Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Z.Yağmur: 'Bu, siyasi hoqqabazlıdan başqa bir şey deyil'


Z.Qaralov
Z.Qaralov

«Bu, siyasi hoqqabazlıqdan başqa bir şey deyil».

Yazar Zümrüd Yağmur bunu Azadlıq Radiosuna Baş prokuror Zakir Qaralovun dünən, oktyabrın 1-də məlum açıqlamaları ilə bağlı bildirib.

Z.Yağmur hesab edir ki, Azərbaycanda ədalətsizliklərin baş verməsinin səbəbləri elə Z.Qaralovun da təmsil olunduğu iqtidardır: «Mən onların ədalətinə, yaxud da heç bir siyasi mənfəət güdmədən Azərbaycanda hər hansı bir insanın, qadının, kişinin, uşağın - fərq etməz - haqqını doğrudan da qorumaq istəyi ilə bağlı səmimiyyətinə inanmıram. Belə bir təşəbbüsüm də yoxdur ki, kimdənsə kiminsə haqqında araşdırma istəyim, kiminsə cinayət məsuliyyətinə cəlb olunmasını istəyim. Belə bir istəyim yoxdur».

Zümrüd Yağmur Zakir Qaralova cavab verdi
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Z.Yağmur sual edib: «Bəs mənim 14-yaşlı qızım küçədə döyüləndə onlar hardaydı?».

Z.Yağmurun sözlərinə görə, əgər onlar səmimidirsə, ölkədə işgəncələrlə bağlı şikayətləri araşdırmalıdırlar.

Bu ilin aprelində Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun qızının küçədə fiziki zorakılıq və təhqirlə üzləşdiyi açıqlanmışdı.

Bu məsələyə görə xırda xuliqanlıqda ittiham edilən Tural Qarayev adlı şəxs 15 sutka inzibati həbs cəzası almışdı. T.Qarayev həmin vaxt yaydığı videomüraciətdə F.Qəhrəmanlı və Z.Yağmuru xarici qüvvələrə işləməkdə günahlandırmışdı.

F.Qəhrəmanlı və Z.Yağmur isə hesab edirdilər ki, həmin şəxs yuxarıdan himayə olunur, əks halda, inzibati cəza ilə məsələ bitməzdi.

Fuad Qəhrəmanlı Zakir Qaralova cavab verdi

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı Baş prokuror Zakir Qaralovun onun haqqında dedikləri ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, yalnız müxtəlif təkidlərdən sonra bu məsələyə münasibət bildirmək qərarına gəlib.

«...Qısaca bildirirəm ki, indiyə qədər məni ittiham edən tərəflə bağlı keçmişi nəzərə alıb, heç bir mənfi fikir deməmişəm və bundan sonra da deməyəcəyəm. Xahiş edirəm kimsə də deməsin. Ancaq zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığışdırmıram. İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib AXCP sədrinin müavinliyindən istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb məyus oldular və son çarə kimi indi də bu yolla işlərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefam kimə lazımmış?», - F.Qəhrəmanlı sual edib.

Zakir Qaralov Fuad Qəhrəmanlıdan danışıb

«AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində qeyri-hökumət təşkilatlarının (QHT) müraciəti Baş Prokurorluqda baxılma ərəfəsindədir».

APA-nın məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qadın və uşaq hüquqlarını qoruyan QHT-lər F.Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib: «Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq».

Z.Qaralov deyib ki, bu gün özünü müxalifət adlandıran, özlərini daim cəmiyyətə vətəndaşların hüquqlarının müdafiəçisi kimi təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar: «Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlarda vaxtında bir tədbir görməyiblər və heç bir məlumat verməyiblər».

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı isə bundan əvvəl qızına və xanımına ağır xəsarət yetirməsi ilə bağlı iddiaları yalanlamışdı. Bununla belə, o, sonradan bu iddiaların mənsub olduğu partiyanın lideri Əli Kərimliyə ziyan vuracağını söyləyərək onun müavinliyindən istefa verdiyini açıqlamışdı.

Onun ailə üzvləri isə F.Qəhrəmanlının bu məsələdə açıqlamasının heç də həqiqət olmadığını bildirmişdilər. Həyat yoldaşı Zümrüd Yağmur AzadlıqRadiosuna qızının zorakılıqla bağlı yazdıqlarının doğru olduğunu söyləmişdi. O, illər öncə boşanmaq barədə qərarını gerçəkləşdirməməsinə təəssüfləndiyini də gizlətməmişdi. F.Qəhrəmanlının xanımının artıq boşanma üçün müraciət etdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG