Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Yeni qolbaqlar məhbusların sayını azalda bilərdi, amma...


Həbsxana
Həbsxana

«Oğlum ehtiyatsızlıqdan yol qəzası törədib. Zərərçəkmiş az ağır xəsarət almışdı. Sağalıb, işində-gücündədir. Ona dəymiş maddi ziyan da ödənilib. Məhkəmədə notarial qaydada təsdiqlənmiş ərizə də verdi ki, şikayətçi deyil. Ancaq Yasamal Rayon Məhkəməsi oğluma yenə də 2 il 6 ay həbs cəzası verdi», – Həbibə Vəliyeva danışır.

Ananın sözlərinə görə, oğlu əlildir. Ona yol-nəqliyyat hadisəsi törətməklə yanaşı, hadisə yerindən qaçma ittihamı da veriblər, elə onu əsas götürüb, azadlıqdan məhrum ediblər: «Birincisi, hadisə yerindən qaçmayıb. İkincisi, o maddədə iki ilə qədər həbslə yanaşı, iki ilədək azadlığın məhdudlaşdırılması cəzası da var. Bəs, o növ cəzaları kimə tətbiq edirlər, pulu olanlara?».

Prezident sərəncam verdi. Qanun dəyişsə də, nəticə dəyişmir...

Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına effektiv nəzarət etmək, bu sahədə idarəetmənin səmərəliliyini artırmaq üçün Ədliyyə Nazirliyinin tərkibində Probasiya xidməti yaradıldı. Cəzaların icrasına nəzarət məqsədilə elektron nəzarət vasitələri (qolbaq) tətbiq olunması tapşırıldı.

Polis bölmələrində, həbsxanalarda vətəndaşlarla necə davranılır?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Sərəncamda Baş Prokurorluğa da tövsiyə olunurdu ki, həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən öncə digər qətimkan tədbirlərinin mümkünlüyü araşdırılsın. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə istintaq dövrü üçün həbs-qətimkan tədbiri müstəsna hallarda, çox ciddi əsaslar olanda seçilsin.

Prezidentin bu sərəncamından bir müddət sonra Cinayət Məcəlləsinə 300-ə qədər dəyişiklik edildi. Həm cəza müddətlərində, vurulmuş ziyanın məbləğindən asılı olaraq, maddələrdə dəyişiklik oldu, həm də alternativ cəza növlərindən daha biri kimi, «azadlığın məhdudlaşdırılması» qanunvericiliyə daxil edildi.

Məhkum olunanların 52 faizi azadlıqdan məhrum edilib

Prezidentin sərəncamından 1 il 8 ay vaxt keçir. Amma nəzərəçarpan ciddi fərq hiss olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə 13 min 733 nəfər məhkum olunub ki, onların da 7 min 259 nəfəri (52 faizi) azadlıqdan məhrum edilib. 10 il öncə - 2008-ci ildə isə Azərbaycanda məhkum olunan 13 min 995 nəfərdən 5 min 848-nə həbs cəzası verilmişdi.

Prezident prokurorluğa həbs yox, başqa qətimkan tədbiri növlərindən istifadəni tövsiyə etsə də, praktikada bunun əksi olan hallar yetərincədir. Məsələn, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı irəli sürülmüş yeni ittiham - CM-in 317-2.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Lakin onun barəsində həbs-qətimkan tədbiri seçildi.

Y.İmanov
Y.İmanov

«230-dan çox məhkuma elektron qolbaq verilib»

Dəyişiklikdən sonra bir çox maddələrə azadlığın məhdudlaşdırılması cəzası daxil edilsə də, praktikada, demək olar, rast gəlinmir. Hərçənd, hüquqşünas Yalçın İmanov deyir ki, bu cəza növünün geniş tətbiqi bundan sonra azadlıqdan məhrum edilənlərin sayını azaltmaqla yanaşı, həm də cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sayını azalda bilərdi: «Qanuna dəyişiklik şəxsin vəziyyətini yüngülləşdirirsə, qanunun geriyə qüvvəsi var. Yəni şəxsin təqsirli bilindiyi müddətə son dəyişikliklərdən sonra alternativ cəza kimi, azadlığın məhdudlaşdırılması əlavə edilibsə, məhkum məhkəməyə müraciət edib, cəzasının dəyişdirilməsini tələb edə bilər. Buna «tənzimləmə» deyilir. Əslində, cəzaçəkmə müəssisələrinin özləri bu məsələdə maraqlı olub, öz təşəbbüsləri ilə də məhkəmələrə müraciət edə bilərlər. Təəssüf ki, hələ praktikada bundan istifadə olunmur».

Azadlığı məhdudlaşdırılmış şəxsləri nəzarətdə saxlamaq üçün onlara elektron qolbaqların taxılması nəzərdə tutulub. Qolbaqlar vasitəsilə onların olduğu yerə, fəaliyyətinə nəzarət etmək mümkün olacaq.

Ədliyyə Nazirliyindən isə AzadlıqRadiosuna bildirilib ki, artıq 230-dan çox şəxsə elektron qolbaqlar tətbiq olunub: «Onların arasında elələri var ki, cəza müddəti başa çatdığına görə qolbaq artıq çıxarılıb».

Nazirliyin məlumatına görə, elektron qolbaqlar vasitəsilə məhkumlara nəzarəti Probasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Elektron Monitorinq Mərkəzi həyata keçirir.

Ə.Nuriyev
Ə.Nuriyev

«Adamları islah etmək üçün gerçək istək olmalıdır»

«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, elektron qolbaqlar vasitəsilə cəza çəkənlər yaxınlarının əhatəsində olurlar, cəmiyyətdən təcrid olunmurlar. Bu da şəxsin islah prosesinə müsbət təsir göstərir. Dünyada bu təcrübədən geniş istifadə edildiyini və müsbət nəticələrin də olduğunu söyləyən ekspertin sözlərinə görə, qolbaqlar veriləndə şəxsə məsuliyyəti, vəzifəsi də izah olunur: «Əgər məhkum cəzası başa çatana qədər qolbaqdan imtina etsə, bu halda, cəzasını cəzaçəkmə müəssisəsində çəkməli olacaq».

«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov deyir ki, azadlığın məhdudlaşdırılması cəzası əvvəllər də Azərbaycan qanunvericiliyində olub, işlək olmadığından çıxarılıb. Yenidən qanunvericiliyə qaytarılmasına baxmayaraq, hələ ki, praktikasında bu növ cəzanın tətbiqinə rast gəlmədiyini deyən vəkilin sözlərinə görə, elektron qolbaqların geniş tətbiqi prosesə müsbət təsir göstərə bilər. Amma o halda ki, cinayət törətmiş şəxsləri həqiqətən də islah etmək məqsədi qarşıya qoyulsun: «Dünya təcrübəsi göstərir ki, adam cəmiyyətdən təcrid edilmədən da islah oluna bilər. Təəssüf ki, bizdə azadlıqdan məhrumetmə cəzası geniş tətbiq olunur. Hesab etmirəm ki, bu, islah prosesinə daha yaxşı təsir göstərə bilər. Təbii, elə cinayətlər, elə insanlar var ki, onlara məhz azadlıqdan məhrumetmə cəzası verilməsi məqsədəuyğundur. Amma bu qədər geniş tətbiq olunması işin xeyrinə yox, ziyanınadır».

H.Həsənov yada salır ki, prezidentin sərəncamından öncə Ali Məhkəmənin Plenumunun da birinci instansiya məhkəmələrinə həbs-qətimkan tədbirləri seçməkdən mümkün qədər qaçmaq barədə tövsiyəsi vardı. Vəkilin fikrincə, həm Ali Məhkəmənin Plenumunun, həm də prezidentin tövsiyəsi bu sahəyə cüzi də olsa, təsir göstərib: «Qanunvericiliyə yenə dəyişiklik edilməli, konkret tələb qoyulmalıdır ki, hansı halda həbs-qətimkan tədbiri seçilə bilər. Qanun indiki halda manipulyasiyaya imkan yaradır. Ümumi şəkildə «qaçıb istintaqdan yayına bilər, sübutlara təsir göstərər» deməklə həbs-qətimkan tədbiri seçilməməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG