Ermənistanda ölkədaxili siyasi böhran yoxdur.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 3-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.
Hakim partiyanı təmsil edən spiker deyib ki, o ölkədə heç siyasi gərginlik də görmür.
Onun sözlərinə görə müxalifət öz küçə aksiyaları isə əhalinin əksəriyyəti tərəfindən dəstəklənməyən hansısa dalğa yaratmaq istəyir:
“Bu müxaliətin iş üslubudur. Bunu etmək hüquqları var. Əgər vətəndaşlar yeni hökumət istəyirlərsə bunu seçki vasitəsi ilə edirlər. Bundan qalanı siyasi şüarlardan başqa heç nə deyil. Mən partnyorlarımızın fəaliyyətinə hörmətlə yanaşıram, baxmayaraq ki, onlar bəzən təhqir və aqressiyaya da əl atırlar”.
Simonyanın sözlərinə görə son günlər küçələrə çıxan müxalifətin xalqa deyiləcək sözü yoxdur:
“Əgər deməyə sözləri varsa, siyasi ifadə üçün və siyasi proses üçün parlament var”.
“Etiraz etmək onların hüququdur”
Azatutyun yazır ki, parlamentdəki iki müxalifət fraksiyasının- Hayastan və “Şərəfim var” fraksiyalarının iddiasına görə Ermənistan hökuməti Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətindədir.
Ermənistanın iki keçmiş prezidenti Robert Koçaryanın və Serj Sarkisyanın fraksiyaları buna görə də baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Hakim “Vətəndaş müqaviləsi” partiyasını təmsil edən spiker öz çıxışında polisin və medianın hərəkətləri məsələsinə də toxunub.
Onun sözlərinə görə media bir yerdə baş verən hansısa insidentdən elə yazır ki, sanki bir neçə insidentlər baş verib.
Alen Simonyan polisin aşırı güc tətbiq etməsi ilə bağlı iddiaları rədd edib:
“Mən polislərə öz minnətdarlığımı bildirirəm ki, onlar bizim başqa vətəndaşlarımızın hüquqlarını qoruyurlar...Amma yenə də deyirəm: etiraz etmək onların hüququdur”.
Küçələri bağlamaq cəhdləri alınmayıb
Azatutyun mayın 3-də Yerevanda baş verən hadisələri də izləyib.
Xəbər verilir ki, etirazçıların küçələri bağlamaq cəhdlərinin hamısının qarşısı polis tərəfindən alınıb.
Etiraz aksiyasının liderlərindən İşxan Saqatelyan deyib ki, polisin saxladığı adamların sayı artdıqca etirazçıların da sayı artır.
Etirazçılara başçılıq edən daha bir deputat – Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan müxalifətin proqramı olmadığına dair deyilənləri rədd edib:
“Bizim planımız var. Bu, hakimiyyətin növbəti hiyləsi və manipulyasiyasıdır. Biz proqramlardan ətraflı danışacaq və onları təqdim edəcəyik. Bəlkə bugün, bəlkə də sabah... Bizim bir məqsədimiz var – ölkəmiz tam dağılmasın deyə məğlubiyyətlərin zəncirini qırmaq”.
Yürüş zamanı İşxan Saqatelyan Yerevan Dövlət Universitetinin binasına daxil olub və ordan çıxanda iddia edib ki, tələbələrin 80-90 faizi tətil edir.
Bu da xəbər verilir ki, universitetin bir neçə tələbəsi etirazçıalra qoşulub.
Yerevanlılar və Koçaryanın gəlini
Azatutyun müxbirləri habelə müxalifətin yürüşünə kənardan tamaşa edən sakinlərlə də danışıblar.
Onlardan biri deyib:
“Demokratik ölkədə hakimiyyəti səsvermə ilə seçirlər. Vəssəlam. Bunlar on ay əvvəl seçkidə çox səs yığa bilməyiblər. İndi nə istəyirlər?”
Söhbətə başqa bir yerevanlı da qoşulub:
“Demək istəmirəm ki, bizim Paşinyan üçün ürəyimiz gedir. Amma müxalifət öz addımlarını, ardıcıllığını göstərməlidir”.
Azatutyun yazır ki, mayın 2-də Yerevanın mərkəzindəki Fransa meydanında keçirilən qısa mitinqdə keçmiş prezident Robert Koçaryanın gəlini, tanınmış müğənni Siruşo vətənpərvərlik haqqında mahnılar oxuyub.
Ermənistanda 200-dən çox etirazçı saxlanıb
Polis mayın 3-də Yerevanın mərkəzində bir neçə küçəni bloklamağa çalışan 70-dək etirazçının saxlandığını bildirir.
Saat 16:00-a olan məlumata görə müxtəlif polis məntəqələrinə 206 etirazçı gətirilib.
***
Martın 3-də səhərdən Ermənistan paytaxtı Yerevanda müxalifət tərəfdarları Baş nazir Nikol Paşinyanın istefası tələbiylə etirazları bərpa edib. Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində güzəştə hazır olmaqda ittiham edirlər.
Etirazçılar Amerika Universitetindən parlamentin binasına aparan Baqramyan prospektinin bir hissəsini bağlayaraq nəqliyyatın hərəkətini müvəqqəti dayandırıblar.
Polis bölmələrinə aparılanlar var
Polis qüvvələri etirazçıların bəzilərini saxlayaraq polis bölmələrini aparıb. Polis əməkdaşları mitinq edənləri səkiyə yönəldərək nəqliyyatın yolunu aça bilib.
AzadlıqRadiosu-nun Ermənistan xidməti müxalifət tərəfdarlarının şəhərin digər yerlərində də küçələri bağladığını xəbər verir.
Puşkin və Saryan küçələrinin kəsişməsində polislə mitinqçilər arasında qarşıdurma yaranıb, bəzi vətəndaşlar polis bölmələrinə aparılıb.
Ermənistan müxalifəti mayın 2-dən itaətsizlik aksiyalarına başlayıb, paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkətinə maneələr yaradıb.
Azı bir hal üzrə araşdırma gedir
Dünənki aksiyalarda bir neçə saat ərzində 200-dən çox nümayişçi saxlanıb. Müxalifət etirazçılara qarşı güc tətbiq olunduğunu deyirdi. Polis orqanları nümayişçiyə qarşı gücdən istifadəylə bağlı azı bir hal üzrə xidməti təhqiqat aparıldığını bildirib.
Müxalifətin iddiasına görə, hakimiyyət Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətindədir. Onlar Paşinyanın istefasının gərəkdiyini bununla izah edirlər.
Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, əhalinin geniş təbəqələrinin bu tələbi dəstəkləmədiyini deyir.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Atəşkəsin monitorinqi üçün regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.