Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 08:33

'Fırtına Qladiator': Rusiya Ukraynaya hücumda məhkumlardan necə yararlanır?


"Fırtına Qladiator" bölməsinin əsgərləri
"Fırtına Qladiator" bölməsinin əsgərləri

Rusiya Müdafiə Nazirliyinin Ukraynada vuruşmaq üçün məhbuslardan qurduğu "Ştorm Qladiator" (Fırtına Qladiator) adlı gizli hücum dəstəsi savaşın ən qanlı döyüşlərinə qatılaraq ağır itkilər verib.

AzadlıqRadiosu rus xidmətinin "Sistema" araşdırma bölməsi "Ştorm Qladiator" qrupunun keçmiş üzvləri, onların yaxınları və qrupla bağlı bilgili şəxslərlə danışıb, onun tarixi, komandirləri, qrupa cəlb edilmə təcrübələri və dəstənin digər hücum birlikləri arasındakı yeri barədə məlumat toplayıb.

Ortaq ad "Şturm Z"dir

"Sistema"nın əməkdaşı Daniil Belovodyevin hazırladığı materialda deyilir ki, seçmə və özəl döyüş birliyi sayılan "Qladiator" ordunun məhbuslardan təşkil edilən hücum birliklərindən biridir. Bu birliklərin ortaq adı "Şturm Z"dir.

Bundan başqa, "Sistema"nın əldə etdiyi məlumata görə, "Qladiator" və ordunun məhbuslardan təşkil edilən digər hücum birlikləri prezident Vladimir Putinin ötən il iyunda imzaladığı qanunla yenidən formalaşdırılır. Bir ehtimala görə, "Qladiator" buraxılma prosesindədir.

2023-cü ilin payızında Rusiya qış gəlmədən yeni mövqelər tutmaqdan ötrü Ukraynada cəbhə xətti boyunca bir neçə istiqamətdə eyni zamanda hücum əməliyyatlarına başlamışdı. Ordunun "Şturm Z" hücum qüvvələri bu döyüşlərdə aparıcı rol oynamışdı.

"Əvvəlcə "Şturm Z" ilə təlim keçdik. Sonra [komandirlər] gəlib "Qladiator" birliyinə adamlar seçdilər. Hamımız həbsxanadan gəlmişdik", - bir keçmiş əsgər "Sistema"ya belə deyib.

Təqaüdçü bir dəstə corabı "Fırtına Qladiator'a təhvil verir.
Təqaüdçü bir dəstə corabı "Fırtına Qladiator'a təhvil verir.

Sosial mediada yayılan videohekayət

Ukraynada əsir götürülən rusiyalı əsgər Dmitri Knayev də ötən ilin dekabrında ukraynayönlü sosial media kanallarında yayılan videomüsahibəsində buna bənzər hekayət dilə gətirmişdi. O, adam öldürdüyü üçün 7 il həbs cəzası aldığını və həbsdə ikən orduya cəlb edilərək "Şturm Z"yə göndərildiyini, buradan da "Qladiator"a seçildiyini söyləyib.

"Qladiator"a yaxın qaynaqlar döyüşçülərin fiziki durumlarına, subay olmalarına, habelə ordu və hüquq-mühafizə orqanlarında təcrübələrinə görə seçildiklərini bildirir. İlkin təlimləri "Vaqner" muzdlu döyüşçü qrupunun, yaxud Çeçenistanın "Axmat" özəl qoşun birliyinin təlimçiləri keçib.

Qaynaqlardan biri "Sistema"ya "Qladiator"un ən ağır döyüşlərə göndərildiyi üçün böyük itkilər verdiyini deyib. Bir "Qladiator" döyüşçüsü birliyin ötən ilin payızında üç ay ərzində ağır döyüşlərdə üzvlərinin 60 faizini itirdiyini söyləyir. Bu say yalnız ölən və yaralılanları əhatə edir; itkin düşənlər və əsir götürülənlər bura daxil deyil. "Qladiator"un bu ilin əvvəlindən bəri buraxıldığını, sağ qalan əsgərlərinsə başqa birliklərə təyin edildiyini göstərən dəlillər də var.

Ötən ilin iyununda general-mayor İvan Popov öz əsgərlərinə səsli mesaj göndərərək 58-ci ordunun komandanı vəzifəsindən çıxarıldığını elan edib. Onun bu müraciətini hakim Vahid Rusiya Partiyasının üzvü, deputat Andrey Qurulyov Telegram-da paylaşıb. Qurulyov 2016-19-cu illərdə Rusiyanın Cənub Hərbi Dairəsi komandanının müavini olub.

"Sistema" araşdırdığı sənədlərlə "Qladiator"un 58-ci ordunun bir hissəsi olduğunu üzə çıxarıb.

"Qladiator"un qərargah rəisi mayor Vladislav Olenski 2019-cu ildə rüşvət və hədə-qorxu ilə tələb etmə ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.
"Qladiator"un qərargah rəisi mayor Vladislav Olenski 2019-cu ildə rüşvət və hədə-qorxu ilə tələb etmə ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

General Spartakın səsli mesajı

Döyüşçü adı "Spartak" olan general səsli mesajında əsgərlərinə hərbi komandanlığa problemli məsələlər barədə şikayət edəndən sonra vəzifəsindən azad edildiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu bildirir ki, Popov Baş Qərargah rəisi general Valeri Qerasimova ön cəbhədəki əsgərlərin yeniləri ilə əvəzlənməli olduğunu deyib. Bundan az sonra onu Suriyaya göndəriblər. Rusiyanın Suriyada güclü hərbi iştirakı mövcuddur.

Popovun yerinə general-leytenant Denis Lyamin 58-ci ordunun komandanı təyin edilib. Gənc general Lyamin Müdafiə Nazirliyinin "Şturm Z" ilə bağlı sənədini imzalayan əməkdaşlarından biri olub. Həmin sənədin ayrı-ayrı fraqmentləri ötən ilin oktyabrında "IStories" platformasında çap edilib. "Sistema" 2023-cü ilin fevralına aid bu sənədin tam versiyasını əldə edib. Bu sənəd məhbuslardan təşkil olunan hücum qruplarının yaradılması haqdadır. Sənəddə komandirlərə əmrlərə tabe olmaqdan boyun qaçıran və ya mövqeyini icazəsiz tərk edən əsgərləri "nizam-intizamı təmin etmək məqsədilə" güllələmək yetkisi verilir.

XS
SM
MD
LG