Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

‘Azərbaycanın əsas ticarət tərəfdaşlarının iqtisadiyyatında təlatümlər...’-media icmalı 


Putin və Erdogan St. Petersburg, 9 avqust 2016.
Putin və Erdogan St. Petersburg, 9 avqust 2016.

Ölkə iqtisadiyyatı ilə bağlı proqnozlar, Türkiyə ilə Rusiyada Azərbaycan sərmayələrinin gələcək taleyi, elektrik sayğaclarına kənar müdaxilə ehtimalı ətrafında müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Rusiya və Türkiyədə sərmayələr”

“Modern.az” saytında “Azərbaycan Rusiya və Türkiyədən sərmayələri geri çəkməlidir” sərlövhəli yazı oxumaq olar.

Sayt Türkiyə və Rusiyada milli valyutaların sürətlə dəyər itirməsi fonunda Azərbaycanın bu ölkələrdəki sərmayələrinin gələcək taleyi ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib.

“Son günlər türk lirəsi və rublunABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır”, iqtisadçı ekspert Qubad İbadoğlu bildirir.

Ekspert vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1, türk lirəsi isə 1 faiz təşkil edir.

Q.İbadoğlu bildirib ki, Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə İngiltərə funt sterlinq ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir :

“Lakin son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin açıqlanmasından sonra ABŞ dollarına nisbətdə ucuzlaşması Fondun valyuta səbətinin gəlirliliyini azaldır”.

Q.İbadoğlu hesab edir ki, Rusiya və Türkiyədən sərmayələr geri

çəkilməlidir. O, xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır:

“Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyur. Bununla yanaşı hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır”

Elektrik sayğaclarına müdaxilə olurmu?

Elektrik enerjisinin sərfiyyatı ilə bağlı qəbz, 9 yanvar 2017
Elektrik enerjisinin sərfiyyatı ilə bağlı qəbz, 9 yanvar 2017

“Bizimyol.info” saytında “Elektrik sayğaclarına müdaxilə edilir? Yalnız istehsalçı şirkət müdaxilə edə bilər” sərlövhəli yazı yer alır.

Saytda son aylarda “Azərişıq” Açıq Cəhimdar Cəmiyyətinin (ASC) göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğun olmasına şübhə bəslənməsi barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün düşüncələri əks olunur.

O.Gündüzün bildirməsinə görə, “ağıllı sayğac” larla bağlı qısa bir araşdırma aparandan sonra bu fikirə gəlib ki, son aylarda “Azərişıq” ASC-nin göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnməyə müəyyən əsaslar var.

O.Gündüz iddia edib ki, şübhələr problemin elektronika, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyi ehtimalını göstərir:

“Yəni, mediada müzakirəyə çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf edib, “ağıllı sayğac” bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü sərfiyyatı düz hesablamayıb”.

O.Gündüz bildirib ki, “Azərişıq”ASC, hələlik, problemi riyaziyyat üzərinə gətirir, yəni, bunu yay fəsli, evlərdə kondisionerlərin uzun müddətli işləməsi ilə izah etmək istəyir:

“Şübhələr isə problemin riyaziyyatla deyil, elektronika, billing, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyini deyir. Qısa araşdırmadan da görmək olar ki, belə bir problem çox yerlərdə olub”.

O.Gündüz iddia edib ki, “ağıllı sayğac” larda sistem elə qurulub ki “Azərişıq” ASC uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər.

Ancaq “Azərişıq” ASC SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə isə sayğacın sərfiyyat göstəricisini dəyişmək və ya silməyin mümkün olmadığını deyib:

“Kiminsə subyektiv fikri sosial şəbəkələrdə yayılır və yoxlanmadan, araşdırılmadan bu fikrə yanaşma olur. Bu barədə edilən şikayətlər araşdırıldı və məlum oldu ki, bu, sadəcə olaraq abonentin öz sərfiyyatıdır”.

“Azərbaycan iqtisadiyyatında yeni yüksəliş”

Azərbaycan manatı
Azərbaycan manatı

“Azərbaycan” qəzetində isə “Azərbaycan iqtisadiyyatının yeni yüksəliş mərhələsi başlayır” sərlövhəli yazı dərc edilib.

Müəllif beynəlxalq reytinq agentliklərinin hesabatlarındakı proqnozlara istinadən bildirir ki, ölkə iqtisadiyyatında artım baş verəcək.

Yazıda ilkin olaraq “Moody's” agentliyinin son hesabatına istinad edilir:

“Proqnozlarımıza görə, bu il Azərbaycanda ümumi daxili məhsulun artımı 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcək. Bu, neft məhsullarının qiymətinin yüksəlməsi və Azərbaycan məhsullarının ixracının artması ilə bağlıdır”.

Müəllif hesab edir ki, son iki ildə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların da əsas hədəfi iqtisadiyyatın şaxələndirilməsi, investisiya qoyuluşunun artırılması, qeyri-nrft sektorunun ixrac imkanlarını genişləndirmək olub.

Yazıda bildirilir ki, prezidentin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il yanvarın 18-də və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” həmin il martın 1-də verdiyi fərmanlar Azərbaycanda qeyri-neft sektorunun inkişafında artıq yeni mərhələnin başlandığını qoyub:

“Məhz bunun nəticəsidir ki, 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib”.
Yazının sonunda da oxuyuruq:
“Bir sözlə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinq təşkilatlarının hesabatlarında irəliləməsi bilavasitə prezident
İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG