Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 20:59

Yerevan Moskvaya sanksiyalardan yayınmaqda kömək edir - Qərb mediası


“Ukraynada müharibə başlanandan bəri Rusiya bir sıra hərbi təyinatlı malları Ermənistan və Qazaxıstanın köməyi ilə sanksiyalardan yan keçərək almağa başlayıb”.

Bunu The New York Times qəzeti aprelin 19-da çıxmış sayında yazır.

Qəzet məqalədə ABŞ vergi xidmətləri və Ticarət Nazirliyinin iştirakı ilə martın 24-də keçirilmiş məsləhətləşmələrin materiallarına istinad edir.

Bu materiallardan məlum olur ki, Ermənistan 2022-ci ildə 2021-ci illə müqayisədə ABŞ-dan çiplərin və prosessorların idxalını 515 faiz artırıb.

Eyni malların Avropadan Ermənistana ixracı da 212 faiz artıb.

Qəzet yazır ki, Ermənistan bu malların 97 faizini sonradan Rusiyaya təkrar ixrac edib.

Ukraynaya atılan raketlər üçün

Məqalədə deyilir ki, söhbət Rusiyanın hərbi sənayesi, xüsusilə də raket istehsalı üçün çox mühüm komponentlərdən gedir.

Rusiya Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsində bu ölkənin mülki və enerji obyektlərini vurmaq üçün raketlərdən, o cümlədən qanadlı raketlərdən istifadə edir.

Qəzet yazır ki, Rusiya bu malların sanksiyalardan yayınmaqla əldə olunması üçün bir sıra başqa ölkələrdən də istifadə edir.

Məqalədə deyilir ki, ABŞ və Avropa İttifaqı məmurları ötən ayın axırında milyonlarla dollarlıq qadağan malların Rusiya ərazisinə necə gedib çıxmasına dair məlumatların mübadiləsini keçiriblər.

Məlum olub ki, mikrosxem və elektron komponentlərin Ermənistan, Qazaxıstan və bir sıra başqa ölkələrin vasitəsilə Rusiyaya satışı artıb.

“Dünyanın müəyyən rayonları var ki...”

Bu da qeyd olunur ki, Moskvanın Ukraynaya hücumundan dərhal sonra Rusiyada mikrosxemlərin idxalı kəskin azalsa da, sonradan bu idxal, xüsusilə də Çinin hesabına çoxalıb.

Silverado Policy Accelerator firmasının məlumatına görə Rusiyaya sözü gedən həssas malların idxalı oktyabrdan yanvaradək hər ay müharibədən əvvəlki orta göstəricidən 50 faiz və ya daha çox yüksək olub.

ABŞ sənaye və təhlükəsizlik bürosunun materiallarında deyilir ki, Rusiya sanksiyalardan yan keçərək 8 kateqoriyadan olan mikrosxem və komponentləri əldə edə bilir.

ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Metyu Akselrod bu barədə deyib:

"Dünyanın müəyyən rayonları var ki, bunlardan sözü gedən malların Rusiyaya çatdırılması üçün istifadə olunur. Biz indi diqqətimizi bu problem üzərində cəmləşdirmişik”.

XS
SM
MD
LG