Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:25

Yevkurov ‘inquş dövlətçiliyinə’ görə istefa verdiyini deyir


Yunusbek Yevkurov
Yunusbek Yevkurov

İnquşetiyanın başçısı Yunusbek Yevkurov istefa verəcəyini bəyan edib. Bu barədə məlumatı İnquşetiya milli televiziyasına istinadən Rusiyanın TASS agentliyi verib.

Yevkurov televiziya ilə canlı yayımda deyib:

"Hər kəs özünün tərbiyəsinə, ideallarına, respublikamızın dövlətçiliyi barədə təsəsvvürlərinə uyğun hərəkət edir. Mən Rusiya Federasiyasının prezidenti Vladimir Vladimirovich Putinə respublikanın başçısı səlahiyyətlərinin vaxtından əvvəl üzərimdən götürülməsi ricası ilə müraciət etmişəm”.

Yevkurov İnquşetiyaya 2008-ci ildən rəhbərlik edir.

Onun istefasını İnquşetiya ilə Çeçenistan arasında ərazi dəyişikliyinə etiraz edənlər tələb edirdilər.

2018-ci ildən bəri vaxtaşırı keçirilən etiraz aksiyalarında Çeçenistanla ərazi dəyiş-düyüşünün İnquşetiyanın ziyanına olduğu bildirilir.

Mitinqçilər habelə referendumlara dair respublika qanunverciliyinin dəyişdirilməsinə etiraz edirdilər.

Təşəbbüsçüsü Yevkurov olan qanunvericilik aktı respublikada ümumxalq səsverməsinin faktiki qadağan olunmasını ehtiva edir.

Yevkurovun təşəbbüsü ilə referendum haqqında qanundan mühüm müddəalar çıxarılıb.

Bunlardan biri də İnquşetiya ərazisinin ümumxalq səsverməsinə çıxarılmadan dəyişdirilməsini, ayrılmasını və ya Rusiya Federasiyasının başqa subyektləri ilə birləşdirilməsini, habelə respublika sərhədlərinin dəyişdirilməsini qadağan edən maddədir.

Yevkurov bu qanun layihəsini Çeçenistanın başçısı Ramzan Kadyrov-la ərazi dəyiş-düyüşünə dair müqaviləni imzaladıqdan sonra irəli sürmüşdü.

Bu qanun İnquşetiyada geniş etirazlara səbəb olmuşdu. Etirazçılar Çeçenistanla imzalanmış müqavilənin referenduma çıxarılmasını tələb edirdilər.

Lakin yerli hakimiyyət orqanları, habelə Rusiyanın Konstitusiya Məhkəməsi bunun əleyhinə çıxıb.

Sözü gedən müqavilədə İnquşetiya və çeçenistan arasında bərabər ölçüdə qeyri-məskun ərazilərin dəyişdirilməsi nəzərdə tutulur.

Müqaviləyə görə Terek regionundakı inquş ərazisi Çeçenistana verilməli, əvəzində Çeçenistan buna bərabər torpaq sahəsini İnquşetiyaya verməlidir.

Ötən ilin sentyabrından İnquşetiyanın paytaxtı Maqasda və başqa yerlərdə Çeçenistana torpaq verilməsinə qarşı kütləvi aksiyalar başlanmışdı. Bu etiraz aksiyaları bir ayadək davam etmişdi.

Etiraz aksiyalarından bəziləri icazəsiz idi.

Etiraz aksiyalarının keçirildiyi vaxtlarda İnquşetiya ərazisində internet söndürülür, mobil telefon rabitəsində fasilələr yaranırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG