Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:21

Zəhərlənən ananın körpəsinin də vəziyyətinin pisləşdiyi deyilir


Lətafət Dadaşova. Nurlananın anası
Lətafət Dadaşova. Nurlananın anası

Saatlı rayonunun Smadakənd kəndində pambıq tarlasında zəhərlənən Sabirabad rayon sakinlərinin müalicəsi davam edir. İyunun 11-də Saatlı Rayon Xəstəxanasından evə buraxılanlar bir gün sonra, iyunun 12-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bakıdan mütəxəssis dəvət edilib. Elə həmin mütəxəssisin gəlişindən sonra vəziyyəti ağır olan dörd xəstə Bakıya- 1 Saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Bu barədə AzadlıqRadiosuna xəstələrin ailə üzvləri məlumat verib. Sabirabad rayonunun Nəsimi kəndinin sakini Əziz Dadaşov bildirir ki, 17 yaşlı qızı Nuridə yolda özündən getdiyindən, elektrik şoku tətbiq etməklə onu ayıldıblar. Zəhərlənən qadınların son günlər ana südü ilə qidalanan övladlarının- təqribən 1 yaşları olan Əli və Nurlananın, onlara evdə qulluq etmiş İradə Əliyevanın da vəziyyətinin pisləşdiyi, onların da təcili yardımla xəstəxanaya gətirildiyi bildirilir.

Bu barədə həmin uşaqlardan birinin anası danışıb.

«Hər şey yüksək səviyyədə nəzarət altındadır»

«Zəhərlənənlərin heç birinin həyatı üçün təhlükə yoxdur, vəziyyət sürətlə yaxşılığa doğru gedir».

***Buna da bax-Tarlada zəhərlənənlərin bəzilərinin halı yenidən pisləşib

Bunu isə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyir:

«Mən bu gün (iyunun 13-də) səhər saat 10-da Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakıdan gələn toksikoloq həkim və hər iki rayonun xəstəxanalarının rəhbərləri ilə birgə orada olmuşam. Baş prokurorun müavini Rüstəm Usubovun göstərişi ilə Saatlı rayon prokuroru da gəlmişdi. Bütün xəstələrə baş çəkib onların hər birinin vəziyyəti ilə tanış olduq. Allaha şükür, heç birinin həyatı üçün təhlükə yoxdur. Yüngül simptomlarla müraciət edənlərdən 5 nəfəri dünən gecə saat 12-yə işləmiş evə buraxılıb. Həkimlər deyir ki, burada qalanların da bəziləri buraxıla bilər. Amma səhiyyə naziri hər ehtimala qarşı onların bu gün də stasionar şəraitdə saxlanılmasına göstəriş verib. Aldığımız məlumata görə, Bakıda olan 8 nəfərin də vəziyyəti yaxşılığa doğru gedir».

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkmi Yusif Quliyevlə isə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Müəssisə rəhbərinin həm mobil, həm də xidməti telefonları davamlı zənglərimizə cavab vermədi. Ona görə də iki körpə uşağın səhhətinin pisləşməsi ilə bağlı deyilənlərə ondan münasibət almaq mümkün olmadı.

Sabirabad xəstəxanası
Sabirabad xəstəxanası

Nə baş vermişdi

İyunun 10-da Saatlı rayonunun Smadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan dörd nəfərinin durumu nisbətən ağır olduğundan iyunun 11-də Bakıya gətirilmişdilər. Qalan 18 nəfərin isə sonradan evə buraxıldığı açıqlanmışdı. Ancaq iyunun 12-də onlardan bəzilərinin yenidən halının pisləşdiyi və xəstəxanaya çatdırıldığı bəlli olmuşdu.

İndi isə onlardan da əlavə dörd nəfərin Bakıya göndərildiyi açıqlanıb.

***Buna da bax-Pambıqçıları daşıyan traktor suya aşıb: 6 ölü

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Xatırlatma

Son vaxtlar Azərbaycanda pambıq sahələrindən bir neçə belə acı xəbərlər eşidilib. Ən son ağır hadisə bu il mayın 7-də, səhər saatlarında Sabirabad rayonunda baş vermişdi. Şəhriyar kəndində pambıq sahəsinə gedərkən traktorun qoşqusunun aşması nəticəsində altı nəfər vəfat etmişdi. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilirdi.

Son illər Azərbaycanda pambıqçılığa diqqət artırılıb. Rəsmi açıqlamaya görə, 2015-ci ildə ölkədə cəmi 18 min hektarda pambıq əkilib, 35 min ton pambıq tədarük edilib.

2017-c ildə isə pambıq tədarükü 207 min tona çatdırılıb. Hökumət rəsmiləri habelə vurğulayıblar ki, pambıqçılığın inkişafı əhalinin məşğulluğunu artırıb. Ancaq hakimiyyətin opponentləri pambıqçılığı «qul əməyi» kimi dəyərləndirirlər. Üstəlik, onların fikrincə, pambıqçılığın inkişafı heyvandarlığa ziyan olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG