2026, 28 Noyabr, şənbə, Bakı vaxtı 03:46

Dünya xəbərləri

Yeni Zelandiyada qoyun əvəzinə şam meşələri çoxaldılır

Yeni Zelandiya
Yeni Zelandiya

Yeni Zelandiyada qoyun saxlayan fermerlər indi meşə sahələri salmağa üz tuturlar."The Guardian" yazdığına görə, fermerlərin belə bir addım atması 2050-ci ilə qədər istixana qazını sıfıra endirməkdir.

Ekoloqların fikirincə, meşələrin böyüdülməsi istixana qazı emissiyalarını xeyli azalda bilər.

Yüz ilə yaxındır ki, qoyun əti, quzu əti və yun Yeni Zelandiyanın ən böyük milli gəlir mənbəyidir. 1980-ci illərdə ölkədə qoyunların sayı insanların sayından iyirmi dəfə çox olub. Qoyun sayının dəfələrlə azaldılması nəticəsində indi bu fərq beşə düşüb.

Yeni Zelandiyanın "Beef and Lamb" fermer təşkilatının son araşdırmasına görə, fermaların meşə təsərrüfatlarına satışı illər ərzində artıb. 2017-ci ildə yeddi min hektar satılıbsa, 2021-ci ildə bu rəqəm 21 min hektara yüksəlib.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, təkcə şam ağacları əkməklə “təmiz sıfıra” çatma asan olmaya bilər. Ekoloqlar şam ağacının yerli ekosistemləri poza biləcəyindən narahatdırlar.

Qlobal istiləşmənin əsas səbəblərindən biri kimi istilikxana qazlarının çoxalması göstərilir .

2015-ci ildən 2022-ci ilə qədər olan dövr ən isti illər hesab olunur. Yer kürəsində orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,15°C daha isti olub. 1,5°C artımı isə alimlər kritik hesab edirlər. Daşqın, quraqlıq, meşə yanğınları, tufanlar, soyuq və ekstremal hava hadisələrinin artması qlobal istiləşmə ilə əlaqələndirilir.

Bütün xəbərləri izləyin

Rusiya və Türkiyə qaz təchizatı müqavilələrini üç il uzadıb

Vladimir Putin Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə "Türk axını" qaz kəmərinin açılış mərasimində.
Vladimir Putin Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə "Türk axını" qaz kəmərinin açılış mərasimində.

Rusiyanın "Qazprom" və Türkiyənin BOTAŞ dövlət enerji şirkətləri qaz təchizatı müqavilələrinin müddətini üç il uzadıblar. Bu barədə yanvarın 27-də Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

Türkiyə son illər Rusiyanın boru kəmərləri ilə nəql etdiyi qazın ən böyük alıcılarından birinə çevrilib. Bu, Ukraynadakı müharibənin Moskvanın Avropa İttifaqı ilə ticarət və siyasi əlaqələrini pozması fonunda baş verib.

Rusiya Türkiyəyə Qara dənizdən keçən "Mavi axın" və "Türk axını" boru kəmərləri vasitəsilə qaz ötürür. Qazın bir hissəsi regional boru kəmərləri ilə Cənubi, Mərkəzi və Şərqi Avropaya daşınır.

Novak müqavilələrdə nəzərdə tutulan qaz həcminin dəyişmədiyini bildirib. O, Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı olan "Novatek"in yanvardan Türkiyəyə LNG tədarükü üçün müqavilə imzaladığını da vurğulayıb.

Türkiyə iri təbii qaz bazarlarından biridir və illik təxminən 55 milyard kubmetr qaz tələbatının demək olar ki, hamısını idxal hesabına ödəyir. Son illər istehlakın azaldığı bildirilir.

Rusiya isə Türkiyənin ən böyük qaz təchizatçısıdır və ölkənin qaz idxalının azı üçdə birini təmin edir.

Ötən il Rusiyadan 21 milyard kubmetr qaz idxal olunub. Bu ilin yanvar-sentyabr aylarında isə idxalın həcmi 12 milyard kubmetrə bərabər olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz azdır.

Novak həmçinin bildirib ki, 2026-cı ilin əvvəlindən Rusiya Türkiyəyə əsasən dizel olmaqla 20 milyon tondan çox yanacaq göndərib.

Rusiya Qara dənizdə hərbi yük gəmisini vurduğunu bildirir

Qara dənizdə yük gəmisi
Qara dənizdə yük gəmisi

Rusiya Müdafiə Nazirliyi noyabrın 27-də Qara dənizdə hərbi yük daşıyan gəmini vurduğunu açıqlayıb.

Nazirlik həmçinin Xmelnitski və Zaporojye vilayətlərində Ukrayna ordusunu təchiz edən zavodlara, eləcə də Kiyev yaxınlığındakı logistika mərkəzinə zərbələr endirdiyini bildirib.

Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhərinə dron hücumu isə üç nəfərin ölümünə səbəb olub. Şəhərin meri Andrey Kravçenko Telegram-da yazıb ki, hücum zamanı üç yaşayış evinə və bir qazanxanaya ziyan dəyib.

Novorossiysk neft və taxıl ixracı mərkəzi olmaqla yanaşı, Rusiyanın Qara dəniz donanmasının əsas bazalarından biridir.

Rusiyanın Ukraynaya zərbələrindən ölən və yaralananlar var

Noyabrın 27-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Xarkov, Dnepropetrovsk, Vinnitsa, Jitomir və digər vilayətlərinə hücum edib.

İzyumda endirilən zərbələr nəticəsində altı nəfər yaralanıb, bir neçə binaya ziyan dəyib. Xarkovun Şevçenko rayonunda isə üç nəfər xəsarət alıb.

Krivoy Roqda bir nəfər həlak olub. Nikopolda yaralanan iki kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hücum zamanı bir müəssisə və çoxmərtəbəli yaşayış binası da zədələnib.

Vinnitsa, Jitomir və Kirovoqrad vilayətlərində də infrastruktur obyektlərinə zərbələr endirilib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkə ərazisinə 155 dronla hücum edib, onlardan 110-u hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Dron Latviyanın hava məkanını pozub

Dron
Dron

Noyabrın 27-də səhər saatlarında naməlum dron Latviyanın hava məkanını qısa müddətə pozub. Bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb. Avropa İttifaqı və NATO üzvü olan bu ölkənin hava məkanında artıq bir neçə dəfədir belə hallar yaşanır.

Ordu buna cavab olaraq NATO qırıcılarının və tutucu dronun havaya qaldırıldığını açıqlayıb. Ölkənin şərqində yerləşən Ludza bələdiyyəsində hava həyəcanı elan edilib, amma az sonra ləğv olunub.

Həmin vaxt Rusiya Leninqrad vilayətində dron hücumunu dəf edib. Vilayətin qubernatoru Aleksandr Drozdenko 40-dan çox dronun zərərsizləşdirildiyini bildirib.

Bu hadisə Ukraynadakı müharibənin ölkə hüdudlarından kənara yayılması ilə bağlı narahatlıqlar fonunda baş verib.

Bu həftə Polşa da Rusiyaya məxsus kəşfiyyat dronunun qısa müddətə sərhədi keçdiyini bildirib, Moskvanı ölkənin hava məkanını qəsdən pozmaqda ittiham edib.

Paşinyan: Yaxın illərdə Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarıla bilər

Paşinyan sərhədləri Rusiya ordusundan geri alır

No media source currently available

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın illərdə Rusiya sərhədçilərinin ölkə ərazisindən tamamilə çıxarılmasını mümkün saydığını bildirib. News.am xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Bu illər ərzində sərhədlərimizdə xidmət göstərdiklərinə görə Rusiya sərhədçilərinə minnətdarıq. Lakin düşünürəm ki, yaxın illərdə dövlət sərhədlərimizin mühafizəsi məsuliyyətini tamamilə öz üzərimizə götürməliyik", – o vurğulayıb.

Rusiya sərhədçiləri Ermənistanda 1992-ci ildə Yerevanla Moskva arasında imzalanmış müqavilə əsasında xidmət aparırlar. Sənəddə göstərilir ki, Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri keçmiş SSRİ-nin Türkiyə və İranla imzaladığı və hələ də qüvvədə olan müqavilələrə əsaslanırlar.

Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-də Yerevanın "Zvartnots" hava limanını tərk ediblər. "İnterfaks"ın məlumatına görə, onlar 2025-ci ilin yanvarında Ermənistanın İranla sərhədindəki "Aqarak", fevralında isə Türkiyə ilə sərhəddəki buraxılış məntəqəsində xidmətlərini başa vurublar.

Paşinyan bundan əvvəl Rusiyanın Ermənistanda hərbi mövcudluğunun zəruriliyini də şübhə altına alıb. O, sentyabrda Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını bəyan edib.

ABŞ Ukraynaya F-16 avadanlığı satışına razılıq verib

Ukrayna Hərbi Hava Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə F-16 qırıcıları
Ukrayna Hərbi Hava Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə F-16 qırıcıları

ABŞ Dövlət Departamenti Ukraynaya F-16 qırıcıları üçün avadanlıq satışını təsdiqləyib.

Açıqlamaya görə, təxminən 620 milyon dollar dəyərində olan bu sifariş Belçika, Danimarka, Niderland və Norveçin maliyyələşdirdiyi JUMPSTART proqramı çərçivəsində gerçəkləşdiriləcək. Yəni vəsait ABŞ büdcəsindən ödənilməyəcək.

"Bu satış Ukraynanın təhdidlərə qarşı müdafiə imkanlarını artıracaq və ölkəyə özünü, eləcə də regionun təhlükəsizliyini qorumaq üçün daha güclü hava hücumundan müdafiə sistemi qazandıracaq", – rəsmi məlumatda bildirilir.

Ukrayna 2024-cü ildən F-16 təyyarələrindən istifadə edir. Oktyabrda Rusiyanın Ukraynaya atdığı reaktiv dronların əksəriyyətini məhz bu qırıcılar vurub.

Ukrayna prezidenti Volodimir Zelenski isə oktyabrda ölkəsinə verilən F-16 təyyarələrinin təxminən yarısının sıradan çıxdığını açıqlamışdı.

ABŞ 'Huawei'ni günahkar çıxardı: İrana görə

Huawei
Huawei

Noyabrın 24-də Çinin "Huawei" şirkəti ABŞ-də cinayət işi üzrə təqsirli bilinib. Şirkət İranla biznes əlaqələri barədə bankları aldatmaqda və ABŞ şirkətlərinin kommersiya sirlərini oğurlamaqda ittiham olunurdu.

ABŞ hakimiyyəti "Huawei"nin milli təhlükəsizliyə təhdid yaratdığını bildirərək illərdir şirkətə qarşı tədbirlər görürdü.

Cinayət işi 2018-ci ildə başlanıb, növbəti il isə ABŞ hökuməti şirkətin Amerika texnologiyalarına çıxışını məhdudlaşdıraraq onu ticarət qara siyahısına daxil edib.

Ekspertlərin fikrincə, cinayət işi "Huawei"nin biznesinə ciddi zərbə vurmayıb. Şirkət fəaliyyət sahələrini şaxələndirərək Çinin süni intellektin inkişafı istiqamətindəki səylərində əsas iştirakçılardan birinə çevrilib.

İki aydan çox çəkən məhkəmə prosesində prokurorlar 60-dan çox, müdafiə tərəfi isə 15 şahid çağırıb.

"Huawei" və onun üç törəmə şirkətinə qarşı 12 ittiham irəli sürülüb. Bu ittihamlar sırasında mütəşəkkil cinayətkarlıq məqsədilə əlbir olma, bank dələduzluğu, elektron rabitə vasitəsilə dələduzluq və sanksiyaların pozulması yer alıb.

2018-ci ilin dekabrında "Huawei"nin maliyyə direktoru və şirkətin təsisçisinin qızı Men Vanjou ABŞ-nin həbs orderi əsasında Kanadada saxlanılıb. Bu hadisə ABŞ, Çin və Kanada arasında diplomatik böhrana səbəb olub.

Menə qarşı gizli ittiham irəli sürülmüşdü. O, sanksiyalardan yayınaraq İranla dollar əməliyyatları aparmaq üçün HSBC bankının əməkdaşını "Huawei"nin bu ölkədəki işi barədə aldatmaqda günahlandırılırdı.

Men üç ilə yaxın ABŞ-yə ekstradisiyasına qarşı mübarizə aparıb. Sonradan cinayət təqibinin təxirə salınması barədə razılaşma imzalanıb və o, Çinə qayıdıb. Ona qarşı irəli sürülən ittihamlar isə ləğv olunub.

2018-ci il tarixli ittiham aktında "Huawei"nin İrandakı biznes fəaliyyəti barədə HSBC, "Standard Chartered" və "BNP Paribas" banklarını aldatdığı vurğulanırdı.

İranda hicabsız oxuyan müğənniyə 74 şallaq vurulub

 Pərəstu Əhmədi
Pərəstu Əhmədi

İranda "ictimai əxlaqı təhqir etmək"də günahlandırılan 29 yaşlı müğənni Pərəstu Əhmədi və üç musiqiçiyə verilən hökm icra olunub. AzadlıqRadiosunun fars xidməti yazır ki, onlar müğənninin hicabsız oxuduğu konsert internetdə yayımlanandan sonra cinayət məsuliyyətinə cəlb ediliblər.

Hökmə əsasən, Əhmədi ilə yanaşı, musiqiçilər Söheyl Fəqih-Nasiri, Əmin Tahiri və Əmirəli Pirniya, eləcə də konsertin təşkilatçısı Möhsün Ləşkəri 74 şallaq cəzasına məhkum ediliblər. Məhkəmə həmçinin onların iki il müddətinə yaradıcılıqla məşğul olmasına və ölkədən çıxmasına qadağa qoyub.

Sözügedən konsert 2024-cü il dekabrın 11-də Qum şəhəri yaxınlığındakı tarixi Deyr-Qaçin karvansarasında baş tutub. Tamaşaçısız keçirilən və Əhmədinin YouTube kanalında yayımlanan bu konsertdə müğənni hicabsız və sinəsi açıq geyimdə, kişi musiqiçilərin müşayiəti ilə mahnılar oxuyub.

Məhkəmə hələ iyun ayında Əhmədini və daha səkkiz nəfəri "ictimai əxlaqı təhqir etmək"də təqsirli bilmişdi. Təqsirləndirilən şəxslər isə irəli sürülən ittihamları qəbul etməyiblər.

İran Hörmüzdə iki neft tankerinin minaya düşərək yandığını bildirir

Hörmüz boğazında yanan tanker
Hörmüz boğazında yanan tanker

Noyabrın 24-də səhər saatlarında Hörmüz boğazında iki neft tankeri minaya düşərək alışıb. Bu haqda İranın dövlət mediası ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadla məlumat yayıb.

İran ordusunun baş komandanı Əmir Hatəmi bundan əvvəl bildirmişdi ki, bu strateji su yolu "gündən-günə daha çox bağlanacaq və düşmən üçün şərait daha da çətinləşəcək".

"Reuters" agentliyi isə bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini yazır.

Fevralın sonunda ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan sonra Tehran Hörmüz boğazını faktiki bağlayıb. Bu addım enerji bazarında qiymətlərin bahalaşmasına səbəb olub.

Hazırda isə Hörmüzdə gəmilərin hərəkəti üçün risklərin qalmasına baxmayaraq, neft ucuzlaşır.

Bu gün "Brent" markalı xam neftin fyuçers qiyməti 0.3 faiz azalaraq bir barel üçün 89.10 dollara düşüb. Bundan əvvəl qiymət avqustun 27-dən bəri ən aşağı həddə enmişdi.

"DBS Bank"ın analitiki Suvro Sarkar "Reuters"ə bu ucuzlaşmanı bazarda təchizatla bağlı vəziyyətin əlverişli olması ilə izah edib. Bununla belə, o, qiymətlərin yenidən yüksələ biləcəyini də istisna etməyib.

Ötən gün – noyabrın 23-də də İranın Hərbi Dəniz Qüvvələri Hörmüzdə "qaydaları pozan" üç neft tankerinin dəniz minasına düşərək yandığını açıqlamışdı.

"The Wall Street Journal" qəzeti isə ABŞ rəsmilərinə istinadla yazıb ki, Birləşmiş Ştatlar 50-yə yaxın neft və qaz tankerinin kiberhücuma məruz qalmasında İranın əli olub-olmadığını araşdırır.

Britaniya həbsxanasında uşaq qatili öldürülüb – məhbus əməlini etiraf edib

İan Hantli
İan Hantli

Noyabrın 24-də Britaniyada məhbus iki məktəbli qızın qatili İan Hantlini bu ilin əvvəlində ciddi rejimli həbsxanada döyərək öldürdüyünü etiraf edib.

Entoni Rassel bundan əvvəl Hantlini qəsdən öldürmədiyini demişdi. Amma Nyukasl Kral Məhkəməsində keçirilən prosesin ikinci günündə o, ifadəsini dəyişib.

Prokurorların sözlərinə görə, Rassel fevralda İngiltərənin şimalındakı Franklend həbsxanasında Hantlinin başına metal çubuqla dəfələrlə zərbə endirərək onu soyuqqanlılıqla öldürüb, sonra isə nəzarətçilərə "Ümid edirəm, ölüb" deyib.

Rassel barədə yeni hökm noyabrın 24-də günün ikinci yarısında oxunacaq. O, hazırda üç qətl və zorlama cinayətinə görə ömürlük həbs cəzası çəkir və vaxtından əvvəl azadlığa buraxılmaq hüququ yoxdur.

Hantli 2002-ci ildə 10 yaşlı Holli Uells və Cessika Çepmeni öldürməkdə təqsirli bilinib. 2003-cü ildə keçirilən məhkəmə prosesi dünya mediasında geniş işıqlandırılmışdı.

52 yaşlı Hantliyə ömürlük həbs cəzası kəsilmişdi. O, Rasselin hücumuna məruz qalandan sonra martda ölüb.

2025-ci ilin oktyabrında isə uşaqlara qarşı cinsi zorakılıq cinayətlərinə görə həbsdə olan İan Uotkins də həbsxanada öldürülüb. O, Uelsin "Lostprophets" rok qrupunun keçmiş solisti idi.

Danimarka da məktəblərdə mobil telefonları qadağan etməyə hazırlaşır

Hansı saytların bloklanacağına bələdiyyələr və məktəblər qərar verəcək.
Hansı saytların bloklanacağına bələdiyyələr və məktəblər qərar verəcək.

Danimarka 2027-ci ildən ibtidai və ümumi orta təhsil müəssisələrində mobil telefonlara qadağa qoyulmasını təklif edəcək. Bununla yanaşı, məktəblərin internet şəbəkələrində məzmun filtrləri də tətbiq olunacaq. Bu barədə noyabrın 23-də Danimarkanın Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil naziri Maqnus Hoynike bildirib ki, sosial şəbəkələr, onlayn alış-veriş və oyunlar məktəbdə uşaqların diqqətini yayındırmamalıdır.

"Reuters"in məlumatına görə, internetə çıxışı olan digər şəxsi elektron cihazlara da qadağa şamil olunacaq.

Dərs zamanı sosial şəbəkələrə, oyun və alış-veriş saytlarına girişi məhdudlaşdırmaq məqsədilə məzmun filtrlərindən istifadə ediləcək.

Hansı saytların bloklanacağına isə ayrı-ayrı bələdiyyələr və məktəblər qərar verəcək.

İndiyədək Niderland, Cənubi Koreya və İtaliya məktəblərdə smartfonların istifadəsinə qadağa qoyub. Həmin ölkələr bu cihazların şagirdlərin diqqətinə və davranışına mənfi təsirindən narahatlıqlarını ifadə ediblər. Polşa və Çexiya isə iyunda oxşar təkliflə çıxış ediblər.

Azərbaycan məktəblərində də bu ilin iyununda mobil telefondan istifadəyə rəsmi qadağa tətbiq olunub. Belə ki, telefonu məktəbə gətirmək olar, amma dərslər bitənədək söndürülmüş və ya səssiz rejimdə məktəbin müəyyənləşdirdiyi xüsusi yerdə saxlanılmalıdır. Dərs prosesində mobil telefondan istifadə yolverilməzdir.

Müəllimin icazəsi ilə tədris məqsədləri üçün telefondan yararlanmaq mümkündür. Fövqəladə hallarda, o cümlədən sağlamlıqla bağlı zərurət yarandıqda telefondan istifadəyə icazə verilir.

Kipr iki rusiyalı diplomatı casusluq şübhəsi ilə ölkədən çıxarıb

Kipr və Aİ bayraqları
Kipr və Aİ bayraqları

Kipr casusluqda şübhəli bilinən iki rusiyalı diplomatı ölkədən çıxarıb. Xəbəri ANT1 telekanalı yayıb.

Kiprin iki rəsmisi də "Politico" nəşrinə bu məlumatı təsdiqləyib. Onların sözlərinə görə, Kiprin xüsusi xidmət orqanları ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı məxfi məlumatları ələ keçirməyə çalışan şəbəkəni ifşa edib. Şəbəkənin Avropa sanksiyaları çərçivəsində Rusiyaya ixracı qadağan olunmuş texnologiyalara çıxış əldə etməyə cəhd göstərdiyi bildirilir.

Diplomatlar Kipri ötən həftə tərk ediblər. Onlar Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinirlər. İddiaya görə, diplomatlar məxfi məlumatlara çıxışı olan Kipr vətəndaşları ilə əlaqə yaradıblar.

ANT1 xəbər verir ki, casusluq fəaliyyəti Kiprin Avropa İttifaqı Şurasına sədrlik etdiyi altı ay ərzində də həyata keçirilib. Kiprin sədrliyi yanvarın 1-dən iyunun 30-dək davam edib.

Tbilisidə partlayış olan binadan 6 nəfərin meyiti çıxarılıb

Bina
Bina

Noyabrın 19-da Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında baş verən partlayışda altı nəfər həlak olub. Onların hamısının meyiti dağıntılar altından çıxarılıb. Partlayışa təbii qaz sızmasının səbəb olduğu bildirilir.

Həlak olanlar arasında azyaşlı uşaq da var.

Daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə xilasetmə əməliyyatının faktiki olaraq başa çatdığını bildirib.

Xilasedicilər dağıntılar altından üç yaşlı uşağı sağ çıxarıblar. Xəstəxanaya çatdırılan uşağın həyatı üçün təhlükə yoxdur.

Hadisə noyabrın 19-da səhər saatlarında qeydə alınıb.

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, partlayışdan sonra binanın iki girişində problemlər yaransa da, qalan hissəsi yaşayış üçün yararlıdır.

Hadisə ilə əlaqədar tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə istintaqa başlanılıb.

"Tbilisi Energy" qaz şirkətinin rəsmisi partlayış baş verən mənzilə əvvəlcədən baxış keçirməyin mümkün olmadığını açıqlayıb. Buna mənzil sahibinin Tbilisidə olmaması səbəb göstərilib.

Aİ rusiyalıları 'Erasmus+' proqramından çıxarıb

2014–2021-ci illərdə Rusiyadan 13 mindən çox tələbə və elmi işçi "Erasmus+" proqramdan yararlanıb.
2014–2021-ci illərdə Rusiyadan 13 mindən çox tələbə və elmi işçi "Erasmus+" proqramdan yararlanıb.

Avropa Komissiyası Rusiyada yaşayan şəxslərin "Erasmus+" tələbə mübadiləsi proqramında iştirakını qadağan edib. Bu barədə proqramın 2027-ci il üçün təlimatında bildirilir.

Qadağa vətəndaşlığından asılı olmayaraq Rusiyada yaşayan bütün şəxslərə şamil olunur. Sənəddə vurğulanır ki, proqramda "istənilən formada" iştirak yolverilməzdir.

Avropa İttifaqı (Aİ) ölkələrindən olan tələbələrin və ali məktəb əməkdaşlarının "Erasmus+" çərçivəsində Rusiyaya səfərləri də proqramdan çıxarılıb.

Bundan başqa, Rusiyada yaşayanlar artıq Avropa universitetlərində "Erasmus Mundus Joint Master" (EMJM) birgə magistratura proqramları üzrə təqaüd ala bilməyəcəklər.

Rusiya idmançılarını öz bayraqları altında yarışlara buraxan beynəlxalq idman qurumları da proqramın idman layihələrinə qoşula bilməyəcəklər.

"Erasmus" proqramı 30 ildən çoxdur fəaliyyət göstərir. Bu, Aİ-yə üzv ölkələr və bir sıra tərəfdaş dövlətlər arasında tələbə mübadiləsi proqramıdır. "Erasmus+" təkcə tələbə mübadiləsini deyil, təhsil sahəsində əməkdaşlığın digər istiqamətlərini də əhatə edir.

2014–2021-ci illərdə Rusiyadan təxminən 13 min 200 tələbə və elmi işçi bu proqramdan yararlanıb.

Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra Aİ öz büdcəsindən Rusiya dövlət qurumlarına maliyyə ayrılmasını dayandırıb.

Proqnoz: İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

Müsəlman zəvvarlar Məkkədəki Məscidül-Həramda illik Həcc ziyarəti zamanı Kəbəni təvaf edirlər.
Müsəlman zəvvarlar Məkkədəki Məscidül-Həramda illik Həcc ziyarəti zamanı Kəbəni təvaf edirlər.

2030-cu illərin ortalarınadək islam dininin xristianlığı geridə qoyaraq dünyanın ən böyük dininə çevriləcəyi gözlənilir. "Pew" Araşdırmalar Mərkəzi noyabrın 18-də belə bir proqnoz açıqlayıb.

Bunun əsas səbəbi müsəlman qadınlar arasında doğum səviyyəsinin daha yüksək olmasıdır.

Xristianlıq əsrlər boyu dünyada ən çox ardıcılı olan din sayılıb. Amma müsəlman əhalinin sayı daha sürətlə artır və 2035-ci ildə dünyada müsəlmanların sayının 2.57 milyarda, xristianların sayının isə 2.52 milyarda çatacağı gözlənilir.

İndiki tendensiyalar davam edərsə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3.6 milyarda, xristianların sayının isə 3 milyarda çatacağı proqnozlaşdırılır. Belə olacağı halda, islam dünya əhalisinin 37 faizini təşkil edəcək. 2020-ci ildə bu göstərici 26 faiz idi. Xristianların dünya əhalisindəki payının isə 29 faiz civarında qalacağı və ikinci yerdə qərarlaşacağı gözlənilir.

2020–2025-ci illərdə hər müsəlman qadına orta hesabla 3.1, hər xristian qadına isə 2.5 uşaq düşüb. Digər bütün dini qruplar üzrə bu göstərici 1.6 olub.

Əhalinin özünü yeniləməsi üçün 2.1 zəruri göstərici hesab olunur.

"Pew" əvvəlki tendensiyalara əsaslanaraq bildirir ki, gələcəkdə həm islamı, həm də xristianlığı tərk edərək başqa dinlərə keçənlərin sayı artacaq. Amma müsəlmanlar arasında bu itki xeyli az olacaq. Belə ki, 2020–2070-ci illərdə dinini dəyişənlər səbəbindən müsəlmanların sayı 8 milyon, xristianların sayı isə 105 milyon nəfər azalacaq.

'Politico': Avropa Komissiyasına kiberhücum olub

Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı
Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı

Avropa Komissiyası kiberhücuma məruz qalıb və nəticədə böyük həcmdə şəxsi məlumatlar ələ keçirilmiş ola bilər. Bu barədə bu gün – noyabrın 19-da "Politico" nəşri məlumat yayıb.

Nəşr Avropa İttifaqı (Aİ) rəsmisinə istinadla yazır ki, Komissiya hücumun qarşısını əsasən aldığını düşünsə də, dəymiş ziyanın tam miqyası hələ məlum deyil.

Avropa Komissiyası məsələ ilə bağlı bu gün səhər saatlarında göndərilən sorğuya dərhal cavab verməyib.

"Politico"nun xəbərinə görə, təxminən 10 gün çəkən hücum səbəbindən bir neçə sistem, o cümlədən əməkhaqqı, iş vaxtının uçotu və tibbi xərclərin ödənişi sistemləri oflayn rejimə keçirilib.

Komissiyanın sözçüsü Tomas Renye nəşrə açıqlamasında aşkarlanmış kiberkampaniyaya cavab olaraq zəruri tədbirlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, hücum zamanı ayrı-ayrı sistemlər hədəfə alınıb və standart prosedurlara uyğun olaraq aidiyyəti şəxslərə məlumat verilib.

"Politico" yazır ki, Avropa Komissiyası kiberhücumla əlaqədar ən yüksək səviyyəli daxili böhran qurumunun təcili iclasını çağırıb.

Texnologiya məsələləri üzrə Avropa komissarı Henna Virkkunen isə ötən gün digər komissarları mövcud vəziyyətlə bağlı məlumatlandırıb.

Davamı

XS
SM
MD
LG