Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:51

DTX Yunis Səfərovla birgə Suriyada döyüşənləri həbs etdiyini deyir


Azerbaijan -- The State Security Service
Azerbaijan -- The State Security Service

Dövlət Təhlükəsizlik Xidməti iyulun 15-də Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətdiyi deyilən Yunis Səfərovun işi ilə bağlı yeni məlumatlar yayıb.

Məlumatda deyilir ki, onun və daha dörd nəfərin İran İslam Respublikasında yaşayan Tohid İbrahimbəyli tərəfindən “hərbi təlimlər keçmək, döyüşlərdə iştirak etmək” üçün Suriyaya göndərildiyi müəyyən edilib.

Tohid İbrahimbəylinin “Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar etdiyi”, hələ 2017-ci ilin yanvarında “radikal şiə təriqətçilərinə məxsus” “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış etdiyi iddia olunur.

Məlumatda bu da deyilir ki, Tohid İbrahimbəyli 2013-2016-cı illərdə bir sıra vətəndaşları İranın Qum şəhərində toplayaraq “maddi maraq qarşılığında” qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmək üçün Suriyaya göndərib. Həmin şəxslərin Taleh Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib İbrahimli, Pərviz Musayev, Elmir Ziyadov olduğu iddia edilir.

“Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub”, - DTX-nın məlumatında deyilir.

Adıçəkilən şəxslərin iyulun 14-də saxlanıldıqları və cinayət məsuliyyətinə cəlb olunduqları qeyd edilir.

Hələlik adıçəkilən şəxslərin yaxınlarının və ya vəkillərinin mövqeyini almaq mümkün olmayıb.

Buna da bax-"Şahin Hacıyev: 'Hakimiyyət özünü bu ölkədə heç nə baş verməyəcəyinə inandırıb'.

Xatırlatma

İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

Onun həbsindən sonra xəsarət aldığı görünən fotolar və polis idarəsində öldürülməsi haqda şaiyələr yayılıb. Amma Yunis Səfərov qısa vide açıqlamasında ona işgəncə verilmədiyini, üzündəki xəsarəti polisə müqavimət göstərərəkən aldığını deyib. Rəsmi iddialarla bağlı münasibəti açıqlanmayıb.

Bu sui-qəsddən bir qədər sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirlməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı 22 nəfərin həbs edildiyini, 8 nəfərin axtarışda olduğunu, axtarışda olanlardan bir nəfər – Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

Hakimiyyət baş verənləri “xaricdən yönləndirilən təxribat” kimi təqdim edirlər.

Müxalifət isə bunu “sosial ədalətsizliyin, məmur özbaşınalıqlarının sonucu” kimi dəyərləndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG