Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Yunis Səfərova ömürlük həbs cəzası kəsildi 


Əzərbaycan- Yunis Səfərov
Əzərbaycan- Yunis Səfərov

Yunis Səfərov son sözündə bildirib ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı bu addımı atmağa onu vadar edən məmur özbaşınalığı olub. Onun sözlərinə görə, "məmur özbaşınalığı" deyəndə, söhbət yalnız Elmar Vəliyevdən getmir. 

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacşyevin sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökmə əsasən, digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Onlar da təqsirli hesab edilib, lakin öldüklərinə görə cəza təyin edilməyib.

Vəkillər AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Səfərovun son sözü

Yunis Səfərov son sözünü deməyə başlayanda məhkəmə zalında olanların onu eşidə bilməsi üçün mikrofonla təmin edilməsini istəyib. Buna cavab verən hakim Əfqan Hacıyev deyib ki, zaldakı mikrofon işləmir. Həm də onun son sözü artıq sosial şəbəkələrdə artıq yayılıb, insanlar oxuyub.

Məhkəmə zalında olanlar buna etiraz edib: "Biz Gəncədən o boyda yolu gəlmişik ki, burada nə deyildiyini eşidək..."

Bu etirazlara hakim "kimin xoşu gəlmir, çıxıb gedə bilər" cavabını verəndə təqsirləndirilən şəxslərdən Firudin Zeynalov qışqırıb: "Bu ölkə sənin deyil ki, adamlarla belə danışırsan..."

Yunis Səfərov son sözündə bildirib ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı bu addımı atmağa onu vadar edən məmur özbaşınalığı olub. Onun sözlərinə görə, "məmur özbaşınalığı" deyəndə, söhbət yalnız Elmar Vəliyevdən getmir.

"Ümumilikdə bütün ölkəmizi cənginə alan bir xəstəlikdən gedir. Belə bir duruma qarşı vətəndaş etiraz edirsə, bu normaldır, belə də olmalıdır. Burada problem yoxdur. Məsələ budur ki, niyə etirazın bu formada olub - zor, güc, silah tətbiq etməklə?” – deyən Səfərov Gəncə əhalisinin Elmar Vəliyevdən narazılığının hamıya bəlli olduğunu, amma heç bir tədbir görülmədiyini vurğulayıb.

Hakimlər Yunis Səfərovun son sözünü yarımçıq kəsərək hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG