"İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir"
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) dekabrın 11-də yaydığı bəyanatda belə deyilir.
Bəyanatda son günlərdə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara toxunulur, son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşdiyi, dekbarın 8-də Azərbaycan hərbi qulluqçusunun həlak olduğu xatırladılır. Daha sonra dekabrın 9-u və 10-da yenidən Azərbaycan ərazilərinin atəşə tutulmasının davam etdirildiyi vurğulanır.
XİN hesab edir ki, Ermənistanın bu mövqeyi münaqişədən sonra regionda başlanan sülh quruculuğu səylərinə xələl gətirir:
"Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir. İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir".
Nazirliyin bəyanatında həmçinin bildirilir ki, qarşı tərəfin Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi də tamamilə əsassızdır.
"Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.
Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir".
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında "Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq" deyə bildirilir.
Ermənistan Xarici İşlər Nazirliyi də Azərbaycanı ittiham edir
Ermənistan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq sərhəddəki atəşkəs pozuntusuna görə Azərbaycanı ittiham edir.
AzadlıqRadiosunun erməni xidmətinin yaydığı məlumata görə, nazirliyin bəyanatında "Rəsmi İrəvan “Azərbaycanın təxribatçı hərəkətlərini” pisləyir və onların planlı xarakter daşıdığını və regionda vəziyyəti daha da gərginləşdirməyə yönəldiyini bildirir. Ermənistan Azərbaycanı təxribat xarakterli ritorikadan və hərəkətlərdən çəkinməyə, regionda sülh və sabitliyin bərqərar olması səylərinə mane olmamağa çağırır"
Nazirliyin bəyanatında deyilir ki, vəziyyətin daha da gərginləşməsinin qarşısını almağın yollarından biri qoşunların Ermənistan-Azərbaycan sərhədindən qarşılıqlı çıxarılması və sərhəd boyu beynəlxalq monitorinq mexanizminin işə salınması ola bilər.
Xatırlatma
Ermənistanın Azərbaycana torpaq iddiaları səbəbindən 1988-ci ildə Azərbaycanın Qarabağ bölgəsində müharibə başlayıb. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşması ilə müharibə dayandırılıb. 2020-ci ilin sentyabrında bölgədə yenidən silahlı toqquşmalar başlayıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Elə həmin ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb. Razılaşmaya görə, Laçın dəhlizinə və Qarabağın Azərbaycanın nəzarət etmədiyi bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib.
Daha sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı Rusiyanın vasitəçiliyi ilə danışıqlar başlanıb.
Bu ərfədə iki ölkənin sərhəddində tez-tez silahlı toqquşmalar baş verməkdədir. Sonuncu belə bir toqquşma dekabrın 10-da Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki sərhəd bölgəsində baş verib. Tərəflər atəşkəsin pozulmasına görə bir-birilərin ittiham edirlər.