Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:25

2013-cü ildə Rusiya dövlətinin dəstəklədiyi RT (Russia Today) xəbər kanalı YouTube-da baxış sayı 1 milyardı keçmiş ilk xəbər kanalı olub. Kanal bu hadisəni qeyd etmək üçün YouTube-un vitse-prezidenti Robert Kyncl-ı studiyaya dəvət etmişdi.

Sonradan saytın baş biznes direktoruna çevrilən Robert Kyncl RT-nin studiyasında qonaq olduğu zaman kanalı tamaşaçılara «təbliğat gündəmi» deyil, «həqiqi kontent» təqdim etdiyinə görə tərifləmişdi.

Bu gün Vaşinqtonda müstəntiqlər Rusiyanın ABŞ siyasətinə müdaxiləsinin miqyasını və dərinliyini araşdırırlar. RT ilə YouTube arasında bir zamanlar yaxşı olan münasibətlər indi dərindən araşdırılır.

2.2 MİLYON İZLƏYİCİ

Dünyanın ən çox baş çəkilən video saytı, Amerikanın ən güclü və nüfuzlu şirkətlərindən birinə məxsus YouTube, ABŞ kəşfiyyat ictimaiyyətinin təbirincə desək, «Kremlin əsas beynəlxalq təbliğat maşını» olan RT-nin qurulmasında və genişlənməsində nəhəng rol oynayıb.

***Buna da bax-Putin yenə də ABŞ mediasını hədələyir

Əgər Kremlin agentləri Facebook-da gizli qruplar yaradaraq ABŞ-da siyasi parçalanmanı dərinləşdirməyə çalışıblarsa, RT açıq fəaliyyət göstərib. Üstəlik, o, dünyanın bütün xəbər qurumları arasında ən geniş auditoriyaya malik olub. Onun YouTube-dakı axtarış nəticələri də nəhəng sayda olub.

ABŞ kəşfiyyat rəsmilərinin sözlərinə görə, 2016-cı ildə ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, RT davamlı şəkildə demokratların namizədi Hillary Clinton haqda mənfi materiallar göstərib. Bu materiallar arasında korrupsiya iddiaları, Clinton ailəsinə məxsus fondun islam ekstremizmi ilə əlaqələri, rus hakerləri tərəfindən oğurlanmış e-mail-lər və Clinton-un fiziki və ruhi sağlamlığının zəifliyi kimi mövzular daha çox qabardılıb.

Rusiyanın nəzarət etdiyi Facebook səhifələri kimi, RT-nin YouTube videoları da saytın qaydalarına əməl edir. Bu qaydalar çılpaq bədənin nümayişini, müəllifin hüquqlarının pozulmasını, irqi və dini zorakılığın təbliğini qadağan etsə də, təbliğatı əhatələmir.

Hazırda RT-nin YouTube kanalının 2.2 milyon abunəçisi var. Bu, CNN-in YouTube kanalının abunəçi sayından bir qədər azdır.

Rusiya prezidenti V.Putin RT-nin Moskva studiyasında
Rusiya prezidenti V.Putin RT-nin Moskva studiyasında

YOUTUBE RT-NİN İZLƏYİCİ SAYINI NECƏ ARTIRIB

YouTube RT-yə gərəkən geniş auditoriyanı və dünyaya çıxış imkanını verərək, onun Rusiyadan kənardakı tamaşaçılara təsir edə bilən alternativ xəbər mənbəyinə çevrilməsinə yol açıb.

RT bu mənada YouTube-un təsir gücünü anlayaraq ona ciddi yanaşan, bu platformada yaxşı nəticələr göstərməyə çalışan ilk xəbər qurumlarından biridir. RT müntəzəm olaraq videolar yükləyir, onların arasına müxtəlif fəlakətlər haqda materiallar yerləşdirməyi də unutmur. Belə materiallar daha uzun baxış müddətini və bəyənmə (like) sayında artımı təmin edir. Nəticədə YouTube-un alqoritmi bu axtarış nəticələrində və tövsiyələrdə RT-nin materiallarını daha çox üzə çıxarır.

Yaponiyada zəlzələ və nəhəng sunami dalğası haqda geniş yayılmış video başqa mənbələr tərəfindən də paylaşılaraq RT-nin izləyici sayının artmasına yol açıb. Beləcə, bu insanlar həm də Kremlin siyasi kontentinin auditoriyasına çevriliblər.

***Buna da bax-İnformasiya savaşında ABŞ-ın Rusiya və Çinə uduzmasının səbəbləri

«İnsanlar bu şirnikləndirici materiallara toplaşaraq, sonradan Kremlin onların görməsini istədiyi videoların tamaşaçılarına çevrilirlər», – Alman Marşal Fondunun tərəfsiz təşəbbüsü olan Demokratiyanı təmin etmək uğrunda alyansdan (Alliance for Securing Democracy) Bret Schafer deyir.

AXTARIŞLARDA YÜKSƏK YER, GƏLİRƏ ÇIXIŞ

RT-nin trafiki, əsasən, qeyri-siyasi videolardan qaynaqlanırsa, kanalın siyasi və xarici məsələlər haqda kontenti YouTube-un axtarışlarında çox yüksək yerlər tutur. Kremlin öz mövqeyini yeritmək üçün baxılmasını istədiyi videolar - Amerikanın Suriyaya müdaxiləsi, Ukraynada vətəndaş müharibəsi, Almaniyada ifrat sağçı AfD partiyasının yüksəlişi kimi mövzular axtarış nəticələri arasında ən yüksək nəticələri göstərir.

YouTube bundan başqa RT-ə adətən böyük xəbər qurumlarına verdiyi üstünlükləri verib: ilk günlərdən kanalın öz fonu var. Bundan başqa, YouTube onu RT-nin etibarlı xəbər mənbəyi olduğunu təsdiqləyən «quş» işarəsi ilə təmin edib. RT yaxın vaxtlara qədər Google-un «ən yaxşı» xəbər saytlarının siyahısına daxil edilmişdi. Bu isə premium reklam sifarişlərindən gəlirə çıxış demək idi. Beləliklə, həmin reklam sifarişçiləri Rusiyanın beynəlxalq təbliğat maşınını maliyyələşdirmiş olurdular.

Google ötən ay RT-ni bu sıralamadan çıxarıb. Google sözçüsü Andrea Faville bu qərarın Konqresin məlum araşdırması ilə deyil, «standart alqoritm yenilənməsi» ilə bağlı olduğunu deyib. Ancaq Google RT-yə hər hansı başqa məhdudiyyətlər qoymayacağını da bildirib. Kanal bundan sonra da öz videolarında adi reklam satışı ilə məşğul ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG