Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Kasıblar onlar üçün nəzərdə tutulmuş mənzilləri niyə ala bilmirlər?


Güzəştli mənzil layihəsi kimləri varlandırır?
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Güzəştli mənzil layihəsi kimləri varlandırır?

Hökumət üç il əvvəl güzəştli mənzil layihəsi elan elədi ki, alimlər, müəllimlər, Qarabağ döyüşlərində həlak olunların ailələri və başqa güzəştli kateqoriyaya aid olanlar da əlverişli şərtlə ev-eşik sahibi olsun, kirayələrə pul xərcləməsin.

Amma həmin evlərə doğrudan da ehtiyacı olan adamların köçməsinə şübhə edənlər var.

Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Elyar İslamoğlu deyir ki, yeddi ildir dörd nəfərlik ailəsi ilə kirayədə yaşayır. Bildirir ki, onun kimi kirayədə yaşayan bir çox həmkarlarının da ümidləri daşa dəydi. Onun sözlərinə görə şərtlər elədir ki, onlara güzəştli mənzil düşmür.

O, iddia edir ki, indi həmin mənzilləri pullu adamlar alıb verir kirayəyə. Onlara da işıqlı evlərin pəncərələrinə kənardan baxmaq qalır:

“Necə olur ki, həmin mənzilləri ehtiyacı olmayan şəxslər alır? Orda yaşayış olmayan mənzilləri yoxlamalıdırlar. Kirayə elanlarında kirayə verilən mənzilləri yoxlamalıdırlar. Əraziyə gedib yoxlamalıdırlar ki, hansı mənzillər kirayədədir? İndiki vəziyyət böyük bir narazılıq yaradır. Xüsusilə də elmi işçilər və ziyalı təbəqə arasında qıcıq və əsəb gərginliyi yaradır. İnsanları bu yolla da dövlətə qarşı çevirirlər”.

Elyar İslamoğlu deyir ki, hazırda bir neçə səbəb ona güzəştli mənzil almaq imkanı vermir. Belə ki, satış vaxtı sistem onu səbəbsiz yerə avtomatik kənara atır və sayta yenidən daxil olanda görür ki, evlər satılıb. Elmi işçi deyir ki, evlər bir neçə saniyə ərzində satılır, bu da çox şübhəlidir.

Onun sözlərinə görə, ikinci maneə budur ki, mənzillərin satışını həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA tələb edir ki, maaşı aşağı olan şəxslər bankdan ipoteka kreditinin razılaşması barədə sənəd təqdim etsin.

Mənzil sahibi olmaq üçün neçə il işləmək lazımdır?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Banklar ipoteka vermir

Elyar İslamoğlu deyir ki, maaşları aşağı olduğu üçün banklar alimlərə bu sənədi vermir və beləliklə də mənzil satışı üçün müraciət etmək mümkün olmur.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, Elyar İslamoğlu kimi xeyli adamın bu layihə ilə bağlı ümidləri daşa dəyib. Onun sözlərinə görə, azgəlirli güzəştli mənzil layihəsi öz mahiyyətindən uzaqlaşıb və kommersiya layihəsi kimi görünür:

“Orda bir şərt də var ki, evin pulunu nəqd şəkildə verəndə 10 faiz güzəşt edilir. Evin qiyməti azı 35-40 min manatdır. Əgər 35-40 min pulu varsa, niyə yoxsul sayılmalıdır?! Bu kriteriyalar özü düzgün deyil, sosial mənzil ideyasına tamamilə ziddir. Bununla bərabər onların şərtləri də sırf kommersiya şərtləridir. Mənzilin kv.m-ni 950 manatdan bunlar təklif edir, amma elə özəl şirkətlər var ki, 500-600 manata təklif edir”.

Qadir İbrahimli deyir ki, bu mənzillər dövlət yardımı ilə tikildiyi üçün əslində orta bazar qiymətindən ucuz olmalı idi, amma bahadır.

Bu iradlara rəğmən MİDA rəsmiləri hesab edir ki, mənzil satışı elə necə nəzərdə tutulmuşdusa, elə də keçirilir.

Hərçənd qurumdan gün ərzində telefon zənglərimizə cavab verən olmadı və sorğumuza cavab verilmədi.

MİDA -nın saytında deyilir ki, bu ilin oktyabrında 570 mənzil “Elektron hökumət” portalı üzərindən etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

“Satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir”.

MİDA bildirir ki, budəfəki seçimdə 3 fəlsəfə doktoru, 11 elmlər doktoru, 66 azı üç il elmi vəzifədə işləyən elmi işçi mənzil ala bilib.

Qiymətlər simvolik olmalıdır

Amma iqtisadçı Qadir İbrahimli deyir ki, bu məlumatların doğruluğuna şübhəylə yanaşır və hesab edir ki, həmin məlumatlar ictimaiyyət tərəfindən yoxlanmalıdır. Onun sözlərinə görə, dövlət güzəştli mənzil layihəsinə yenidən baxmalıdır:

“Bu Dövlət Agentliyi ləğv edilməlidir. Onun dövlət vəsaiti hesabına fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bu məsələ bələdiyyələrin ixtiyarına verilməlidir. Hər bir bələdiyyə mənzil inşa etməlidir və həmin bələdiyyə ərazisində yaşayan aztəminatlı şəxslər orda məskunlaşmalıdır. O evlər satıla bilməz. Həmin evlər simvolik qiymətlərlə kirayə verilməlidir”.

Güzəştli mənzil satışı ilə bağlı problem keçən il də aktuallaşmışdı. 2018-ci ilin mayında mənzil satışı baş tutmamışdı və nəticələr ləğv edilmişdi.

MİDA bunun texniki səbəbdən baş olduğunu demişdi.

Keçən ilin sentyabrında keçirilən növbəti satışdan narazı vətəndaşlar MİDA nın qarşısında etiraz aksiyası keçirmişdilər və satışın qeyri-şəffaf olduğunu iddia etmişdilər. Qurum iddialarla razılaşmamışdı.

XS
SM
MD
LG