Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:18

YouTube-da pul qazanmaq çətinləşir


YouTube
YouTube

YouTube videopaylaşım şəbəkəsi baxış sayı 10 mindən az olan kanallara reklam yerləşdirməyəcək. Şirkət bunu ötən həftə açıqlayıb və səbəbini də ekstremist videolarla birgə çıxan reklamlarla izah edib.

Google-un idarəçiliyində olan bu platforma bildirir ki, YouTube bununla videodan pul qazananların saytın prinsiplərinə və reklam siyasətinə əməl etməsini təmin etməyə çalışır. Şəbəkə ikin məqsədinin «video müəlliflərini qorumaq» olduğunu bildirir.

EKSTREMİST VİDEOLAR SAYTA NECƏ YOL TAPIR

Ötən ay «Johnson&Johnson», «General Motors Co». daxil olmaqla, bir neçə şirkət YouTube-da reklamı dayandırdıqlarını bildiriblər. Belə ki, Britaniyanın «The Times» qəzeti həmin reklamların nifrət və ekstremizm yayan videolarla birgə yayıldığını üzə çıxarmışdı.

Corc Vaşinqton Universitetində ekstremizm üzrə proqram direktoru Alexander Meleagrou-Hitchens «The Los Angeles Times» qəzetinə deyib ki, ekstremist videolar, əsasən, kodlaşdırılmış əlavələr vasitəsilə tapılır. Yəni, YouTube-a yol tapa bilən bu videolar tezliklə silinir və çox az halda, onlara 10 min dəfə baxılır.

YouTube həmçinin bildirib ki, 2007-ci ildə başlamış YouTube Tərəfdaş Proqramına (YouTube Partner Program- YPP) yeni müraciətlərlə bağlı əlavə dəyərləndirmə prosesi tətbiq edəcək. Bu proqram video yaradanlara kontentdən qazanmaq imkanı verir. Kanala baxış sayı 10 mini keçirsə, bu zaman onun qaydalara necə əməl etməsi öyrəniləcək və proqrama qəbul olunacaq.

«İstənilən miqyasda müəlliflərə YouTube-da imkan vermək istəyirik. İnanırıq ki, bu yeni müraciət prosesi video sahiblərinin gəlirlərinin artmasına, sonucda işin düzgün ələ keçməsinə səbəb olacaq», – YouTube-da istehsal idarəçiliyi üzrə vitse-prezident Ariel Bardin deyib.

HƏR MİN BAXIŞA 7-12 DOLLAR

Daha öncə, həvəskar videolar da bu sosial şəbəkədən pul qazana bilirdi. Amma martın 24-də Milli Reklamçılar Assosiasiyası (ANA) Google şirkətini bu siyasəti dəyişməyə çağırıb. ANA-da min şirkət təmsil olunur və hər il marketinq və reklama 250 milyard dollardan çox pul xərcləyir.

YouTube son dəyişikliyin təsir göstərəcəyi hesabların sayını açıqlamayıb.

Reklamçılar hər min baxışa 7-12 dollar verirlər və video sahibləri bu pulu YouTube-la bölüşürlər. Bunu «The Wall Street Journal» yazır.

YouTube-un bir milyarddan artıq istifadəçisi var və ötən ilin iyulunda açıqlanmış məlumata görə, müəllif hüququ sahiblərinə 2 milyard dollar ödənib.

XS
SM
MD
LG