Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:56

Zərdabda aksiya keçirilib 


Sentyabrın 2-də Zərdab rayonu Çallı kənd sakinlərinin etiraz aksiyası keçirdiyi bildirilir.

Sakinlərin sözlərinə görə, onlar kəndə məxsus olan örüş sahələrinə buraxılmırlar.

Etiraz edən sakinlər AzadlıqRadiosuna bildiriblər ki, Çallı bələdiyyəsinin keçmiş sədri Əyyub Əzizov kəndin 186 hektar örüş sahəsini mənimsəyib.

"Biz şikayət edəndən sonra iş məhkəməyə gedib. Amma məhkəmənin qərarı çıxana qədər bizi örüş torpaqlarımıza buraxmırlar. Biz öz torpaqlarımızda əsir qalmışıq, malqaranı saxlaya bilmirik. Qara camaatı niyə bu günə qoyurlar? Çıxsınlar cavab versinlər", deyə şikayətçilər bildiriblər.

Daha sonra örüş torpaqlarının ərazisində olan malqaranın İcra Hakimiyyəti kənd nümayəndəliyinin təmsilçisi və yerli polis qüvvələri tərəfindən ərazidən çıxarıldığı və aksiya iştirakçılarının isə oradan kənarlaşdırıldığı deyilir.

Qarşı tərəfin cavabı : “Yeddi aydır mənim mülkiyyətimi…"

Bələdiyyənin keçmiş sədri Əyyub Əzizov isə ittihamlarla razılaşmır. Əyyub Əzizov “Turan” agentliyinə bildirib ki, onun 1997-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ailə fermer təsərrüfatı ilə bağlı protokolu da var:

"Bu fermer təsərrüfatında dörd ailə birləşib, əkinçilik və heyvandarlıqla məşğuldur. 1997-ci ildə ailə fermer təsərrüfatının yaradılması üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə ilkin olaraq 50 hektar torpaq sahəsi ayrılıb və bunun da dövlət aktı var. 2008-ci ildə təsərrüfatın genişlənməsi ilə əlaqədar əlavə olaraq 86 hektar torpaq verilib və bu topağın elektron qeydiyyatı var. Ailə fermer təsərrüfatı özəl məxsusi mülk sayılır və Konstitusiyaya əsasən dövlət onu qorumağa borcludur. Yeddi aydır mənim mülkiyyətimi talayıb darmadağın ediblər".

O, əlavə edib ki, torpaq ona verilməyənə qədər baxımsız vəziyyətdə olub:

"Bu torpaqlara 50 ildir ki, su aparılmırdı. Mən 6 kilometr yarım su kanalı çəkmişəm. Yararsız sahələrin hamarlanmasına, kanalizasiyanın çəkilməsinə, kollektorların tikintisinə 200 min manat pul vermişəm. Yüzlərlə baş xırda və iribuynuzlu heyvanlar üçün tövlə tikmişəm, 3 kilometrlik elektrik xətt çəkilib. Amma mart ayında kənd sakinləri bu xətlərin hamısını məhv ediblər, təzədən 5 min manat xərcləyib onları bərpa etmişəm. Əziyyətlə qurduğum 50 hektar taxıl sahəsini, 20 hektar ot sahəsini, 108 hektar ot, örüş sahəsini, su kanalını məhv ediblər. Bunun nəticəsində mən indi heyvanlar üçün otu satın almalıyam ki, onları qışda yemlə təmin edim…”

O sonda da əlavə edib ki, qanun hamı üçün qanundur:

“Məhkəmənin avqust ayının 11-də çıxardığı qərarı ilə əraziyə giriş qadağandır. Lakin buna baxmayaraq torpaqlarıma basqın edilib".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Zərdab Rayon İcra Hakimiyyəti və başqa rəsmi qurumlardanmünasibət öyrənmək mümkün olmayıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG