Dekabrın 13-də Yerevanda bir neçə avtobus marşrutu sürücüsü işə çıxmayıb. Onlar səhərdən Crveca avtovağzalına yığışaraq maaşlarının artırılmasını, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb ediblər. Sürücülər ölkədə qiymətlərin artması nəticəsində gəlirlərinin azaldığını vurğulayıblar.
“Əvvəl planla işləyəndə aylıq gəlirim 350 min dram (700 dollara yaxın) olurdu, indi isə gəlirim azalıb”, – sürücülərdən biri AzadlıqRadiosunun Ermənistan xidmətinə (Azatutyun) deyib.
O, hazırda şəhər hakimiyyəti təmsilçiləri ilə qapalı görüş getdiyini bildirib.
Yerevan meriyası isə ictimai nəqliyyatın bəzi sürücülərin boykotu nəticəsində işləmədiyini bildirib. Meriya sürücülərin bu addımını “sabotaj” adlandırıb, “qəbuledilməz” olduğunu, nəticə verməyəcəyini qeyd edib.
15 gün üçün 260 min dram
Meriyanın məlumatına görə, hazırda ictimai nəqliyyatda işləyən sürücülərə aylıq vergiləri çıxmaqla, 15 iş günü üçün 260 min drama yaxın maaş verilir.
Sürücülər əvvəlki “plan”, yəni minimum əməkhaqqı və sərnişinlərdən yolpulu almaq sisteminə qayıtmağı təklif edirlər. Yerevan meriyası isə nəqliyyatda islahatlar məsələsində qəti mövqedə olduğunu, “keyfiyyətli xidmət və qanuni fəaliyyət üçün davamlı addımları davam etdirəcəyini” bildirib.
Şəhər hakimiyyəti vəziyyətin düzəlməsi, nəqliyyatın normal işinin bərpası üzərində işlədiklərini bildirib.
Meriya təmsilçiləri ilə görüşdən sonra sürücülər tətili dayandıraraq işə başlayıblar.