Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

Səfirin bacısının həbs etdirmək istədiyi tələbə aeroportda saxlanılıb


Zəka Mirağayev
Zəka Mirağayev

Bakı Dövlət Universitetinin (BDU) “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həbs etdirmək istədiyi tələbə Zəka Mirağayev Gürcüstandan Bakıya qayıdarkən saxlanılıb. Polisə təhvil verilən Mirağayev bir müddət sonra buraxılıb.

N.İsmayılzadə dördüncü kurs tələbəsi olan Z.Mirağayevin fakültədə korrupsiya halları, tələbələrə qarşı təzyiqlər haqda mətbuatdakı yazılarında, müsahibələrində onun adını çəkməsini əsas gətirərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Tələbənin ona böhtan atdığını iddia edən dekan müavini Mirağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını istəyib. Bir neçə ay davam edən məhkəmənin son çıxışlarında İsmayılzadənin vəkili Kamandar Nəsibov bildirdi ki, onlar Mirağayevin yalnız həbslə cəzalandırılmasını tələb edirlər.

Buna da bax: Müəllimin tutdurmaq istədiyi tələbə axtarışa verildi

10-CU MADDƏNİN POZULMASI

Bundan sonra Z.Mirağayev ölkəni tərk etdi. Mətbuata yazılı açıqlamasında da bildirdi ki, heç bir günahı olmadığı halda, həqiqətləri dilə gətirdiyinə görə sifarişlə həbs olunmamaq üçün bu addımı atıb.

Nigar İsmayılzadə
Nigar İsmayılzadə

Mirağayev məhkəməyə gəlmədiyinə görə onun barəsində məcburi gətirilmə qərarı çıxarıldı.

Bir neçə aydan sonra Bakıya qayıdarkən saxlanılan Z.Mirağayev noyabrın 7-də yenidən hakim qarşısına çıxarılıb. Məhkəmədə tələbənin vəkili Elçin Sadıqov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs haqqında cinayət təqibinə xitam verilməsini istəyib:

Buna da bax: Səfirin bacısının məhkəməsində Vasim Məmmədəliyevin adı hallandı

“Qarşı tərəf fakültədəki neqativ hallar haqda fevralda mətbuatda dərc olunmuş məqalənin Zəka Mirağayev tərəfindən yazıldığını sübut edə bilmədi. “Kanal-13”də fakültədəki korrupsiya, Nigar İsmayılzadə haqqında səslənən fikirlər isə qiymətləndirici mülahizələrdir. Zəka Mirağayevə qarşı başlanmış bu iş həm də Avropa Konvensiyasının ifadə azadlığına təminat verən 10-cu maddəsinin pozulmasıdır”.

“HEÇ NƏYİ ARAŞDIRMADILAR”

Ardınca tələbə özü son sözünü deyib. Bildirib ki, onun mediaya açıqlamarından öncə fakültənin tələbələri orada baş verənlər, o cümlədən korrupsiya halları haqda məktubla dövlət başçısına müraciət ediblər. Onun sözlərinə görə, şikayətlərdən sonra BDU daxilində yaradılmış komissiya da fakültədəki pozuntuları qeydə alıb: “Mənim müsahibələrimdə bəhs etdiyim pozuntular komissiyanın rəyində də var. Mən fakültədəki korrupsiyanın araşdırılması üçün hüquq-mühafizə orqanlarına, Baş Prokurorluğa müraciət elədim, amma araşdırmadılar. Baş Prokurorluqdan bir-birinə zidd iki məktub göndərdilər. Birində yazdılar ki, müraciətim araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. O birisində yazdılar ki, Təhsil Nazirliyinə göndərilib. Son nəticədə də ümumiyyətlə, heç nəyi araşdırmadılar”.

Buna da bax: Yaponiya səfirinin bacısının adı gedən məhkəmə

Günahsız olduğunu deyən Mirağayev məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmənin hökmü noyabrın 8-də elan olunacaq.

Bir müddət öncə BDU-da “İlahiyyat” fakültəsi ləğv olunub.

Tələbənin həbs olunmasını istəyən keçmiş dekan müavini Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG