Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 10:00

Söyüdlüdə indi vəziyyət necədir?


Gədəbəydə polislər jurnalistləri Söyüdlü kəndinə buraxmayıb, rayondan çıxarıblar
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Gədəbəydə polislər jurnalistləri Söyüdlü kəndinə buraxmayıb, rayondan çıxarıblar

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-si və 21-də baş verən etirazlardan sonra bu kəndin girişinə qoyulan polis postunun hələ də götürülmədiyi deyilir.

Kənd sakinləri söyləyirdilər ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyalara müdaxilə edib, gözyaşardıcı qazdan istifadə olunub və saxlananlar olub. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verildiyi açıqlanıb. Kəndin bir yaşlı sakini isə cərimə olunduğunu deyir. Amma sonrakı günlər başqa saxlananların olduğu da iddia olunub. Belə məlumatlar isə rəsmən təsdiqlənməyib. Üstəlik, 10-a yaxın kənd sakini aksiyalar zamanı polisin müdaxiləsi nəticəsində müxtəlif xəsarət aldıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. Kəndin girişinə də iyunun 22-də polis postu qoyulub. Bunun ardınca da həmin kəndin tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılıb.

Kənd sakinləri indi AzadlıqRadiosuna deyir ki, orada hələ də polis qüvvələri var, giriş-çıxış isə kənddə yaşamayanlar üçün bağlıdır. Onların deməsinə görə, sakinləri də yalnız sənədləri yoxlayandan sonra başqa yerə buraxırlar.

Bu deyilənlər ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə danışmaq mümkün olmayıb.

"Burada vahim bir şey yoxdur"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, əməliyyat xarakterli məsələlər olanda kəndə post qoyulub, o da müvəqqəti bir postdur: "Ola bilsin, 7-10 günə götürüləcək. Burada vahim bir şey yoxdur. Özü də postu qanunsuz silahlı birləşmələr qoymayıb ki... Dövlətin polisi qoyub. Ona görə burada təəccüblü heç nə yoxdur. Biz axı bilmirik, bəlkə, orada əməliyyat şəraiti ilə bağlı hansısa bir problem var?".

Deputatın sözlərinə görə, Söyüdlü kəndində heç bir repressiyadan söhbət gedə bilməz: "Orada hadisə baş verib, hadisəyə dövlət müdaxilə etməlidir. Komissiya yaradılıb, işləyir və işini yekunlaşdıran kimi məsələ ilə bağlı açıqlama veriləcək, postlar da götürüləcək".

"Kəndin blokadası davam edir"

Söyüdlü İşçi Qrupunun koordinatoru Afiyəddin Məmmədov kənddə vəziyyətin gərgin olaraq qaldığını deyir: "Sakinlər hələ də əlaqə saxlaya bilmirlər. Görünür, yerli əhalini qorxudublar ki, Bakı ilə əlaqə saxlayanda bilinir və onlar cəzalanacaq. Ona görə də məlumat verməyə çəkinirlər və biz məlumatı çətinliklə alırıq. Amma buna baxmayaraq, inzibati qaydada həbs olunanlar üçün apellyasiya şikayətlərini artıq hazırlamışıq və göndərmişik".

"Hakimiyyətin zora söykənən ənənəvi siyasəti…"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov da AzadlıqRadiosuna bildirib ki, hakimiyyət zora söykənən ənənəvi siyasətini Söyüdlü kəndində də sürdürür: "Şəksiz, burada insanların siyasi-ekoloji müstəvidə irəli sürdüyü tələblər tam haqlıdır. Kəndlilər nə deyirlər? Ərazidə süni göl yarandıqdan sonra əhali arasında xəstəliklərin, ölüm sayının artığını bildirirlər. Müstəqil ekspertlər də bunu təsdiqləyir".

Hüquq müdafiəçisi deyir ki, bütün bunlara rəsmi reaksiya adekvat deyil: "Kənd blokadaya alınır, faktiki fövqəladə vəziyyət elan edilir, giriş-çıxış məhdudlaşdırılır, inzibati qaydada həbslər seçilir... Konstitusion və konvensional hüquq olan azadlıq hüququ kobud surətdə pozulur. Müdafiəsiz kəndlilərlə ünsiyyətimizə əngəllər yaradılır, danışanları təhdid edirlər".

R.Səfərovun sözlərinə görə, üstəlik, kəndə əlavə hökumət qüvvələrinin yeridilməsi onsuz da ağır olan duruma vahiməli əlamətlər qatır.

Bütün bunlarla bağlı ərazidə qızıl mədənini işlədən "Anglo-Asian Mining" və "R.V. Investment Group Services" şirkətlərinin təmsilçiləri ilə danışmaq mümkün olmayıb. Amma müəssisənin əməkdaşları iddia edirlər ki, tullantıların kənd əhalisinə ziyanı yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG