski və ya hərbi kəşfiyyatın rəhbəri Kirill Budanov gətirilə bilər.

XS
SM
MD
LG