Keçid linkləri

Təcili xəbərlər
2020, 10 İyul, Cümə, Bakı vaxtı 23:08

Neftçalanın keçmiş icra başçısı barəsində 4 aylıq həbs verilib


DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirdi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirdi

Fevralın 22-də Səbail rayon Məhkəməsi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Təqdimatı Dövlət Təhlükəsizlik Xidməti verib. Keçmiş başçıdan başqa onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov haqqında da eyni qərar verildiyi bildirilir.

Neftçalada icra başçısı, müavini, baş həkim və başqaları saxlanıb

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bugün, fevralın 21-də Neftçala rayonu ilə bağlı növbəti məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin (keçmiş başçı-red) vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr yaranıb:

“Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev,... vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib”.

DTX bildirir ki, İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında baxış keçirilib:

“Müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb”.

Açıqlamada iddia olunduğuna görə, İsmayıl Vəliyevin təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdırılaraq mənimsəməsinə, rayon ərazisində torpaq sahələrinin özbaşına tutulmasına və həmin ərazilərdə qanunsuz tikinti işləri aparılmasına əsaslı şübhələr yaranıb:

“İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilmişdir”.

DSX bildirib ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə , Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və başqaları rüşvətalma, rüşvətvermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanıblar:

“Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bu açıqlamaya, hələlik, Neftçala rayon İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyevin və başqa adları çəkilən şəxslərin özlərindən, vəkillərindən münasibət almaq mümkün olmayıb.

Neftçalanın icra başçısı da vəzifəsindən çıxarıldı

Bugün, fevralın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Elə fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdiyi bildirilirdi.

İsmayıl Vəliyev 2011-ci ildən bu vəzifəni tuturdu.

O, bundan əvvəl isə Qobustan Rayon İcra Hakimiyyəti başçısı işləmişdi.

Bugün, fevralın 20-də Prezident İlham Əliyevin İtaliyada səfərdə olduğu açıqlanmışdı.

DTX-nin Neftçala açıqlaması

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, fevralın 20-də Neftçala rayonu ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açılıb: «Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına,... zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir».

DTX vurğulayıb ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Hələlik, bu açıqlamaya Neftçala Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

+++

Neftçala rayonu ilə əlaqəli şəxslərdən biri də AzadlıqRadiosuna sözü gedən icra hakimiyyətində əməliyyat keçirildiyi ilə bağlı məlumatı təsdiq edib. Onun deməsinə görə, əməliyyat rüşvət hallarına qarşı yönəlib. Amma bu məlumata da, hələlik, Neftçala Rayon İcra Hakimiyyəti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Bu gün, fevralın 20-da hüquq-mühafizə orqanlarından birinin Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirdiyi bildirilir.

Neftçala rayonundan adının çəkilməsini istəməyən bir şəxs AzadlıqRadiosuna deyib ki, saat 12-yə yaxın qara maskalı xüsusi təyinatlılar icra hakimiyyətinin binasına daxil olub. Onun sözlərinə görə, indi icra hakimiyyətinin bütün ətrafı mühasirəyə alınıb, kimsə ora buraxılmır.

XS
SM
MD
LG