Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 21:56

Kiprin ən böyük bankı rusiyalıların hesablarını bağlayır


Kiprin ən böyük bankı - Bank Of Cyprus Rusiya vətəndaşları olan müştərilərinə onların hesablarının bağlanacağına dair bildirişlər göndərir.

Bu barədə məlumatı Forbes jurnalı Kiprdə müştərilərə kompleks xidmət göstərən Main Partner Trust firmasına istinadla verib.

Məktublarda xəbərdarlıq edilir ki, rusiyalı müştərilərin hesabları bildirişin verildiyi gündən iki ay müddətində bağlanacaq.

Main Partner Trust şirkətinin ehtimalına görə bankın belə bir addım atmasına səbəb rusiyalıların vergi statusu ola bilər.

Başqa bir səbəb kimi müştərinin sanksiyalanmış Rusiya şirkətindən gəlirlərinin, maaş və dividentlərinin olması göstərilir.

Burada müştərinin Kiprdəki viza statusu da rol oynaya bilər.

ABŞ sanksiyalarının xofu

Forbes jurnalının bank sektorundakı mənbələri bildiriblər ki, Bank Of Cyprus rusiyalı müştərilərin hesablarını bundan əvvəl də bağlayıb.

Üstəlik bu prosedur çox vaxt da Kiprdə uzun müddətdir yaşayan rusiyalılara şamil edilib.

Rusiyalı müştərilər bu problemlə təkcə Bank Of Cyprus bankında deyil, habelə Yunanıstanın Hellenic Bank və Alpha Bank banklarının Kipr filiallarında üzləşiblər.

Main Trust Partner rusiyalılara aid bank hesablarının bağlanmasını ABŞ və Britaniya sanksiyalarının tətbiq edilmə ehtimalı ilə izah edir.

Bu sanksiyalar Rusiyadan olan fiziki şəxslərə konsaltinq, marketinq, IT və mühəndislik xidmətlərinin göstərilməsini qadağan edir.

ABŞ bu yaxınlarda onun sanksiyalarından yayınmalarla bağlı yeni sanksiyalar elan edib.

Bu sanksiyalar Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən qurumlara tətbiq oluna bilər.

Ən rahatı rusiyalının hesabını bağlamaqdır?

Bu da qeyd olunur ki, ABŞ məhdudiyyətlərinin tətbiqi mürəkkəb prosesdir və bankdan xeyli xərc və vaxt tələb edir. Bank of Cyrus bu əziyyətlərə qatlaşmaqdansa, birbaşa hesabları bağlamaq yolunu tutub.

Bank Of Cyprus Kiprin ən böyük bankıdır. Ötən il üçün olan məlumata görə, Rusiya vətəndaşlarının mülkiyyətində olan Kipr şirkətlərini çıxmaqla, rusiyalılar bu bankda 700 min avrodan çox vəsait saxlayıblar. Bu, bir il bundan əvvəlki məbləğdən 6 faiz çoxdur. Qeyd olunur ki, Kiprdə yaşayan rusiyalıların 15 faizinin hesabları məhz bu bankdadır.

Hazırda Bank of Cyprus Rusiyada və Ukraynada heç bir əməliyyatlar aparmır.

Bank özünün Rusiyadakı törəmə Юниаструм Банк şirkətini hələ 2015-ci ildə satıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyalara əməl olunmasına nəzarət edir.

Hər hansı bankın bu nazirliyin qara siyahısına düşməsi onun ABŞ-dakı aktivlərinin dondurulması deməkdir. Bu banklara habelə dollarla hər hansı hesablaşmalar aparmaq qadağan olunur.

ABŞ Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyaya qarşı sanksiyalara əməl olunmasını izləmək üçün KleptoCapture adlı xüsusi qrup yaradıb.

XS
SM
MD
LG