Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:50

‘Yaxşı həkim Azərbaycanda qalmır…’


Azərbaycanın xalq artisti Brilyant Dadaşova ölkə prezidentinə müraciət edibki, bu xalqı çoxsaylı “pinəçi həkimlərin” əlindən xilas eləsin.

Onun Istagram səhifəsində paylaşdığı bu müraciəti dəstəkləyənlər də olub, Azərbaycanda kifayət qədər savadlı həkimlərin olduğunu bildirənlər də.

Hələlik, Brilyant Dadaşovanın müraciətinə bir rəsmi reaksiya məlum deyil. Amma Bakı sakini Filman Həsənovsa ümid edir ki, belə müraciətlərin sayı artsa, xəstəxanalardakı özbaşnalığın qarşısı bəlkə alınar.

2017-ci ildə onun 24 yaşlı oğlunu arı sancıb və oğlu xəstəxanaya gedib. Filman Həsənov iddia edir ki, həkim oğlunun qolundakı şişi əməliyyat etmək istəyərkən, cavan oğlan şoka düşüb və xəstəxanada vəfat edib:

“İynəni vuranda şoka düşüb. Yanında bir dənə ləvazimat olmayıb ki, onu şokdan çıxara bilsin. Arı vurub, onu göndərəydilər toksikologiya şöbəsinə. Yazmadığım, müraciət etmədiyim orqan qalmayıb. Şikayət, ərizələrimin sayı 300-ü keçir. İşi araşdırmırlar”.

Filman Həsənov bu işin ədalətli araşdırılmasını, oğlunun ölümü səhlənkarlıq ucbatından baş veribsə, buna yol verənlərin cəlandırılmasını istəyir.

Onun bu iddiaları ilə bağlı 3 saylı şəhər Kliniki Xəstəxanasının şöbə müdiri Namiq Dəmirçiyev ötən il yerli mediaya deyib ki, xəstə çox ağır durumda qəbul edilib, qolları şişmiş, qanqrena əmələ gəlmişdi. Onun sözlərinə görə, xəstədə yüksək hərarət, tənəffüs çatışmazlığı da olub. Bütün müayinə və müalicələrə baxmayaraq, xəstə çox gec müraciət etdiyindən onu xilas etmək mümkün olmayıb.

Amma Filman Həsənov bu deyilənlərlə razılaşmır. Müstəqil təhqiqatçıların məsələsini araşdırmasını istəyir.

Əhalinin sağlamlığı

Azərbaycanda tez-tez həkim səhlənkarlığı, onların bilik və bacarıqlarının kifayət qədər olmaması haqda iddiaları səslənir.

Amma Səhiyyə Nazirliyi adətən bu iddiaları rədd edir. Həkimlərin bilik və bacarıqlarının daimi yoxlandığını vurğulayır.

Məsələn, nazirliyin 2017-ci ildəki qərarı ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiqlənib.

2018-2022-ci illərdə davamlı tibbi təhsilin tətbiqinin ilk 5 ili keçid dövrü hesab olunur. Bu dövrdə həkimlər təkmilləşdirmə kurslarından keçməli, sertifikatla təmin olunurlar.

Millət vəkilləri isə "Əhalinin sağlamlığının qorunması haqda" qanuna dəyişiklik təklif edirlər ki, Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçirilsin. Hazırda bu məsələ Milli Məclisin gündəliyindədir.

Almaniyanın Ulm Universitetinin tibb sahəsində doktorant olan Rəşad Museyibzadə düşünür ki, həkimlərin bilik və bacarıqlarını artırmaq üçün ölkədə təhsilin keyfiyyəti qaldırılmalıdır. Onun fikrincə, həmçinin həkimlərin həyat şəriati yaxşılaşdırılmalı, bu sahədə korrupsiya aradan qaldırılmadlır. Əks halda, olan yaxşı, bilikli həkimlər də başqa ölkələrə getməyə maraq göstərirlər. Elə onun özü də Almaniyada qalıb, orda işləmək istəyir:

“Çünki Azərbaycanda maaş yaxşı deyil, azad deyilsən, əlinin altında şərait yoxdur. Bura gəlməyim üçün səbəb çoxdur. Əlbəttə ki, öz ölkəmə qayıdıb orda da işləmək istəyərəm. Amma bunun üçün ilk növbədə yaxşı həyat şəraiti, azadlıq lazımdır”.

10 il təhsildən sonra 200 manat maaş

Tibb Universitetinin mütəxəssisi, həkim uroloq Vasif İsmayıl deyir ki, Azərbaycanda kifayət qədər peşəkar həkimlər var. Amma onun sözlərinə görə, özəlliklə, gənc kadrların çoxu Azərbaycanda qalıb işləmir:

“Yaxşı həkim Azərbaycanda qalmaq istəmir. Çünki bizdə həkimin maaşı yoxdur. Öz sahəsinin mütəxəssisi ola bilmək üçün azı 10 il oxumaq lazımdır. Təsəvvür edin yaxşı həkim ola bilmək üçün 10 il təhsil alırsın, bütün varını, pulunu tökürsən təhsilinə və 10 ildən sonra cəmi 200 manat aylıq maaşa işləyirsən. Bax, buna görə də yaxşı həkimlər burda qalmaq istəmir. Təsəvvür edin bizim Urologiya şöbəsində yetişdirdiyimiz rezidentlərdən cəmi biri Azərbaycanda qalıb, qalan hamısı çıxıb, gedib. Görün bir şöbə 6-7 ilə nə qədər kadr yetişdirir, onun ölkə səhiyyəsinə bir qəpiklik xeyri yoxdur. Əslində bizdə yaxşı kadrlar var, amma onların adamı yoxdur, onları bir araya gətirəcək system yoxdur”.

Vasif İsmayıl deyir ki, Azərbaycanda yeni, peşəkar kadrların imkanları çox azdır. Onun sözlərinə görə, elə buna görə də gənc həkimlər işi, xəstələr isə şəfanı xaricdə axtarır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizdən olsa, hansı ölkədə müalicə olunmaq istəyərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Bu günlərdə Azərbaycan prezident İlham Əliyev güc strukturunda çalışanların maaşını 40 faiz artırıb. Bəzi müəllimlərin maaşı artırılsa da, həkimlərin maaşına hər hansı artım edilməyib.

Həkim Vasif İsmayıl ümid edir ki, tibbi sığortanın tətbiqi həkimlərin maaşına da müsbət təsir göstərəcək. Amma Azərbaycan hökuməti ötən il tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunacağını bildirsə də, bu məsələ yubanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG