Rusiya Federasiyasının İnquşetiya Respublikasında Konstitusiya Məhkəməsi qonşu Çeçenistanla ziddiyyətli sərhəd dəyişikiyinə dair qanunu qeyri-legitim sayıb.
Oktyabrın 30-da qəbul edilmiş bu qərar iki Şimali Qafqaz muxtariyyəti arasında torpaq dəyiş-düyüşü barədə əldə olunmuş sazişin taleyini yenidən qeyri-müəyyən edir. Bu sazişin imzalanması İnquşetiyada böyük etiraz aksiyalarına səbəb olmuşdu.
Konstitusiya Məhkəməsinin saytında yerləşdirilmiş hökmdə deyilir ki, bu qanun legitim sayıla bilməz çünki “İnquşetiya ərazisinin dəyişdirilməsini nəzərdə tutur”. Qanuna görə İnquşetiyanın ərtazisi yalnız referendum vasitəsilə dəyişdirilə bilər.
Bu razılaşma sentyabrın 26-da Çeçenistan və İnquşetiya liderləri Ramzan Kadyrov və Yunus-Bek Yevkurov arasında bağlı qapılar arxasında keçirilmiş danışıqlardan sonra əldə olunmuşdu.
Razılaşma İnquşetiya əhalisinin izdihamlı və aramsız etiraz mitinqlərinə səbəb olmuşdu. Etirazçılar bildirirdilər ki, razılaşma torpaq ərazilərinin ədalətsizcəsinə daha böyük qonşu Çeçenistana verilməsini nəzərdə tutur.
Etirazçılar Yevkurovun istefasını və referendum keçirilməsini tələb edirdilər. Lakin bunun ardınca sənəd hər iki muxtar resbulikanın parlamentləri tərəfindən ratifikasiya edilib.
Bəzi inquş millət vəkilləri deyirdilər ki, qəbul edilmiş qanun sazişi təsdiqləmir.
Bu mübahisə Rusiya ərazisində yeni regional münaqişənin yaranmasına səbəb ola bilər. Narahatlığı artıran Çeçenistan lideri Ramzan Kadyrov-un Kreml tərəfindən dəstəklənməsidir.
Kadyrov İnquşetiya etirazçılarını açıq hədələmiş və o oktyabrın 26-da əshabələri ilə etiraz başçıları ilə görüşmək üçün İnquşetiyaya təşrif gətirəndə gərginlik xeyli artmışdı. Lakin iki tərəf arasında söhbət dincliklə başa çatmışdı.
İnquşetiya və Çeçenistan 1991-ci ildə SSRİ çökənədək vahid bir inzibati ərazidə birləşmişdi.
İnquşetiyada mümkün ərazi itkisindən narahatlıq böyükdür, çünki bu respublika artıq bir dəfə 1992-ci ildə mübahisəli Priqorodnı rayonunu başqa bir qonşusu olan Şimali Osetiyaya uduzub. Həmin münaqişə zamanı əksəriyyəti inquş olmaqla 600 nəfər həlak olmuşdu.
Kremlin tənqidçiləri deyirlər ki, Kadyrov bütün Şimali Qafqazda separatçılığın yayılmasının qarşısını almaqda Kremlə kömək edir və bu səbəbdən Moskvada böyük nüfuz sahibidir.