Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Yeni kadrlar köhnələrdən nə ilə fərqlənir?


Prezident İlham Əliyev İsmayıllı və Neftçalaya rayonlarına təyin etdiyi icra başçılarını qəbul edib, Bakı, 5 mart 2020
Prezident İlham Əliyev İsmayıllı və Neftçalaya rayonlarına təyin etdiyi icra başçılarını qəbul edib, Bakı, 5 mart 2020

Son aylar Azərbaycanda istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarında kadr dəyişkilikləri baş verir. Cəmiyyətdə tez-tez bu məsələlər gündəmə gəlir, köhnə və yeni kadrlar arasında müqayisələr aparılır. Xüsusilə Ağstafa rayonuna yeni təyin olunan icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının sədri Seymur Orucovun prezidentə qəbul zamanı söylədiyi bəzi fikirlər bir çox təhlilçilərin diqqətini çəkib.

Seymur Orucov, arxiv foto
Seymur Orucov, arxiv foto

Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Onda S.Orucov deyib:

“… Möhtərəm cənab Prezident, 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat dövründə Azərbaycan gəncliyini zorla ali təhsil ocaqlarından, iş yerlərindən mitinq bölgələrinə və onların yarıtmaz liderlərinə dəstək tədbirlərinə aparırdılar. Gənclərimiz çox bədbin ruhda idilər. Lakin Ulu Öndərimiz ( hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyev nəzərdə tutulur-red) hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyində gənclik ruhu özünə qayıtdı…”

“Onların yerinə gənc, korrupsiyaya bulaşmayan yeni insanların cəlb edilməsi…”

Jurnalist Azər Həsrət-ə görə, ölkədə islahatların aparılması danılmaz faktdır. Onun fikrincə, prezident bu istiqamətdə axtarışdadır və yeni, potensialı olan insanları aşkar edib vəzifələrə təyin edir.

Azər Həsrət, 2009
Azər Həsrət, 2009

Amma Azər Həsrət müqayisənin hələ tez olduğunu düşünür:

“Çünki yeni kadrlar işlərinə yeni başlayıb, biz onların fəaliyyətini müşahidə edəndən sonra əvvəlkilərlə müqayisə etmək olar”

Azər Həsrətin vurğulamasına görə, sadəcə, bir məqamı indidən demək olar ki, vəzifədən uzaqlaşdırılan icra başçıları rüşvətdə günahlandırılır:

“ Ona görə onların yerinə gənc, korrupsiyaya bulaşmayan yeni insanların cəlb edilməsi ən azından başlanğıc üçün yaxşı hal kimi qiymətləndirilə bilər. Bununla yeni kadrların arasında naşılıq edənlərə də rast gəlinir, bəlkə də bu, təbiidir. Ancaq təcrübəsizlik özünü göstərəcək, yəqin ki, bir müddət sonra işi mənimsəyəcəklər, cəmiyyətlə, xüsusən vətəndaşlarla işləmək və ümumi ictimai-siyasi atmosferin damarını tutmaq istiqamətində irəliləyə biləcəklər”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli də Azadlıq Radiosuna açıqlamasında yenilərlə köhnələr arasında müqayisə aparmağın çox çətin olduğunu deyir. Onun fikrincə, yerli və mərkəzi icra hakimiyyətlərindəki dəyişiklik funksional sayıla bilməz:

“Vətəndaşa hesabatlılığı yoxdur”

“ İcra hakimiyyətlərində yeni və köhnə kadrlar onsuz da eyni funksiyaları icra ediblər. İkinci, idarəçilik təfəkkürü və əxlaq normaları da dəyişmir. Hələ də Azərbaycanda vətəndaşla dövlət arasında münasibətlərin qurulmasında, insanların dövlət idarəçiliyinə əlçatımlığında problemlər var. Yəni kadrların yerini və yaş tərkibini dəyişməklə ciddi nailiyyətlər əldə etmək çox çətindir. Ola bilsin ki, gənc kadrlar əvvəlkilərlə müqayisədə rüşvətə, məmur özbaşınalığına az meylli olsun. Amma bütövlükdə strukturların funksiyaları dəyişmədikcə, ciddi nailiyyətlərdən söz açmaq çox çətindir.”

Anar Məmmədli, 2019
Anar Məmmədli, 2019

Anar Məmmədlinin qeyd etməsinə görə, yerli icra hakimiyyətləri birmənalı şəkildə mərkəzi icra hakimiyyətinin təmsilçisi kimi çıxış edir və ciddi səlahiyyətlərə sahibdirlər:

“ Faktiki olaraq, əhalinin icra hakimiyyətlərinə nəzarət etmək imkanı yoxdur, çünki onlar daha çox mərkəzi icra hakimiyyəti qarşısında cavabdehdir, vətəndaşa hesabatlılığı yoxdur. Ona görə dəyişiklik daha çox funksional və səlahiyyətlilik məsələsinə baxılmaqdan keçir.”

Anar Məmmədli yerli icra hakimiyyətlərinin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib və səbəb kimi bu strukturun əhali tərəfindən seçilmədiyini göstərib:

“Olmazmı onları xalq seçsin”

“ Olmazmı onları xalq seçsin və bununla da vətəndaşların yerli idarəçilikdə iştirakı təmin olunsun. Əgər belə olmayacaqsa, kadr dəyişiklikləri idarəçiliyə müsbət təsir göstərməyəcək. Eyni fikirləri mərkəzi icra hakimiyyətləri haqqında da demək olar. Məgər, onlar əhali qarşısında hesabatlı olurlar, daha şəffaf fəaliyyətə üstünlük verirlər? ”.

Azər Həsrət Ağstafa rayon icra hakimiyyətinin başçısı Samir Orucovun söylədiklərinin doğru olmadığını və həmin dövrdə tələbə olduğunu da vurğulayıb:

“İrəli çəkilən gənclər bu cür məsələlərə bulaşmamalıdırlar”

“Əvvəla, bizi heç kim zorla mitinqlərə aparmayıb, həmin gəncə məlumatı kim veribsə, onu aldadıb və bununla yeni icra başçısı özünü pis vəziyyətə qoyub. İkinci, hesab etmirəm ki, irəli çəkilən gənclər bu cür məsələlərə bulaşmamalıdırlar. Əlbəttə ki, cənab Prezidentin özünün dəyərləndirməsini başa düşürük, siyasi liderdir, ölkənin rəhbəridir, belə şeyləri etməlidir. Amma ötən əsrin 90-cı illərinin əvvəllərində 7-8 yaşı olan bir gəncin həmin dövrlə bağlı ciddi yanlış informasiyalar verməsi yerinə düşmür. Hər halda Seymur Orucov üçün uğursuz başlanğıc oldu, ancaq ümid etmək istərdim ki, yeni başçı işlərində bu cür nüanslara yol verməyəcək. Düzdür, YAP-ın Gənclər Təşkilatının sədri olsa da, bioqrafiyası o qədər də zəngin deyil. Bütün hallarda gənclərə yol açılması baxımından cənab Prezident doğru seçim edib”.

“Bu cür açıqlamalar yerli icra hakimiyyətlərinin tərəfsiz qaydada çalışmadığını göstərir”

İlham Əliyev Ağstafa (Seymur Orucov) və İmişliyə (Elçin Rzayev) təyin etiyi yeni icra başçıları ilə danışır, 21 may 2020
İlham Əliyev Ağstafa (Seymur Orucov) və İmişliyə (Elçin Rzayev) təyin etiyi yeni icra başçıları ilə danışır, 21 may 2020

Anar Məmmədli də yeni icra başçısı Seymur Orucovun fikirləri ilə razılaşmadığını bildirib:

“Əgər Orucovun söylədikləri doğrudursa, niyə Sürət Hüseynov qiyam edəndə, hakimiyyəti dəstəkləyən mitinqlər təşkil edib tələbələri, əmək müəssisələrini ora aparmadılar? Əksinə, aksiyalar təşkil olunsaydı, xalqın qiyama qarşı müqaviməti bu qədər zəif olmazdı. İkinci, bu cür açıqlamalar yerli icra hakimiyyətlərinin tərəfsiz qaydada çalışmadığını göstərir.”

A.Məmmədlinin deməsinə görə, seçkilər dövründə yerli icra hakimiyyətlərinin prosesə müdaxiləsi adi hala çevrilib:

“ Bununla da tərəfsizliklərinə kölgə salırlar. Hər seçkidə biz acınacaqlı faktların şahidi oluruq. Və bu idarəetmənin fundamenti daha çox Heydər Əliyev hakimiyyətə gələndən sonra formalaşıb. Hətta Ayaz Mütəllibovun hakimiyyəti zamanı yerli icra strukturları seçkilərə belə müdaxilə etmirdilər. Amma 1993-cü ildən sonra mənzərə dəyişdi, icra strukturları seçkilərə müdaxilə edirdilər və dövlət büdcəsindən maliyyələşən təşkilatları da prosesə qatıblar. Bunu bilmək üçün beynəlxalq və yerli təşkilatların hesabatlarını oxumaq kifayətdir.”

Bu dəyərləndirmələrə, hələlik, Ağstafa Rayon İcra Hakimiyyətinin yeni başçısı Seymur Orucovun özündən münasibət almaq mümkün olmayıb.

Amma bir qayda olaraq yerli icra hakimiyyətləri onların seçkilərə birtərəfli müdaxilə etmələri ilə bağlı iddiaları əsaslı saymırlar.

Son aylar Azərbaycanda bir neçə icra başçısı həbs edilib. Onlar rüşvət və səlahiyyət hədlərini aşmaqda ittiham edilirlər.Keçmiş başçılar, hələlik, iddialarla bağlı ictimaiyyətə açıqlama verməyiblər.Amma onlardan bəzisi həbs qərarından apelyasiya şikayəti verib, amma şikayət qəbul edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG