Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:24

Yaxın Şərqlə bağlı böyük sövdələşmə: Putin və Netanyahu niyə görüşdülər


Benjamin Netanyahu (sol) və Vladimir Putin, Kreml, Moskva, 7 iyun 2016
Benjamin Netanyahu (sol) və Vladimir Putin, Kreml, Moskva, 7 iyun 2016

İsrailin baş naziri Benjamin Netanyahu İsraillə sərhəddə İran hərbi bazalarının yaradılmamasına razılıq əldə etmək üçün Moskvaya səfər edib. Səfər zamanı danışıqların başlıca mövzusunun İranın planları olacağı barədə İsrail mətbuatı yazırdı.

“Biz artıq başqa dünyada yaşayırıq...”

“Currenttime.TV” yazır ki, Rusiya prezidenti Vladimir Putin-lə görüşdə Benjamin Netanyahu yəhudilərin martın 12-də qeyd etdikləri Purim bayramını yada salıb. Həmin gün 2500 il öncə qədim İranda baş verənlərlə – yəhudi xalqının kökünün kəsilməsi cəhdiylə bağlıdır. “İran bu cəhdləri fəal şəkildə davam etdirir”, – Netanyahu bununla bağlı deyib. Rusiya prezidentisə həmin hadisələrin bizim eramızdan əvvəl V əsrdə baş verdiyini xatırladıb.

“Biz artıq başqa dünyada yaşayırıq, gəlin indi bu haqda danışaq”, – Putin söyləyib.

Netanyahu-nun səfəri öncəsi yerli nəşr – Reshet Bev yazıb ki, o, Moskvada İranın Suriyada daimi hərbi baza yaratmasıyla bağlı İsrailin qəti narazılığını çatdıracaq. Baş nazirin sözlərinə görə, Tehran İsrail əleyhinə cəbhə açmaq niyyətindədir.

İran ordusu Oman dənizində hərbi təlimlər keçirir, 31 dekabr 2014
İran ordusu Oman dənizində hərbi təlimlər keçirir, 31 dekabr 2014

İran Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Üstəlik, Suriya prezidenti Bashar Assad-ın tərəfində İsrail və ABŞ-ın terror qruplaşması kimi tanıdığı “Hezbollah” hərəkatının şiə yaraqlılarından ibarət ön dəstələri də döyüşür.

Bu, İsrail baş nazirinin Moskvaya birinci səfəri deyil. Onun Vladimir Putin-lə hər görüşü Yaxın Şərqdə situasiyanın daha da kəskinləşməsi fonunda keçir.

Putin və Netanyahu: görüş ardınca görüş

2009-cu ildə təkrar hökumət başçısı təyin edilən Benjamin Netanyahu dünyanın başqa liderlərindən fərqli olaraq Moskvaya daha tez-tez səfər edir.

2009-cu il sentyabrın 9-da Rusiya və İsrail mətbuatı xəbər verdi ki, Netanyahu qəfildən bütün planlarını təxirə salaraq Moskvaya gizli səfər edib. Bu xəbər “Arctic Sea” gəmisi-ylə bağlı xəbərin yayıldığı vaxtda üzə çıxdı, ekspertlər bu gəminin Rusiyanın S-300 zenit-raket komplekslərini İrana gizli gətirdiyini güman edirdilər. Bir ay sonra bəlli oldu ki, Rusiyanın qərarıyla S-300-lərin İrana çatdırılması prosesi dondurulub. Tehran Moskvaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırdı.

Netanyahu Rusiya paytaxtına növbəti dəfə artıq rəsmi şəkildə 2010-cu ilin fevralında səfər etdi. Bundan bir həftə öncə İran uranın zənginləşdirilməsi haqqında danışmışdı, ABŞ prezidenti isə bu ölkəyə sərt sanksiyalar tətbiq etməyə çağırmışdı. Ekspertlərin qənaətincə, Netanyahu Moskvaya Rusiyanı da İran əleyhinə sanksiyalara qoşulmağa razı salmağa gəlibmiş. Amma cəhd baş tutmamışdı.

Iran, Rusiyadan alınan S-300
Iran, Rusiyadan alınan S-300

Eyni məqsədlə İsrail baş naziri 2013-cü ildə Putin-lə daha iki dəfə görüşdü. Hər dəfə bildirilirdi ki, səfərin məqsədi ya İkinci Dünya Müharibəsinin ildönümü, ya da iki ölkə arasındakı diplomatik münasibətlərin yaradılmasının yubileyidir. Qeyri-rəsmi isə hər dəfə Putin-lə Netanyahu-nun Yaxın Şəqrdəki durumu müzakirə etdikləri deyilirdi.

Təsadüfmü?

İsrail baş nazirinin səfərləri 2015-ci ildən, Rusiya Suriyada hərbi əməliyyatları dəstəklədiyini bəyan etdikdən sonra daha da çoxaldı.

2016-cı ilin aprelində Netanyahu Moskvaya Fələstinin başçısı Mahmoud Abbas-ın səfərindən iki gün sonra gəlmişdi. O zaman bu, sadəcə, təsadüf adlandırılmışdı.

Sonuncu dəfə Benjamin Netanyahu Rusiya paytaxtına 2016-cı ilin iyununda səfər etdi və bu, iki ayda ikinci görüş idi. Putin o zaman həmkarına Moskvaətrafı muzeydə saxlanılan İsrail tankı “Marax”ı (Magach) bağışlamışdı. Başqa hədiyyə isə pərdə arxasında saxlanılmışdı – Rusiya HHQ-nin Suriyadakı hərəkətlərini İsrailin baş qərargahıyla koordinasiya etməyə razılıq vermişdi.

Bu dəfəki səfərsə Netanyahu-nun təkrar baş nazir təyinatından sonra 9-cu gəlişidir. Kremlin rəsmi saytının yazdığına görə, məqsəd Yaxın Şərqdə baş verənlərlə bağlı fikir mübadiləsi aparmaqdır. Yəni son 8 ildəki səfərlərdən daha biri.

Müdafiə və hücum vasitələri: düşmənlərin əlində nələr var

İsrail F-15 qırıcısı təyyarəsi, 19 noyabr 2012
İsrail F-15 qırıcısı təyyarəsi, 19 noyabr 2012

Ötən ilin payızında İsrail aviasiyası bir neçə dəfə Suriyanı bombalayıb. Ölkə rəhbərliyi bəyan edib ki, hərbçilər Holan yüksəkliklərinin artilleriya atəşinə tutulmasına cavab verirlər.

Həmin ilin sentyabrında Suriya hərbçiləri bəyan ediblər ki, İsrailə aid təyyarəni vurublar, ancaq İsrail komandanlığı məlumatı yalanladı. Bir ay sonra “Fox News” Rusiyanın Suriyaya hava hücumundan müdafiə sistemi – S-300-lərin göndərilməsi haqda xəbər verdi. Bu ilin fevralındasa həmin telekanal Rusiyanın Suriyaya 50 “Toçka-U” taktiki raketi çatdırması haqda ABŞ məmurlarına istinadla məlumat yaydı. Rusiya məlumatı yalanlamayıb. Bu raket hədəfi 70 km-dən vuraraq darmadağın edir.

Bu həftə, martın 9-da İranın İslam İnqilabı Keşikçiləri korpusu yeni “Hormuz-2” ballistik raketlərini sınaqdan çıxarıb. Onlar 259 km-dən hədəfi vura bilirlər.

Bu ilin yanvarında İsrail baş naziri ABŞ prezidenti Donald Trump-la da görüşüb, bu zaman İranla bağlı təhlükəni, o cümlədən Tehranın atom proqramını müzakirə ediblər.

“Hələbdən sonrakı dövr”

Yaxın Şərqdə nüfuz sahələrinin bölüşdürülməsi yönündə sövdələşmələrin parametrlərinin müzakirə olunduğunu demək olarmı? “Currenttime.tv” nin bu sualını Yaxın Şərq münaqişələrinin analizi mərkəzinin direktoru Alexander Shumilin cavablandırıb. Onun sözlərinə görə, indi “Hələbdən sonrakı” dövr başlayıb, Suriya meydançasındakı oyunçular nizamlama variantlarının hazırlanmasına girişiblər, “döyüşüb yorulublar, indi də hansısa razılaşma variantları tapılmalıdır”. Həmin söhbətdən bəzi məqamları çatdıraq:

Alexander Shumilin, 4 mart 2014
Alexander Shumilin, 4 mart 2014

İran Rusiyaya Suriyada Bashar Assad-ın tərəfində döyüşməyə kömək edib. İndisə məntiqlə bunun əvəzində hansısa mükafat, məsələn, Suriyada hərbi bazaları istəyir. İsrail bunun əleyhinə çıxacaq. Bu durumda həmin dövlətlər neyləyəcəklər?

Mən sizi bir az da kədərləndirim: İranın istədiyini adi yuxuda belə təsəvvür etmək çətindir. O, Suriya ərazisində qalmaq istəyir və bunu hansısa bazalarla məhdudlaşdırmaq niyyətində deyil. Məqsəd hazırda Bashar Assad-ın nəzarət etdiyi müxtəlif nöqtələrdə hərbi iştirakını təmin etməkdir, mən belə başa düşürəm ki, eyni vaxtda Bashar Assad-ın özünə nəzarət etmək istəyir.

İsrail baş naziri Moskvaya gəlib. Moskva Tehrana təsir göstərə bilərmi? ABŞ Moskvayla İsrail vasitəsilə danışır. Mən baş verənləri düzmü başa düşürəm?

Düzdür, bəli. Ancaq bircə fərq var, ABŞ Moskvayla İsrail vasitəsilə danışmır, çox səliqəli, dolayı davranır, çünki Vaşinqton konkret addımlara hazır deyil, bircə şey istisna olmaqla – İŞİD-lə (İslam Dövləti silahlı qruplaşması) mübarizədə səyləri səfərbər etməyə hazırdır, bu da Suriyada durumu tamamilə dəyişəcək. Netanyahu-nun indi etdiklərini “məyusluq harayı” adlandırardım. Yaxın Şərq şarı ona doğru dığırlanır ki, başlıca regional və ya daha doğrusu, onları belə adlandırmaq düzgün olardı – regional güclər, üstəgəl Rusiya əllərindəki mövqeləri, uğurları qorumaqla Suriyada durumu dondurmağa çalışacaqlar. Bu o deməkdir ki, İsrail Suriyada rejimin dəyişdirilməsi yönündə razılıq əldə olunmayana qədər, formal olaraq Assad-dan çox, İranla qonşuluq etməli olacaq.

İsrail bunu önləmək üçün nə qədər uzağa gedə bilər?

Bunu önləməkdən ötrü, ən yaxşı halda, Kremldə və Kreml divarlarından kənarda danışıqlar aparmalı olacaq. Ən pis halda, Rusiya ilə İsrail arasında sektorların bölünməsindən danışacağıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG